Əsəd hücuma keçdi, Türkiyə İdlibə ordu göndərdi – Şok gəlişmə

14 Fevral 2020 17:17 (UTC+04:00)

Suriya ordusu Türkiyə sərhədindəki Bab əl-Hava keçid məntəqəsindən on kilometrdən az məsafədə yerləşən magistral yola nəzarəti ələ keçirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyada nəşr olunan “ƏL-Vətən” qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Əsəd qüvvələri Hələb şəhərinin qərbindəki 46-cı alayın qərargahını silahlı müxaliflərdən azad edib. Bununla da Suriya Azadlıq Ordusu köhnə Hələb-İdlib magistral yolunun kəsişməsi və Türkiyə ilə sərhəddəki Bab əl-Hava keçid məntəqəsinə aparan avtomobil yolu üzərində nəzarətdən məhrum olunub.

“Ordu Atarib şəhərindən üç kilometr və Bab əl-Hava keçid məntəqəsindən yeddi kilometr məsafədə yerləşir - bunlar İdlibdə silahlı müxaliflərin nəzarətindəki bölgələrin arterial damarları sayılır”, - nəşr yazıb.

Mənbə bundan başqa, Türkiyə tərəfindən dəstəklənən ASO-nun paytaxt Dəməşqə hücumunun qarşısının alındığını da iddia edib.

Bundan əvvəl Əsəd ordusu Maaret ən-Numan şəhəri yaxınlığındakı kiçik bir ərazi istisna olmaqla, bütün Dəməşq-Hələb (M5) magistral yoluna nəzarət postları qurmuşdu. Fevralın 9-da Əsəd ordusu Hələb və İdlib əyalətlərində 600 kvadrat kilometrdən çox ərazini hərbi əməliyyatlar zamanı ASO-dan azad etdiyini elan etmişdi.

Türkiyədə nəşr olunan “Sabah” qəzeti isə Türkiyə Müdafiə Nazirliyinin sərhəd qoşunlarını gücləndirmək üçün İdlib yaxınlığına 400 xüsusi təyinatlı dəstənin göndərildiyini bildirib. Son bir həftədə Türkiyə fəal şəkildə İdlibə sərhədə canlı qüvvə və hərbi texnika yığmağa başlayıb.