Dünyaca məşhur rokçu: Atasının azərbaycanlı olduğunu bilirdinizmi?

1 Aprel 2020 11:18 (UTC+04:00)

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” adlı rubrikasında dünyaca məşhur olan, amma azərbaycanlı olduğunu çox az adamın bildiyi, çoxumuzun isə heç bilmədiyi şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internet vasitəsilə məlumat əldə etdiyimiz şəxs türk rokunun “tanrılarından” biri hesab olunur. Cem Karacadan danışırıq.

Atası Azərbaycan əsilli Mehmet Karaca, anası erməni əsilli Toto Karaca olan Cem Karaca həm türk, həm də dünya rok musiqisinin ən məşhur simalarından biridir.

Valideynləri bir vaxtlar türk teatrının ən sevilənlərindən olub. Yəni Cem Karaca bir sənətçi ailəsində doğulub. Sənətin olduğu bir mühitdə böyüyən Cem doğuluşdan istedadlı idi. Lakin buna baxmayaraq, türk rokunun gələcək “tanrısı” musiqiçi olmaq fikrindən uzaqdı. Anası musiqiçi, atası diplomat, özü isə mühəndis olmağını istəyirdi.

Lisey illərində yalnız qadınlara xoş gəlmək üçün oxuyan Cem Karaca zamanla istedadlı bir musiqiçi kimi parladığının da fərqində deyildi. O illərdə Elvis Preslinin ən böyük pərəstişkarlarından biri olan Karaca rokn-rola da maraq göstərməyə başlamışdı. İlk dəfə dostlarının təkidi ilə səhnəyə çıxanda 17 yaşı vardı. Artıq bundan sonra özü də peşəkar kimi yola davam etmək istəyirdi.

İlk səhnə illərində əcnəbi dillərdə rokn-roll oxusa da, 1965-ci ildən sonra türk dilində, yerli musiqinin ab-havasına uyğun öz üslubunu seçdi. 1967-ci ildə yolu İstanbulda “Apaşlar” qrupu ilə kəsişdi. Beləliklə su çatlağı taparaq öz axarına düşmüşdü. Cem Karaca qrupu Türkiyənin ən yaxşılarından birinə çevirdi. 1968-ci ildə albom üçün Almaniyaya gedən qrup Türkiyəyə qayıdanda “Resimdeki gözyaşları” adlı bəstəsi ilə diqqət mərkəzinə düşdü.

Apaşlar qrupu 1970-ci ildə “Bu son olsun” və “Felek beni” disklərini təqdim etdikdən sonra dağıldı. Bundan sonra Cem Karaca “Apaşlar”ın baş gitaristi Seyhan Karabayla “Kardaşlar” qrupunu qurdu. Elə həmin ilk “Dadaloğlu/ Kalender” diskini dinləyicilərə təqdim etdi.

Cem Karaca 1972-ci ildən etibarən Anadolu rokunun ən güclü təmsilçilərindən biri olan “Moğollar” qrupu ilə iki il işlədi. Bu iki il ərzində dillər əzbəri olan “Namus belası” adlı bəstəyə öz imzasını atdı.

Qruplar tez-tez dəyişirdi, amma Cem Karacanın çıxdığı o uzun sənət yolu davam edirdi. Bu yolun 1974-cü ildə keçdiyi “Tamirci çırağı” ilə səs-küy yaradan Cem Karaca 1978-ci ildə üzvü olduğu “Dervişan”la da yollarını ayırdı. Bu dövrdə özünün “Edirdahan” adlı qrupunu quran Cem Karaca sadə xalqın içində olan və buna görə ən çox sevilən bir musiqiçi idi.

Konsert üçün Almaniyada olduğu vaxt – 1980-ci ildə Türkiyədə Kənan Evrənin başçılığı ilə hakimiyyət çevrilişi oldu. Çevrilişdən iki il əvvəl, yəni 1978-ci ildə təqdim etdiyi “1 Mayıs” diskində kommunizmi təbliğ etmək ittihamı ilə Türkiyədə axtarılanlar siyahısına daxil edilmişdi. Səkkiz il Almaniyada mühacirət həyatı yaşayan Cem Karaca uzun illərdən sonra yenidən vətəninə qayıda bildi.

1999-cu ildə “Bindik bir alamete” adlı albomunu yayımladı. Bu albomda etirazlara səbəb olan bir mahnı da yer aldı. “Allah yar” adlı mahnı Cem Karaca barəsində ateist olduğu ittihamlarının yayılmasına yol açdı. Cem Karaca isə barəsində səsləndirilən fikirlərə səssiz idi, özünü tamamilə səhnə həyatına həsr etmişdi. O qədər ki, ölümündən on gün əvvəl də səhnədə idi.

Əlbəttə ətrafında, öz həyatında baş verənlər və barəsində səsləndirilən fikirləri onu daxildən yorurdu. O illərdə, yəni ölümünə yaxın tez-tez “Allah canımı ya səhnədə alsın, ya da kral yatağımda” deyirdi.

Böyük sənətkar 2004-cü il fevralın 8-də tənəffüs və ürək çatışmazlığı səbəbindən xəstəxanaya aparıldı. Həkimlərin çağırışına müsbət cavab vermədi.