Əliyev Paşinyanın diletant olduğunu sübut etdi – Şərh

17 Fevral 2020 12:30 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü fonunda hərbçimizin şəhid edilməsi erməni tərəfinin əvvəlcədən planlaşdırdığı bir aktı idi. Bu, Əliyev-Paşinyan danışıqlarının pozulmasına hesablanmış bir təxribatdır”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin fikrinə, Ermənistan ordusunda “Qarabağ klanı”nın kifayət qədər tərəfdarı var, onlar zaman-zaman danışıqlar formatını pozmaq üçün bu kimi təxribatlara əl atır:

“Əlbəttə, danışıqların pozulmasına yönəlik bu kimi addımlar başqa bir xarici ölkənin sifarişi də ola bilər. Şübhəsiz danışıqların pozulması Paşinyanın da marağındadır. Buna görə də danışıqların mahiyyətini dəyişdirməyə cəhd edən Paşinyan tarixə ekskursiya edərək, daxili auditoriyaya hesablanan fikirlər səsləndirməyə çalışdı. Amma Prezident İlham Əliyev ən yüksək səviyyədə Paşinyana öz yerini göstərdi. Erməni liderinin nə qədər diletant olduğunu sübut etdi.

Paşinyana danışıqlarda manipulyasiya etməsinə imkan vermək lazım deyil. Necə ki, dövlət başçısı İlham Əliyev bunu imkan vermədi. Bütün yalan arqumentlərini ifşa etdi. Erməni cəmiyyəti öz liderinin nə qədər populist olduğunun şahidi oldu”.

Ekspert qeyd edib ki, danışıqların indiki formatı etimad mühitinə xidmət etmir və həll prosesini zərbə altında saxlayır: “Ermənistan bunda maraqlıdır. İlk növbədə danışıqların mahiyyəti substantiv olmalı, ərazilərin boşladılmasına xidmət etməlidir. Bu da nəticə vermirsə, işğalçı ölkə mövqeyindən geri çəkilmirsə, Azərbaycan ordusunun irəliləməsinə kimsə mane ola bilməyəcək”.