Ermənistana qarşı xüsusi sanksiyalar tətbiq edilməlidir - Aynur Sofiyeva

17 İyul 2020 18:30 (UTC+04:00)

Ailə, Qadın və Uşaq Problemlərii üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Teleqraf.com-un suallarını cavablandırıb. Onunla müsahibəni tədqim edirik:

- Aynur xanım, işğalçı Ermənistan sərhəddə törətdiyi provakasiyalarda daha çox yaşayış məntəqələrini, mülki əhalini hədəf alır. Düşmənin bu niyyətinin arxasında hansı məqsəd dayanır?

- Təəssüflər olsun ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. İyulun 12-dən 14-dək Tovuzun Ağdam kəndinin yaşayış məntəqələri Ermənistanın silahlı qüvvələri tərəfindən davamlı olaraq artilleriya atəşinə məruz qalıb. Ermənistan tərəfindən Azərbaycan Respublikasının vətəndaşlarına, xüsusilə də ahıllara, uşaqlara və qadınlara qarşı beynəlxalq humanitar, beynəlxalq hüququn norma və prinsiplərinin pozulması nəticəsində Tovuzun Ağdam kənd sakini, 76 yaşlı Əziz Əzizov yaralanaraq vəfat edib. Həmin artilleriya atəşləri nəticəsində yüzdən çox kənd sakinləri yaşayış yerlərini itirib, əmlaklarına və təsərrüfatına küllü miqdarda ziyan vurulub. Xüsusilə, Tovuz rayonunun Dondar Quşçu, Yuxarı Öysüzlü, Əlibəyli və Ağdam kəndlərinin yaşayış məntəqələrində olan evlər dağıdılaraq, təsərrüfatlarına zərər yetirilib. Sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla mülki əhalinin, o cümlədən qadın və uşaqların həyatına təhlükə törədilməsi, onların təhlükəsiz yaşamaq, mülkiyyət və digər hüquqlarının pozulması qanuna və beynəxalq hüquqa ziddir.

- Bu gün dinc əhalini hədəf alan erməni terrorunun mahiyyətini necə izah etmək olar?

- Bundan əvvəl də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisində yaşayan ailələrə, qadınlara və uşaqlara qarşı xüsusi hazırlanmış təxribatlar və terror aktları həyata keçirilib. Ermənistan tərəfindən Azərbaycanın mülki əhalisinə qarşı yönələn təxribatçı əməllər və təzavüzkarlıq siyasəti nəticəsində 200-dən çox uşaq həyatını itirib, yüzlərlə uşaq sağlamlığından məhrum olub, valideynsiz qalıb, 300 mindən çox uşaq qaçqın və məcburi köçkün şəraitində yaşamağa məhkum olunub. Elə 2017-ci ildə Füzuli rayonunun Alxanlı kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın qətlə yetirilməsi erməni terrorunun mülki əhaliyə, xüsusən də uşaqlara qarşı yönəlməsinin növbəti göstəricisidir. Buna oxşar faktlar Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə təkrar olunub. Snayperlərin uşaqları və qadınları tuşlanması, çay axarı ilə buraxılan içində trotil bomba yerləşdirilən oyuncaqlar və digər üsullar erməni terror qüvvələri tərəfindən istifadə edilir.

- Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən insanlığa qarşı bu cinayət əməlləri hansı məqsədə xidmət edir?

- Bu gün Ermənistan böhranlı vəziyyət cərəyan edən ən yoxsul ölkələrin siyahısında ilkin yerləri tutur, öz əhalisinə qarşı təcavüz, rüşvət, zorakılıq siyasətini tətbiq edir. Ermənistanın terror hökuməti iqtisadi cəhətdən ağır vəziyyət barədə cəmiyyətin diqqətini yayındırmaq üçün belə təxribatlara yol verir. Bakı-Tiflis-Ceyhan neft və yeni qaz boru kəmərləri, əsas iqtisadi və mülki yol xəttləri Tovuz rayonu vasitəsilə Azərbaycan və Gürcüstanı birləşdirir. Ermənistanın silahlı qüvvələri Azərbaycanın iqtisadi inkişafından qorxub silahlı zərbələrlə təsir etməyə çalışır. Ermənistanın terror hökumətinin siyasəti və məqsədi müharibədir. Bu isə öz növbəsində beynəlxalq münasibətlərdə Ermənistan terror hökuməti üçün yer olmadığını təsdiq edir.

- Erməni aqressiyasına qarşı beynəxlaq birliyin münasibətini necə xarakterizə edirsiniz?

- Artıq 30 ildən çoxdur ki, Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın sərhədyanı ərazilərində ailələrin məcburi köçürülməsi, uşaqların və qadınların qorxuda yaşaması, ailə təsərrüfatlarının dağıdılmasına, psixoloji və sosial problemlərin artmasına səbəb olur. Bu siyasətə görə Ermənistan rəsmiləri cavab verməlidir. Bu faktlar Ermənistanın sülhə qarşı olduğunu, beynəlxalq hüquq prinsiplərinin pozduğunu təsdiq edir. Ancaq beynəlxalq təşkilatların buna reaksiyasını biz görmürük. Xüsusilə də, Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və Avropa İttifaqının bu məsələ ilə bağlı qərarları icra olunmalı, işğalçı dövlətin hərəkətləri qınanmalıdır və xüsusi sanksiyalar tətbiq edilməlidir.

- Hazırda ölkəmizdə xalq-dövlət həmrəylini, insanların əhvali-ruhiyyəsini necə qiymətləndirisiniz?

- Son yaşanan hadisələr zamanı da biz bu amansız davranışların bir daha şahidi olduq, əsgər və hərbi qulluqçularımızla bərabər mülki əhalinin də zərər görməsi, oğullarımızın şəhid olması kiçikdən böyüyə hər birimizi dərindən sarsıtdı. Vətən uğrunda canlarından keçən şəhidlərimizin ailə üzvləri, övladları və yaxınları ilə yanaşı, bütün Azərbaycan xalqı sarsıldı. Baş verənlər hər bir Azərbaycan ailəsinin, xüsusən dqadınların, uşaqların psixoloji durumunun daha da gərginləşməsinə, stress vəziyyətinə düşməsinə səbəb oldu. Lakin bütün bunlarla yanaşı, biz Azərbaycan Ordusunun gücünü, mərdliyini, xalq-dövlət birliyini gördük, bu birliyinin nələrə qadir olduğuna bir daha əmin olduq, fəxarət hissi keçirdik. Bir məqamı xatırlatmaq istəyirəm ki, uşaq yaşlarımdan şahmat oyunlarında iştirak edəndə bəzi həmyaşıdlarımın kənardan gələn gizli dəstək sayəsində qalib gələcəklərinə inamını görüb onların üzündəki sevinci izləyirdim. Amma o uşaqlar dərk etmirdilər ki, şah vermək hələ mat eləmək deyil. Bunun üçün bacarıq, yüksək intellekt, qabiliyyət, uzaqgörənlik, güc, cəsarət tələb olunur. Biz hər birimiz inanırıq ki, güclü lider, dövlət və xalq birliyi torpaqlarımızı işğaldan azad edəcək, mütləq böyük qələbəni qazandıracaq.