Azərbaycan bayrağı qaldıran qıza qarşı... – Qandonduran əməl

17 İyul 2020 23:33 (UTC+04:00)

Dünən Təbriz şəhərində Azərbaycan konsulluğu qarşısında keçirilən Azərbaycana dəstək aksiyasında az yaşlı qız İran hərbçiləri tərəfindən döyülüb.

Teleqraf.com-un məlumatına görə, azyaşlı qızın Azərbaycan bayrağı qaldırdığı üçün döyüldüyü bildirilib.

Güneydən olan milli fəallar azşaylı qızın saxlanıldıqdan sonra fiziki zorakılığa məruz qaldığını bildiriblər.

İran təhlükəsizlik orqanlarının ciddi təzyiqlərinə baxmayaraq, iyulun 16-da güney azərbaycanlılar Azərbaycan Respublikası və ordusuna dəstək aksiyası keçirib. Təbrizdə dəstək aksiyası Azərbaycan Respublikasının konsulluğu qarşısında həyata keçirilib. Aksiyaçılar “Qarabağ bizimdir, bizim qalacaq” şüarı səsləndirərək öz soydaşlarına dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər. Məlumata görə, Azərbaycanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda 10-dan çox milli fəal saxlanılıb.

Təbrizdə Azərbaycan konsulluğu qarşısında keçirilən yürüş zamanı saxlanılanlardan hələlik Rəhim Sasaniyan, Həkimə Əhmədi (keçmiş siyasi məhbus), Sədulla Sasaniyan və Yasəmin Zəfərinin adları bəlli olub. Tehranda isə Ermənistan səfirliyinin qarşısındakı aksiyada milli fəal Həmid Cabbarlının saxlandığı bildirilib.

Urmiyadan olan milli-mədəni fəal Salar Tahir Əfşar da İranın təhlükəsizlik xidmətinə çağırıldıqdan sonra həbs edilib. Azərbaycanlı fəalların hazırda harada saxlandığı bəlli deyil.