“Bakıdan kənarda radiolarımız tutmur, müdaxilə var...” - Vacib müsahibə

26 İyul 2020 01:34 (UTC+04:00)

Teleqraf.com media eksperti, hüquqşünas Ələsgər Məmmədli ilə müsahibəni təqdim edir.

- Ələsgər müəllim, Azərbaycan radio məkanında İran FM dalğalarının yayımlanması adi hal alıb. Xüsusən paytaxt Bakıdan 70-80 kilometr aralı ərazilərdə bu cür hallar mütəmadi baş verir. Bunu İranın Azərbaycana müdaxiləsi hesab etmək olar?

- Bu, tək İranla bağlı məsələ deyil. Hazırda Ağdam rayonunun Quzanlı kəndindəyəm, Azərbaycan radiolarını normal dinləyə bilmirəm. Məsələn, 105 FM-də əsasən erməni kanalı yayımlanır, digər televiziyalara məxsus radio kanallarında da Ermənistan və ya Dağlıq Qarabağ üzərindən yayımlar verilir. Demək olar ki, burada Azərbaycanın heç bir FM dalğasını sabit tutmaq olmur.

Bu dəqiqə Azərbaycan FM kanallarının hamısı xarici dillərdə yayımlar verir. Şimala doğru gedəndə İctimai Radionun kanalı bəzən tutur, bəzən yox. Burada problem tək İran və Ermənistanla yekunlaşmır. Bizim şimal sərhədimizdə Rusiya radioları ilə bağlı problemlər var. Çox az şəkildə olsa da, əsasən, Quba, Qusar və Xaçmaz bölgələrinə gedəndə də eyni vəziyyətlə qarşılaşırıq.

Xüsusən aran bölgəsindən Salyana, hətta Bakıdan Ələtə qədər hərdən İran radiolarının dalğaları yayımlanır. Ermənistanla Gürcüstan daha çox qərb zonasında - Zaqatala, Qax, Balakən və Mingəçevirdə daha rahat şəkildə istifadə edir.

- Vəziyyətin belə şəkil almasının səbəbi nədir?

- Bunun bir neçə səbəbi var. Birincisi, Azərbaycan radiotezliklərinin boş buraxılmasıdır. Gəncədə yeni qurulan radio xaric, Azərbaycanda bir dənə də regional radio yoxdur. Bakıdan yayımlanan radiolar öz ötürücülərini əsasən paytaxtda qoyublar. Onlar yalnız Bakı auditoriyası üçün fəaliyyət göstərməyi düşünürlər. Regionlarda demək olar ki, ya çox zəif, ya da ümumiyyətlə, ötürücü qoymayıblar.

Radiotezlik elə bir şeydir ki, boş buraxılan zaman istədiyi qədər məsafəyə gedə bilir. Qarşısını kəsən hər hansı maneə yoxdur. Tutaq ki, 105 FM-i burada boş buraxdığımız zaman təbii ki, ermənilər həmin dalğa üzərindən İsmayıllıya, Yevlaxa qədər rahat yayım verirlər. Eyni hal İran kanalları üçün də keçərlidir.

Paytaxta qurulan ötürücülər Bakı və ətraf 100 kilometr radiuslu məsafəyə hesablanıb. Əgər biz eyni gücdə ötürücüləri Lənkəranda, İmişlidə, Ağdamda, Tərtərdə, Gəncədə, Mingəçevirdə, Daşkəsəndə, Şəkidə, Qaxda, Balakəndə, Qubada, Qusarda qurmamışıqsa, bu o deməkdir ki, auditoriya olaraq özümüzə sadəcə Bakını görürük. Bu da qonşu ölkə radiodalğalarının Azərbaycan ərazilərində yayımlanmasına imkan verilir.

- Bu məsələdə hansı qurum cavabdehlik daşıyır?

- Burada Milli Televiziya və Radio Şurasının (MTRŞ) passiv mövqeyi müşahidə olunur. İndiyə qədər MTRŞ regional tezlikləri tenderə çıxarmayıb. Bu, çox mühüm məqamdır, buraxılmış xətadır. Düşünürəm ki, bununla bağlı MTRŞ-nın yeni rəhbərliyi bir an öncə qərar qəbul etməlidir.

Kommersiya yatırımı üçün böyük vəsaitə ehtiyac yoxdur. İlkin olaraq 15-20 min dollar investisiya qoymaqla yayıma başlamaq olar. Regional radiolar inkişaf etdirilməlidir. Bu tezliklər vasitəsilə regional radiolar FM-lərə verilərək xarici kanalların ölkəmizdə yayımlanmasının qarşısını alacaq.

Digər tərəfdən Azərbaycan ərazisinə yayılan və sərhədlər boyu ölkəmizə yönələn yayıcılar haqqında Beynəlxalq Telekommunikasiya İttifaqına şikayət olunmalıdır. Həmin ölkələrə xəbərdarlıq edilməli və onlar öz radiodalğalarını geri götürməlidir.

İrana diqqət edək. Qoyduğu ötürücülərin böyük əksəriyyətinin arxası İrana, üzü Azərbaycana yönəlikdir. Yəni məqsəd Azərbaycana yayım göndərməkdir. Onların bir çoxunun kanalları öz ərazilərində yayımlanmır. Çünki sərhəddən 10 kilometr məsafədə kəpənəkvari ötürücülər qoyub yayımı ölkəmizə yönəldiblər.

Strateji baxımdan bəlli yüksəklikləri seçirlər ki, Azərbaycan ərazisinə daha rahat girə bilsinlər. Bunlar hamısı müəyyən olunmalı və sistemli iş aparılmalıdır.

- Azərbaycan ərazisindən radio proqramlar qonşu ölkələrə yayımlanırmı?

- Gürcüstan ərazisində avtomobildə FM dalğaları tutmaq üçün bəzi müşahidələr aparmışam. İlkin olaraq Balakəndən Tiflisə, sonra isə Qazaxdan Tiflisə getmişəm. Çox qısa bir məsafədə Azərbaycan radiosunun bəzilərini eşitmişəm, sonra yox olub gedib.

Sərhəddə 3-5 kilometr məsafədə müəyyən ötürücülərin siqnalı keçə bilər. Amma Dağıstanda Azərbaycan radiosu tutur desək, yəqin buna gülərlər, çünki mümkün deyil. Amma Rusiyadan yayılan kanalların ötürücülər çox güclü olduğu üçün o radioları Qusarda, Qubada aydın və səlis tutmaq olur.

- Azərbaycanda yayımlanan İran radiolarının verilişlərinin mövzusu barədə monitorinqlər aparılırmı?

- Bu, çox ciddi şəkildə milli təhlükəsizlik məsələsidir. Təxmin edirəm ki, hansısa dövlət qurumları bunu etməlidir və edir də. Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti, eləcə də Xarici Kəşfiyyat İdarəsi ölkədə nələr baş verir, kimlər nə etmək istəyir bunu öyrənir.

Amma sistemli şəkildə monitorinq aparımalı və hesabatlar hazırlanmalıdır. Məsələn, İranın farsdilli yayımı genişdir. Ancaq bu ölkə Təbrizdə yaşayan Azərbaycan əhalisi üçün radio qurmadığı halda, niyə gətirib Astarada radio qurur? Deməli, onun strateji məqsədi var və bunu müəyyən etmək lazımdır. Bu yayımlarda niyə İranın gündəm siyasi hadisələri yox, daha çox Azərbaycanın daxili hadisələri müzakirə edilir?