Baş redaktor parlament seçkilərinə qatılacaq – Açıqlama

6 Dekabr 2019 15:22 (UTC+04:00)

“Cümhuriyət” qəzetinin baş redaktoru, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Rəfail Becanov gələn il fevralın 9-da keçiriləcək erkən parlament seçkilərində iştirak edəcək.

Teleqraf.com-a bu barədə baş redaktorun özü məlumat verib.

Rəfail Becanovun sözlərinə görə, AXCP sədri Razi Nurullayev artıq seçkilərə qatılmaq haqda qərar verib:

“Hesab edirik ki, ölkədə aparılan islahatlar fonunda parlamentin tərkibinin dəyişməsi zəruri hal alıb. Bütün sahələrdə sürətli islahatlar gedir. Hakimiyyətin icraedici qolunda, məhkəmə sistemində bu islahatlar dönməz xarakter alıb. İslahatların hüquqi bazasının davamlılığı üçün hakimiyyətin qanunvericilik sisteminin də yeniləşməyə ehtiyacı vardı. Ölkədə reallaşan islahatlar strategiyasına parlamentin də qoşulması, bu islahatların miqyasını genişləndirəcək. Artıq Prezident sərəncam imzalayıb və fevralın 9-da yeni parlamentin yeni tərkibi seçiləcək. Dövlətini sevən hər kəs fəaliyyətini də bu istiqamətdə qurmalı, yeniləşmədə iştirak etməli və öz töhfəsini verməlidir”.

Rəfail Becanov seçkilərə namizəd qismində qatılacağını açıqlayıb:

“Əlbəttə, seçkilərdə iştirak haqqında düşünürəm. Hər zaman amalımız xalqa, dövlətə, yeniliyə xidmət etmək olub. Hesab edirəm ki, indi dövlətçiliyimiz yolunda əlimizdən nə gəlirsə, harada, hansı sahədə bacarığımz varsa, onu ortaya qoymağın zamanıdır. Bu baxımdan, özüm üçün müəyyənləşdirdiyim kriteriyalardan biri də parlamentdə təmsil olunmaqdır. Əgər namizəd olsam və seçicilər etimad göstərərsə, indiyə qədər olduğu kimi vətənə, dövlətə xidmət edəcək, xalqın xidmətçisi olacağam”.