“Gündəlik Teleqraf”ın əməkdaşı qalib oldu - FOTOLAR

2 May 2014 15:34 (UTC+04:00)

Bu gün Azərbaycan Mətbuat Şurasının (MŞ) və “Azərsun Holdinq”in birgə təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında "Zeytun Bağları" Azərbaycan zeytununun şöhrəti" mövzusunda yazı müsabiqəsinin nəticələri açıqlanıb.

Teleqraf.com xəbər ki, bununla bağlı şurada keçirilən mərasimdə MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri və jurnalistlər iştirak ediblər.

Azərbaycan Mətbuat Şurasının sədri “Azərsun Holding”in Azərbaycan jurnalistikasının inkişafına, peşəkarlığın artırılmasına həmişə öz töhfəsini verdiyini bildirib. Şura sədri bundan dolayı şirkət rəhbərliyinə təşəkkürünü bildirib. Ə.Amaşov müsabiqəyə ümumilikdə 58 yazı təqdim olunduğunu deyib.
“Azərsun Holding”in İdarə Heyətinin üzvü Ruslan Əliyev müsabiqədə iştirak etmiş jurnalistlərə təşəkkürünü bildirib. O Abşeron zeytununun tarixi şöhrətindən söz açaraq qeyd edib ki, “Zeytun Bağları” markasının xaricdə tanıdılması şirkətin qarşıya qoyduğu məqsədlərdən biridir.

“Azərsun Holdinq"in ictimaiyyətlə əlaqələr və biznesin inkişafına dəstək departamentinin rəisi Afiq Səfərov yazıların qiymətləndirilməsi prosesi barədə danışıb. O bildirib ki, yazılar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi İsgəndər Əliyev, “EkoStil-Azərbaycan” təşkilatının rəhbəri, ekoloq Elman Yusifov, professor Əhməd Cabir Əhmədov və Mətbuat Şurasının nümayəndəsi tərəfindən qiymətləndirilib. A.Səfərov müsabiqəyə təqdim olunan yazıların hamısının mükafata layiq olduğunu vurğulayıb: “Müsabiqəyə xeyli sayda yazının təqdim olunması bizə olan etimaddan xəbər verir. Biz də həm öz vicdanımız, həm də Allah qarşısında çalışdıq ki, çox obyektiv bir dəyərləndirmə olsun”.

Daha sonra mükafatlar sahiblərinə təqdim edilib. Əvvəlcədən elan olunmuş şərtlərə görə 10 nəfərə həvəsləndirici mükafat təqdim edilib. Üç nəfər üçüncü, iki nəfər ikinci, bir nəfər isə birinci yerə layiq görülüb. “Gündəlik Teleqraf”ın əməkdaşı Səxavət Həmidin müəllifi olduğu “Zeytun, səndə nələr varmış...” başlıqlı, ““Qurani-Kərim”də 8 dəfə adı çəkilən bitki Azərbaycanda ikinci həyata necə gəldi?” yarımbaşlıqlı yazı üçüncü yerə layiq görülüb.

Çıxış edənlərdən “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, “Xalq Cəhbəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli müsabiqənin əhəmiyyətindən, iri iqtisadi göstəricilərə malik şirkətlərin media ilə əlaqələrinin sıx olmasının vacibliyindən bəhs ediblər.

Teleqraf.com