Rasim Ağayev: “Moskva ilə gündüz danışıqlar aparır, gecə isə qeybətini edirdilər” - Müsahibə

11 Dekabr 2019 20:23 (UTC+04:00)

Politloq Rasim Ağayev Rusiya-ABŞ münasibətlərində müşahidə olunan dəyişikliklərlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.

- Rasim müəllim, ABŞ Prezidenti Donald Tramp Rusiya xarici işlər naziri Lavrovla görüşündə faktiki olaraq Moskvaya xəbərdarlıq edib ki, 2020-ci il prezident seçkilərinə müdaxilə etməsinlər. Əks halda buna sərt reaksiya olacaq. Bu mənada siz ABŞ-Rusiya münasibətlərini necə qiymətləndirirsiniz?
- ABŞ - Rusiya münasibətləri ilə məşğul olan mütəxəssislər 1 il əvvəl deyirdilər ki, nəhayət Rusiya-ABŞ əlaqələri reysə düşdüb. İndi isə belə bir əhval-ruhiyyə yoxdur. Bunun da əsası iyun ayında Osakadakı sammitdə qoyuldu. Burada Putinlə Trampın görüşü oldu. Əslində bu görüşdən çox şey gözlənilirdi, amma ortaya xoşagələn bir nəticə çıxmadı.

Halbuki bu görüşdən əvvəl Helsinkidə Putin-Tramp görüşü olmuşdu və o zaman Lavrov bildirdi ki, bu “super görüşdür”. Amma Osaka görüşünü konstruktiv dialoq kimi qələmə verdilər. Əslində diplomatiyada görüşə yaxşı və ya pis deməmək üçün “konstruktiv görüş olub” ifadəsi işlədilir.

Rusiya-Amerika münasibətləri hər zaman gərgin olub. Bu münasibətlər nə qədər xoş olsa da, tərəflər iradlarını özündə saxlayır və səsləndirirlər.

Məsələn, SSRİ dövründə hamı qəbul edirdi ki, dünyada super güc olaraq ABŞ və SSRİ var. ABŞ çalışırdı ki, SSRİ-nin təsirini dünyada azaltsın. SSRİ-də öz mövqeyində qalır, beynəlxalq təşkilatlarda sözünü deyirdi. Münasibətlər korlanmasa da, ortaq mövqedə olmurdular. SSRİ dağıldıqdan sonra Yeltsin ABŞ-a səfər etdi, oranı gəzəndən sonra Moskvaya xoş əhvalda qayıtdı, özünü elə aparırdı ki, guya super dövlətin başçısıdır və s. Amma Amerika jurnalistləri onu hoydu-hoyduya tutdu, ona yumorla yanaşaraq yazdılar ki, “bu Rusiya, bu da onun lideridir”. Bu səfərdən sonra ortaya çıxdı ki, artıq ABŞ Rusiyanı ikinci böyük dövlət kimi saymır. Düşünür ki, Rusiya nüvə silahı, hərbi imkanları olan dövlətdir. Lakin ABŞ yeganə və tək dünya “derjavası” olub. Əslində indiki münasibətlər də bu prizmadan ölçülür.

Baxın, Osaka görüşündə amerikalı jurnalistlər Trampa sual etdilər ki, ruslar bizim seçkilərimizə müdaxilə edirlər, siz bu məsələni qaldırdınızmı? Trampda bunu zarafata çevirərək Putinə dedi ki, bizim seçkilərimizə müdaxilə etməyin də... Qəribədir ki, Putin buna cavab vermədi. Əslində bu o deməkdir ki, ölkələr arasında hələlik manevrlər gedir və münasibətlər öz səthini tam tapmayıb.

- Amma ABŞ birtərəfli qaydada İNF sazişindən çıxdı. Baxmayaraq ki, ruslar bu sazişin davam etməsini israrla istəyirdilər...
- ABŞ nə istəyir edir. Görün vəziyyət nə yerə gəlib ki, hamının qarşısında Tramp Putinə deyir ki, bizim seçkilərimizə qarışmayın. Rusiya-Amerika münasibətlərini Moskvada araşdıranların belə rəyi var ki, Tramp əvvəldən Moskva ilə münasibətləri yoluna qoymaq istəyir və buna çalışırdı. Ancaq Konqres və ABŞ mediası bunun qarşısını aldı. Belə rəy yaradıldı ki, Tramp ölkəni bəlaya aparır, Rusiyaya yaxınlaşır, baxmayaraq ki, Moskva bizim seçkilərə müdaxilə edir və s. Bu da sonunda “Rusiya izinə” gətirib çıxarıb. İki ildir ki, ABŞ-da bu haqda yazırlar, amma bunun nədən ibarət olduğunu heç kəs bilmir.

- İNF müqaviləsinin sıradan çıxması bu iki dövlətin yenidən silahlanmaya başlayacağını deməyə əsas verirmi?
- ABŞ və Rusiya arasında silahlar və strateji sabitlik üzərində nəzarət kanalı mövcud idi. Bu kanal 1 ildən artıqdır ki, işləmir. Bunun əvəzinə amerikalılar Ukrayna kanalı yaradıblar. Faktiki olaraq Ukraynanı qaldırmaq və Rusiya ilə münasibətləri müəyyən qədər dondurmaqla Vaşinqton demək istəyir ki, əslində biz fərq qoymuruq, elə Ukrayna da Rusiya kimi ölkədir. Diplomatiya dilində bu adama sataşmaqdır. Amma silahlar üzərində nəzarət və digər məsələlərdə Moskva ilə danışıqları əsasən Morrison aparır. Onun dediyinə görə, strateji sabitlik və silahlanma üzərində nəzarət ABŞ siyasətində əsas yer tutur və bu istiqamətdə ABŞ-Rusiya arasında diskusiya aparılacaq. Belə sözlərlə Rusiyanın başının altında yastıq qoyurlar.

O mənadakı hər şey yaxşı olacaq. Praktikaya gələndə arada bir şey yoxdur. Məsələn, Pompeo Lavrovla görüşlər keçirir. Hətta ABŞ-ın sabiq milli təhlükəsizlik şurasının rəhbəri Bolton ötən il Moskvada peyda olanda rus mediası ümidlə yazırdı ki, onun Putinlə görüşü çox əhəmiyyətli olub. Bolton Vaşinqtona qayıtdı və Konqres yenə də öz mövqeyini ifadə etdi və məsələlər yarımçıq qaldı. Fakt odur ki, bu iki ölkə arasında münasibətlər tam oturuşmayıb. Odur ki, münasibətlərdə istilikdən daha çox gərginlik müşahidə edilir. Və görünən budur ki, belə də davam edəcək. Çünki ortada Konqres amili var.

- Parisdə “Normand dördülüyü” formatı çərçivəsində Rusiya-Ukrayna danışıqları aparıldı, Putin və Zelenski arasında görüş keçirildi, tərəflər atəşkəs haqda razılığa gəldilər. Gözləntiləriniz və proqnozunuz nədən ibarətdir?

- Ukrayna Rusiya üçün elə bir məsələdir ki, indiki halda Moskva Ukraynanı heç cür əlindən buraxa bilməz. Çünki Ukraynanın əldən buraxılması Putinin sonu deməkdir. Rusiya üçün Ukrayna böyük əhəmiyyət daşıyır. Məsələn, Gürcüstan çəkildi, Rusiya ilə əlaqələri pozdu, neçə müddətdir anti-Rusiya mövqeyi tutur və bu Moskvanın vecinə deyil. Axı Gürücstan elə böyük əhəmiyyətə malik deyil. Gürcüstan tarixi sınaqlardan keçən ölkədir, daim gürcülərlə rusların yaxşı əlaqələri olub və indinin özündə də bu əlaqələr durur. Bu iki ölkə arasında siyasi əlaqələr nə qədər pisləşsə də, gürcülərlə rusların münasibətləri davam edir. Bu onu göstərir ki, Gürcüstanın siyasətini aparanlar məsələyə səthi yanaşır və düşünürlər ki, onların belə deməyi ilə hər şey düzələcək. Amma xarici işlər naziri və ya prezidentin bəyanat verməsi ilə 100 illik münasibətlər pozulmur. Sən gedirsən, digəri gəlir və ortaq yol tapılır. Üstəlik gürcülər özləri bilirlər ki, Rusiyasız onların ticarəti, sənayesi, mədəniyyəti və s inkişaf etməyəcək.

Ukraynanın vəziyyəti isə başqadır. Ukraynanın əhalisinin 20-25 faizi rusdur. Təxminən bu qədər də ruspərəst var. Bu artıq böyük qüvvədir. Ukraynada hakimiyyətə Moskvanı sevməyən qüvvələr gəlsələr də, aralanmaq siyasətini həyata keçirmək çox çətin olacaq. Rusiyanın başqa bir ölkə ilə belə əlaqələri heç vaxt olmayıb. Ukrayna bu mənada gerçəkdən Rusiya üçün yaxın və qardaş respublikadır. Fikrimcə, proseslər onu göstərir ki, Rusiya keçmiş SSRİ məkanı ilə bağlı siyasətində müəyyən pozitiv dəyişikliklər gətirir. Anlayır ki, Azərbaycan Azərbaycandır, Rusiya isə Rusiyadır. Amma münasibətlər var, olmalıdır. Hərçənd ki, Azərbaycan siyasi elitası 1992-ci ildə Moskvada danışıqlar aparıb, axşam isə hoteldə əyləşib söhbət edəndə Moskvanın arxasınca qeybət ediblər. Hətta biri qayıdıb ki, bizi dinləyərlər. O biriləri də qayıdıb ki, dinləsinlər, bizim öz yolumuz var və s. Əslində isə Rusiya nə qədər zəifləsə də, öz imkanlarını saxlayır və bunu anlamaq lazımdır. ABŞ və Avropanın özü belə Rusiya ilə əlaqələri saxlamağa çalışır.

Nəhayət, Ukrayna problemi həll olunacaq, amma bu zaman istəyən məsələdir və bir günün işi deyil. Ukraynada ruspərəst qüvvələr kimi qərbpərəstlər də var. İndiki beynəlxalq münasibətlər çərçivəsində bu normal haldır. Amma bədbəxtlik ondadır ki, Ukraynada anti-rus, anti-Moskva meylli qüvvələr var və onlar münasibətləri korlayır.

Hazırda Ukraynada yeni prezident hakimiyyətə gəlib və onun Rusiya siyasəti tam formalaşmayb. Problemin həllində eyni zamanda qərbin mövqeyi də nəzərə alınmalıdır. Hazırda Rusiya-Ukrayna münasibətləri müzakirələr səviyyəsindədir. Məncə, Moskva bunun yolunu taparaq problemin həlli istiqamətdə irəliləyir. Həm də Ukraynada anti-rus qüvvələri sıxışdırmaqla məsələ düzəlmir. Moskvada da anti-Ukrayna qüvvələri var və bu reallıqdır. Yəni bunlar o qədər də sadə məsələlər deyil. Hər halda son görüş, əldə edilən müəyyən razılaşmalar irəliyə doğru addımdır.

- Biz həm də Rusiya və Belarusun bir ittifaqda birləşməsi haqda aparılan müzakirələri müşahidə edirik. Sizcə, bu iki ölkənin bir dövlətin çətiri altında birləşmək ehtimalı varmı?
- İstər Qərbin, istərsə də Moskvada olan demokratlar xoşuna gəlsin-gəlməsin, reallıq budur ki, Belarus ilə Rusiyanı bir-birinə tarixi əlaqələr bağlayır. Bunu necə korlamaq olar? Gec və ya tez razılıq əldə olunacaq. Minskdə də, Moskvada da razılıq var, amma müxtəlif səbəblərə görə, məsələn, Qərbi qorxutmamaq, ABŞ-ı qıcıqlandırmamaq, digər respublikaları narahatlıq yaratmamaq üçün bu məsələni saxlayırlar. Gələcək 5-10 ildə münasibətlər bu istiqamətdə cəryan edərsə, bu birləşmə baş verəcək. Belarusla Rusiyanın münasibətləri heç vaxt pozulmayıb, ən pis halda siyasətçilərin münasibətləri pozulub.

- Bu iki dövlətin cəhdlərini SSRİ-nin bərpası üçün atılan ilk addım sayamaq olarmı?
- Yox. Necə birləşirlərsə, brləşsinlər, əslində bu münasibətləri belarus və rus xalqlarının yaxınlaşması təmin edəcək. SSRİ başqa bir şeydir.

- Amma bu iki ölkənin bir dövlətdə birləşməsindən sonra gələcəkdə Ermənistanın, Özbəkistanın və ya digər ölkənin bu platformaya can atmasını istisna etmir...
- Qazaxıstanda başqa mühitdir, başqa xalqdır. Özbəkistanda siyasətçilərinin bir gözü Əfqanıstanda, digər gözü Rusiyadadır. Onlar daha çox özlərini qorumaqla məşğuldur. Digər ölkələrin Belarus-Rusiya yaxınlaşması prosesinə qatılması hələlik üfüqdə belə görünmür.