Çikaqoda iğtişaşlar: 18 polis əməkdaşı yaralandı

18 İyul 2020 20:13 (UTC+04:00)

ABŞ-ın Çikaqo şəhərində dəniz səyyahı Xristofor Kolumbun abidəsi yaxınlığında baş verən iğtişaşlar zamanı 18 polis əməkdaşı yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə polisə istinadla “Fox 32” telekanalı məlumat yayıb.

Məlumata görə, yüzlərlə etirazçı Kolumbun heykəlini mühasirəyə alaraq onu aşırmağa çalışıb, ancaq polis buna mane olub.

Toqquşma zamanı iğtişaşçılar polisə müxtəlif əşyalar atıblar. Nəticədə 18 polis əməkdaşı yaralanıb, bəziləri xəstəxanaya yerləşdirilib.

Polis 12 qayda pozucusunun həbs olunduğunu bildirib.

İyulun əvvəlində Amerikanın Baltimor şəhərində etirazçılar Kolumbun abidəsini postamentdən aşıraraq körfəzə atıblar.