Çavuşoğlunun bu məsələni gündəmə gətirməsi yaxşı hal deyil – Şərh

11 Dekabr 2019 19:13 (UTC+04:00)

Fransız siyasətçisi və diplomatı, üç müxtəlif rejimdə xarici işlər naziri vəzifəsini tutmuş Şarl Taleyranın məşhur aforizmi var. O deyib ki, dil insana fikirlərini gizlətmək üçün verilib. Bu, xüsusilə diplomatlara aiddir. Diplomatlar ağıllarına, beyinlərinə gələn hər bir fikri dilə gətirməməlidirlər. Bir qədər ehtiyatlı ifadələr işlətməlidirlər. Çavuşoğlunun bu ifadəsini də uğurlu ifadələr sırasına aid etmək mümkün deyil.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.

Politoloq qeyd edib ki, bu açıqlama ortamı gərginləşdirən mövqedir:

“Superdövlətlə – ABŞ-la münasibətləri onsuz da gərgin olan bir dövlətin xarici işlər nazirinin gərginliyi artıran yeni bəyanatlar verməsi heç də yaxşı hal deyil. İkincisi, “İncirlik” hərbi hava bazası NATO-nun bazasıdır. Təkcə ABŞ-a məxsus deyil. “İncirlik” hərbi hava bazasından imtina etmək NATO-dan imtina etməyə gətirib çıxara bilər. Amerika onsuz da regionda “İncirlik” hərbi hava bazasına alternativ bir neçə baza qurub. Bunlardan birini Şimali İraq Kürd Muxtariyyətinin ərazisində yaradıb. İkincisini Suriya ərazisində qurub. Yəni, belə təsəvvür yaranmamalıdır ki, amerikalılar və ya NATO “İncirlik” hərbi hava bazasından o qədər asılıdır ki, o olmasa Yaxın Şərqdə Birləşmiş Ştatların bütün planları iflasa uğrayar. Amerika elə dövlət, NATO elə qurumdur ki, həmişə alternativ “A”, “B” planlarını hazır saxlayır, yaxud onu həyata keçirir. Bu nöqteyi-nəzərdən məncə, “İncirlik” hərbi hava bazası ilə bağlı məsələni gündəmə gətirmək heç də yaxşı hal deyil”.

Qabil Hüseynli əlavə edib ki, üstəlik hələ bundan sonra ABŞ-Türkiyə münasibətlərində yeni dönəmlər başlaya bilər:
“Bu dönəmlərdə ABŞ-Türkiyə münasibətlərindəki hazırda mövcud olan gərginliyi aradan qaldıra bilər. Mən cəsarətlə deyə bilərəm ki, çox da uzaq olmayan bir dövrdə Amerika-Türkiyə münasibətləri yenidən əvvəlki vəziyyətinə qayıdacaq. Uzağı Türkiyə tərəfindən hər hansı pozitiv jestin edilməsi bu münasibətlərə yeni ab-hava gətirə bilər. Ona görə də mən hesab edirəm ki, münasibətlər “İncirlik” hərbi hava bazasının ləğv edilməsinə, yaxud Türkiyənin NATO-da qalıb-qalmaması məsələsinə gətirib çıxarmayacaq və bu münasibətlər indiki gərgin dövründən yavaş-yavaş daha yaxşı dövrlərinə qədəm qoyacaq. Ən azı Donald Trampın hakimiyyətdən getməsindən sonra münasibətlərdə yeni bir mərhələ başlayacaq”.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyadan S-400-lərin alınması ilə əlaqədar ölkəsinə sanksiyalar tətbiq olunacağı təqdirdə, Türkiyə tərəfinin ABŞ hərbçilərinin İncirlik aviabazasından çıxarılması məsələsini qaldıra biləcəyini açıqlayıb. Nazir bildirib ki, Ankarada ən pis ssenarini qiymətləndirəcək və qərar verəcəklər.

Türkiyənin Adana vilayətindəki İncirlik aviabazasından ABŞ Hərbi Hava Qüvvələri istifadə edir.