Fazil Mustafa: "Köhnə maşınım var, 10 ildir sürürəm, gündə..." – Müsahibə

1 Avqust 2020 15:43 (UTC+04:00)

Teleqraf.com-un suallarını Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa cavablandırıb.

Müsahibəni təqdim edirik.

– Fazil bəy, Qurban bayramı ilə əlaqədar Milli Məclisin deputatlarına aylıq maaşdan əlavə 549 manat pul ödənilməsi ilə bağlı fikirlərinizi bilmək istərdik...

– Vallah, bununla bağlı maraqlanmamışam. Heç bilgim də yoxdur. Yəni, nə verilib, nə verilməyib bilmirəm.

– Ancaq bu məsələ sosial şəbəkələrdə müzakirələrə olunur...

– Bunun nəyi müzakirə olunur? Qanuna uyğundur ki, verilir. Qanuna uyğun deyilsə, verilməməlidir. Qanundankənar nəsə varsa, deyin, mən cavablandırım. Bayram pulu bütün müəssisələrdə, yerlərdə işləyən işçilərə qanunvericiliyə uyğun olaraq nəzərdə tutulub.

Əgər qanuna zidd deyilsə, mən bunun müzakirə olunmasında bir məna görmürəm. Qanun imkan verirsə, vəssəlam. Deputatlara, yaxud başqa şəxslərə ödənilən vəsaiti o halda müzakirə etmək olar ki, qanunsuz hansısa imtiyaz verilsin.

– Milli Məclis deputatlarının aylıq əmək haqqı məsələsi də zaman-zaman müzakirə predmeti olur...

– Bizim parlamentdə maaşlar Ermənistan və Gürcüstandan aşağıdır. Yəni Azərbaycan Milli Məclis üzvlərinin maaşları Ermənistan və Gürcüstandakından azdır. Təbii ki, əhalinin təminatı aşağı olanda – bu fonda heç deputatların maaşlarının qaldırılması da düzgün deyil.

Amma bütövlükdə insanların yanaşması belədir: nədənsə narazı, nədənsə razı olacaqlar. Deyək ki, bir zəngin adamdan narazıdırlar ki, onun çoxlu pulu var. Bilirsiniz, hər bir məsələnin qanuni və qanunsuz tərəflərinə baxmaq lazımdır. Deputatlara hansısa qanunsuz pul verilirsə, o, hansısa kommersiya-biznes fəaliyyətindən gəlir əldə edirsə, bunu ittiham etmək olar. Amma deputatın maaşı ümumi qəbul olunmuş qaydadır. İndi lap mən cavab verdim ki, çoxdur, yaxud azdır. Bununla nəsə dəyişirmi? Yox.

Əgər bu məbləğ çox görünürsə, vətəndaşlar müraciət etsin, əsaslandırsınlar ki, deputatın maaşı çoxdur. Əsaslandırdıqdan sonra müzakirə edib bu məbləği azaldarıq.

Hər məsələni əsaslandırmaq lazımdır. Elə-belə dedi-qodu ilə, filankəs deyir ki, bəhmənkəsin pulu, yaxud maaşı çoxdur söyləməklə olmur. Mən də deyə bilərəm ki, Bakıdakı İngiltərə neft şirkətində çalışan xarici mütəxəssisin maaşı azərbaycanlı mütəxəssisin maaşından 3 dəfə çoxdur. Onlar bunu belə əsaslandıra bilərlər ki, burada onun yerləşməsi, yaşaması, ixtisas məsələsi, yaxud başqa məsələlər var. Əsaslandırmadan bunu irəli sürə bilmərəm ki...

Onlar bunu əsaslandırıb göstərirlər ki, hə, filan şərtlərə görə yerli mütəxəssis az maaş alır. Demək istədiyim odur ki, bunlar demaqoji müzakirə mövzusu olmamalıdır. Hüquqi müzakirə mövzusu olmalıdır. Nə qanundan kənardırsa, biz ona reaksiya verək, onu qanuniləşdirək. Yaxud qanunsuzdursa, ləğv edək. Qanuna uyğundur, amma bunun mənəvi-sosial tərəfi varsa, vətəndaş müraciət etsin, əsaslandırsın ki, bu maaş başqa ölkələrlə müqayisədə çoxdur, onu azaldaq.

– Deputat həmkarınız Erkin Qədirli “Feysbuk” sosial şəbəkəsindəki səhifəsində deputat seçildiyi mart ayından bu yana əldə etdiyi gəlirləri və xərcləri ilə bağlı post yerləşdirib. Siz də hansısa formada hesabat verirsinizmi?

– Yox, bununla bağlı ümumiyyətlə qanunvericilikdə hesabat nəzərdə tutulmayıb. Hesabat bilirsinizmi nə üçün nəzərdə tutulub? Məsələn, partiyaların maliyyə hesabatı var. Qanunda nəzərdə tutulduğuna görə dəqiq həmin günü – hansı ki, verilməlidir – onu hazırlayıb çatdırırıq. Biz nöqtə-vergülünədək, qəpiyinə qədər o hesabatı dəqiqliklə çatdırırıq. Amma deputatın öz maaşını necə xərcləməsi ilə bağlı hesabat nəzərdə tutulmayıb. Bu bir insanın özünün məsələyə fərdi baxışıdır. Verə də bilər, verməyə də bilər. Yəni, mən indi açıqlasam ki, məsələn, bu ay maaşımdan hardasa 700 manat yeni kitab alınmasına xərcləmişəm, biri durub deyəcək ki, xalq acdır, sən niyə kitab alırsan?! Kitab almaq nədir? Bu, mənim seçimimdir.

Yaxud məndə də şəxsi maşındır. Hökumət maşını yoxdur ki... Köhnə maşındır, 10 ildir sürürəm. Gündə bir problemi çıxır. Gedib ona pul xərcləyirəm. Amma bunların hamısını hesablamıram. Demək istəyirəm ki, bu, insanın özünün fərdi münasibətidir, onu açıqlayır. Qanunun tələbi olsa, bəli, bunu etmək lazımdır.

Bir daha deyirəm, bizdə deputatın öz maaşını hara xərcləməsi ilə bağlı hər hansı qanuni tələb yoxdur. Onun hesabat verməsi deyilən bir anlayış mövcud deyil.

– Biz belə bir tələb olmadığını bilirik. İlk olaraq bu addımı Erkin Qədirli atıb. Siz də bu addımın davamını gətirmək barədə düşünə bilərsinizmi?

– Düşünmək çətindir. Çünki xərclər elə məsələdir ki, detalınadək göstərmək vaxt alan bir işdir. Mən xərclərimin qeydiyyatını ayrı-ayrılıqda aparmıram. Bunun üçün ümimi xərclərin qeydiyyatını aparmaq lazımdır. Bu da uzun vaxt tələb edən bir məsələdir. Gərək mağazadan bir çörək, aptekdən bir maska aldınsa onu da qeyd edəsən.

Hər halda mənim də deputat gəlirindən başqa qazancım yoxdur. Bir də siyasi partiyalara ayrılan maliyyə çərçivəsində Böyük Quruluş Partiyasına müəyyən vəsait verilir ki, onu da partiya orqanlarının saxlanılmasına sərf edirik. Partiyamız bu vəsait hesabına ayaqda qalır.

Deputat gəlirindən başqa heç bir yerdən maaş almıram. Hətta mən xüsusi olimpiya komitəsinin prezidentiyəm, ordan da maaş almıram. Bu işə ictimai vəzifə kimi yanaşıram.

– Zəhmət olmazsa, xüsusi olimpiya komitəsi barədə bir qədər məlumat verərdiniz...

– Bu, zehni əlilliyi olan şəxslərin – daun sindromlu, autizmli şəxslərin olimpiya hərəkatıdır. Onların olimpiadası dünyada ən məşhur hərəkatdır. Təşkilatın prezidentiyəm. Amma ordan da maaş almıram. Qanuni olaraq ala bilərəm. Amma deputat maaşı aldığım üçün bu məsələdən sui-istifadə etmək istəmirəm. Orada ictimai əsaslarla fəaliyyət göstərirəm.

– Səhv etmiriksə, Milli Məclis deputatı seçilmək üçün Mərkəzi Seçki Komissiyasına sənədlərinizi təqdim edərkən gəlirləriniz haqqında da bəyannamə verirsiniz...

– Bəli, deputatlığa namizədliyini irəli sürən hər bir şəxs Mərkəzi Seçki Komissiyasına müraciət edəndə ora hesabat verir. Oradakı sənədlər içərisində əmlak blankı forması var. Onu doldururuq.

Əslində bu, gəlir bəyannaməsi verməkdir. Özümüzün, həyat yoldaşımızın adına harada nə varsa, nə mülkümüz varsa onu blankda qeyd edirik. Ona görə də bizim qapalı, gizli hər hansı bir məsələmiz yoxdur.