“Bu böhtanlar mənə yapışmaz” - Elman Nəsirov ittihamlara cavab verdi

11 Dekabr 2019 12:17 (UTC+04:00)

Dekabr ayının 10-da “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda keçirilən konfransda səsləndirdiyim bir fikir bəzi populist və qərəzli mövqeli informasiya resursları tərəfindən qəsdən təhrif edilib. Bu yerdə Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illk yubileyi mərasimində gənclərə xitabən səsləndirdiyi fikirlərin nə qədər dürüst, aktual və ibrətamiz olduğunu bir daha xatırlatmaq yerinə düşər: “Azərbaycanda azad, demokratik cəmiyyət formalaşıb, azad media var. Ona görə istənilən yalanı ortalığa atmaq olar. Ondan sonra bu yalan ətrafında müzakirələr təşkil olunur, bu yalan artıq bir real fakt kimi təqdim edilir və gənclərin beyinlərini zəhərləmək istəyirlər. Biz buna imkan verə bilmərik”.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov bildirib.

O, daha sonra deyib:

“Əvvəla, dövlətə və dövlətçiliyə qarşı radikal mövqedə dayanan siyasi qruplaşmaların sifarişi ilə məni ittiham edən bəzi psevdomedia nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, sizdən fərqli olaraq bu konfransda müzakirə olunan məsələlərlə bağlı mənim kifayət qədər elmi-nəzəri və praktiki biliyim var. Həmin məsələlərlə bağlı 3 monoqrafiyanın, 100-ə yaxın elmi məqalənin müəllifiyəm. Bunlar 2003-cü ildə nəşr olunan “ABŞ və dünya 11 sentyabrdan sonra”, 2010-cu ildə nəşr olunan “Amerika Birləşmiş Ştatlarının antiterror doktrinası və onun tətbiqi mexanizmləri” və 2018-ci ildə nəşr olunan “ABŞ və beynəlxalq terrorizm problemi. 2001-2010-cu illər” adlı monoqrafiyalardır. Məqalələrim isə ABŞ, İsrail, Almaniya, Xorvatiya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrdə çap olunub. Bu sahədə doktorluq dissertasiyası müdafiə etmişəm.

Konfransda çıxışımın təhrif olunmuş hissəsi ilə bağlı onu qeyd edim ki, mövqeyim “ABŞ və beynəlxalq terrorizm problemi. 2001-2010-cu illər” mövzusunda tədqiqat əsərimin 51 və 53-cü səhifələrində əks olunmuş elmi yanaşmalardan qaynaqlanır. Həmin mülahizələrin müəllifi isə ABŞ-ın nüfuzlu Harvard Universitetinin professoru Alberto Abadidir”.

E.Nəsirov daha sonra kitabın müvafiq yerindən sitat gətirib:

“Beləliklə, terrorizm fenomeninin “anatomiyası” ilə bağlı yuxarıda apardığımız təhlil və analizləri ümumiləşdirib, onun yaranması və genişlənməsi motivləri ilə bağlı yoxsulluğu, savadsızlığı, psixoloji patologiyaları, ölkədə demokratiyanın səviyyəsini, coğrafi arealı, dinin rolunu və sair kimi amilləri irəli sürmək mümkündür. Terrorizm problemi ilə məşğul olan əksər mütəxəssislər məhz belə mülahizələrə üstünlük verirlər. Obyektivlik naminə onu da qeyd edək ki, bu amillərin terrorizmin yaranmasında rolu məsələlərinə münasibətdə elmi-akademik dairələrdə heç də birmənalı mövqe mövcud deyildir. Başqa sözlə, bir çox nüfuzlu ABŞ terroloqları terrorçuluğa münasibətdə belə yanaşmaların ziddiyyətli və paradoksal məzmun kəsb etdiyini qeyd edirlər”.

Politoloq qeyd edib ki, məsələn, ABŞ-ın nüfuzlu Harvard Universitetinin professoru Alberto Abadinin fikrincə, mütəşəkkil terrorçuluğun yaranmasına əhalinin siyasi azadlıqlarının səviyyəsi xeyli dərəcədə təsir göstərir. Onun qənaətinə görə, terrorizmə heç də “əlaçılar” və “qeyri-kafi alanlar” yox, “kafi” və “yaxşı” alanlar meyilli olurlar. Əhalinin yüksək azadlıq səviyyəsi və ya totalitar rejimlərin mövcud olduğu ölkələrdə terrorçuluğun yaranması imkanları siyasi azadlıqların orta səviyyəsinin qeydə alındığı cəmiyyətlərlə müqayisədə daha məhduddur. Eyni zamanda tarix göstərir ki, avtoritar cəmiyyətlərdən demokratiyaya keçid dövrü və liberallaşma prosesləri terrorçuluğun artması üçün münbit şərait yaradır”.

Milli Məclisin deputatı istifadə etdiyi digər mənbənin “Парадоксы возникновения терроризма. http: //www.washprofile.org” olduğunu deyib:

“Beləliklə, ABŞ ekspertinin gəldiyi nəticəyə görə, demokratik və totalitar cəmiyyətlərdə terrorizm üçün münbüt şərait olmur, keçid dövrünü yaşayan dövlətlərdə isə bunun əksi baş verir. Bu nüfuzlu bir elm mərkəzinin ekspertinin gəldiyi nəticədir və mən də elm adamı olaraq onun fikrini də səsləndirmişəm. Gəlin, elmi polemikaya ilə məşğul olaq. Bu, inkişafa aparır. Şər və böhtan isə bizə yaraşmaz. Həm də bu böhtanlar əqidəli adamlara yapışmaz”.