Yüz il öncəki deputat şüarı

24 Yanvar 2020 23:56 (UTC+04:00)

Soyuq hava şəraitinə baxmayaraq millət vəkilliyinə namizədlər əhali ilə görüşlər keçirir, vədlər verir, inandırmağa çalışırlar.

Sosial şəbəkələr vasitəsilə əksər namizədlərin fəaliyyətini izlədiyimiz üçün tədricən qaliblərin kimlər olacağını müəyyənləşdirmək mümkündür.

Seçki yarışında namizədlərin şüarları da önəmlidir. Təəssüf ki, bu seçkidə ötən illərdəki namizədlərin şüarlarından seçilən fərqli fikrə rast gəlmədik.

Daha çox “dəyişək”, “dəyişdirək” ifadələri üzərindən kampaniyalar aparılır.

Yüz il öncə də Azərbaycan xalqı parlamentə sahib idi, millət vəkilləri onun maraqları uğrunda fəaliyyət göstərirdi.
Seçki müddətində həmin parlamentin fəaliyyətinə qısaca nəzər salaq.

1918-ci il noyabrın 19-da Azərbaycan Milli Şurası ali hakimiyyət orqanı kimi Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanını (Parlamentini) yaratmaq haqqında qanun qəbul etdi.

Dekabrın 7-də Parlamentin açılışı oldu. Azərbaycan müsəlman Şərqində ilk parlamentli cümhuriyyət oldu.
İlk iclasda Müsavat fraksiyasının təklifi ilə Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, həkim Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. Topçubaşov bu vaxt İstanbulda olduğu üçün Məclisi-Məbusana 13 ay müddətində Həsən bəy Ağayev sədrlik etdi.

Parlamentin yaradılması haqqında qanunda Məclisin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdu.

1919-cu ilin sonlarına yaxın Parlamentdə 11 müxtəlif partiya fraksiyası və qrupunu cəmi 96 deputat təmsil edirdi. Onların qüvvələr nisbəti aşağıdakı kimi idi: Müsavat və bitərəflər fraksiyası – 38 nəfər, İttihad – 13 nəfər, Əhrar – 6 nəfər, Sosialistlər bloku – 13 nəfər, partiyasızlar – 4 nəfər, müstəqillər – 3 nəfər, Rus-Slavyan Cəmiyyəti fraksiyası – 5 nəfər, erməni fraksiyası – 5 nəfər, Daşnaksutyun fraksiyası – 6 nəfər, azlıqda qalan millətlər fraksiyası – 4 nəfər.

Qanunda Azərbaycan əhalisinin ümumi sayına uyğun olaraq erməni nümayəndələrinə 21, rus nümayəndələrinə isə 10 yer ayrılmasına baxmayaraq Parlamentin işinə ruslar 1919-cu il yanvarın 31-dən, ermənilər isə fevralından qatılmışdılar.

Parlament bütün ölkə əhalisinin mənafeyinin təmsil edilməsinə çalışıb və buna nail olub.

Fəaliyyəti dövründə Məclisi-Məbusanın 145 iclası keçirilib. Yetərsay olmayan 15 iclas baş tutmayıb. 17 aylıq ömründə Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarılıb ki, onlardan da 230-a yaxını qəbul edilib.

Qəbul edilmişlər arasında vətəndaşlıq, ümumi hərbi mükəlləfiyyət, mətbuat, Milli Bankın yaradılması, Bakı Dövlət Universitetinin yaradılması, gömrük və poçt-teleqraf xidmətinin təkmilləşdirilməsi, məhkəmə qanunvericiliyi və b. haqqında qanunları göstərmək olar.

Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: maliyyə-büdcə, qanunvericilik təklifləri, Məclisi-Müəssisana (Müəssislər Məclisinə) seçkilər keçirmək üzrə mərkəzi komissiya, mandat, hərbi, aqrar məsələlər, sorğular üzrə, təsərrüfat-sərəncamverici, ölkənin istehsal qüvvələrindən istifadə üzərində nəzarət, redaksiya, fəhlə məsələləri və b. üzrə komissiyalar.

Bəs yüz il öncə indiki kimi şüarlar səslənibmi?
Cümhuriyyət dövründə söylənilən iki fikir 70 il müddətində bolşeviklərlə mübarizədə əsas şüar olub: “İnsanlara hürriyyət, millətlərə istiqlal”, “Bir kərə yüksələn bayraq, bir daha enməz”!
Bu şüarlar Azərbaycan Cümhuriyyətinin qurucusu və parlamentin üzvü Məhəmmədəmin Rəsulzadəyə aiddir.