Vəziyyət çox ciddidir, xəstəxanada yer tapılmayacaq, bütün bölgələrdə... - TƏBİB

2 Aprel 2020 12:24 (UTC+04:00)

"Vəziyyət çox ciddidir. İnsanlar hələ də başa düşmək istəmirlər. Zərurət olmadıqca evdən çıxmayın".

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bugünkü brifinqdə deyib:

"Xəstəxanalarda yer qalmayacaq. Bu, bütün ölkələrdə belədir. Biz bu qadağaları vəziyyət pisləşmədən qoymaq məcburiyyətindəyik. Müalicə prosesini hər gün araşdırırıq. Xəstələr xəstəxanaya tədricən gəldikdə müalicə prosesi aparmaq olur".

O bildirib ki, hər kəs maskadan istifadə etməlidir: "Bütün bölgələrdə yoluxma qeydə alınıb. Maskalardan istifadə mütləqdir".

Yaqut Qarayevanın sözlərinə görə, hazırda Azərbaycanda istifadə olunan testlər Almaniya istehsalıdır: "Bunlar zaman və maliyyə tələb edir. Bu günə qədər 30 minə yaxın test edilib və proses davam edir. Bu məsələlər üzərində iş davam edir. Dövlət bu prosesi pulsuz şəkildə həyata keçirməyə çalışır.

Biz pandemiya vəziyyətində yaşayırıq. Biz bunları planlamamışdıq. Vəziyyəti dərk etməsək, öhdəsindən gələ bilməyəcəyik.

Karantin istirahət demək deyil. Bu bizim məcburi vəziyyətdən çıxmağa çalışdığımız yoldur".