İcma sədrindən Qarabağa qanunsuz səfərlərə - Etiraz/Foto

6 Dekabr 2019 17:33 (UTC+04:00)

Avropa Parlamentinin bəzi üzvlərinin Ermənistanın işğal altında saxladığı Azərbaycan ərazilərinə qanunsuz səfərlərinə etiraz bildirilib.

Bu barədə Teleqraf.com-a Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından məlumat verilib.

İcma və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin nümayəndə heyətlərinin Brüsseldə keçirdikləri görüşlərdə sözügedən məsələ diqqət mərkəzində saxlanılıb.

Avropa Parlamentinin üzvü, Avronestin sədri Andrius Kubilius, Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası əlaqələr Komitəsinin sədr münavini, parlamentari Rasa Jukneviçiene və CEPS-in rəhbəri Karel Lannoo ilə görüşlərdə bildirilib ki, Avropa Parlamentinin bəzi deputatlarının Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi bu qurumun nüfuzuna ciddi xələl gətirir. Avropa parlamentinin üzvləri qeyd ediblər ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin vasitəçiliyi ilə aparılan danışıqları diqqətlə izləyirlər.

Keçirilən görüşlərdə Azərbaycanın Avropanın enerji bazarında oynadığı önəmli rol xüsusi olaraq qeyd edilib. Bildirilib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın artan nüfuzu, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində hər iki tərəfdən həyata keçirilən tədbirlər ciddi əhəmiyyətə malikdir.