Böyük plan işə düşür: “Yeni dünya düzəni bu ölkədən qurulur” – Müsahibə

7 Avqust 2020 18:08 (UTC+04:00)

“Yaxın Şərq Qərbin enerji təhlükəsizliyində çox önəmli rol oynayır. Dünyanın enerji resurslarının, yəni neft-qaz yataqlarının əhəmiyyətli hissəsi Yaxın Şərqdə yerləşir. Bu baxımdan, bölgədə ABŞ, Çin və digər böyük güclər arasındakı mübarizənin kəskinləşəcəyini istisna etmirəm”.

Politoloq Elşən Manafov belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Livanın paytaxtında baş verən hadisələr haqda nə düşünürsünüz – bu, əvvəlcədən planlaşdırılmış bir addım idi, yoxsa deyildiyi kimi, adi texniki qəza?

- Livan hökuməti bunun terror aktı olması ehtimalını istisna edir. Bu, hökumət tərəfindən həmin sahədə cavabdeh olan aidiyyəti dövlət qurumlarının məsuliyyətsizliyindən irəli gələn hal kimi dəyərləndirilir. Amma baş vermiş hadisəyə bölgə dövlətlərinin, o cümlədən ABŞ, Rusiya və digərlərinin münasibətlərinə diqqət yetirsək, bunun Yaxın Şərq uğrunda gedən mübarizənin yeni mərhələyə daxil ola biləcəyindən xəbər verdiyini deyə bilərik. Livanın ərəb dövlətləri arasında fərqli və müstəsna mövqeyi var. Bir qayda olaraq, Livanın İsraillə münasibətlərində Hizbullah faktoru ön planda olub. Livan o ərəb dövlətlərindəndir ki, İraq və Yəmənlə yanaşı, İranla xüsusi münasibətləri var. Digər ərəb dövlətlərinin siyasi elitalarından fərqli olaraq, İranın islam dünyasındakı roluna qısqanclıqla yanaşmır. Hətta bəzi hallarda İranı islam dünyasının lideri mövqeyində görmək istəyi ilə çıxış edir. Bir sıra hallarda da Yaxın Şərqdə geosiyasi mahiyyət kəsb edən hadisələrə münasibətdə, Livan hökuməti İranla eyni mövqeni bölüşür.

Eyni zamanda, Hizbullahın Livan hökumətinin siyasətinə təsir imkanları da nəzərə alınmalıdır. 2007-ci ildə baş verən məlum Livan-İsrail qarşıdurmasında Hizbullahın rolu az qala İsrailin məğlub tərəf olmasına şərait yaratmışdı. Başqa sözlə, bölgədə yeni geosiyasi oyunun ssenarilərinin yazıldığı istisna deyil.

Nəzərə almaq lazımdır ki, ABŞ İsrailin ərəb dövlətləri ilə münasibətlərinə özünün maraqları kontekstindən yanaşıb. Bu baxımdan da İsraillə xüsusi strateji münasibətləri var. Eyni zamanda, Trampın hakimiyyəti dönəmində İsrail-ABŞ münasibətlərində yeni mərhələnin başladığını müşahidə edirik. Yerusəlimin (Qüds) paytaxt elan edilməsi və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı Trampın məlum qərarının ərəb dövlətlərində və Türkiyədə böyük narazılıqla qarşılanması yaxın tarixdə baş verib. Başqa sözlə, Livandakı son hadisələrə Yaxın Şərq uğrunda gedəcək mübarizənin yeni mərhələyə daxil olması kontekstindən baxmaq lazımdır.

- Beyrut partlayışının bölgədə daha böyük savaşın başlaması üçün verilən siqnal olduğunu deyənlər də var. Yəni sizin qeyd etdiyiniz yeni geosiyasi ssenarilərin icrası daha böyük partlayışlarla müşayiət oluna bilərmi?

- Qeyd etdiyimiz kimi, Livan hökuməti bu hadisədən bir sıra məmurların məsuliyyət daşıdığını açıqlayıb. Aparılan təhqiqatlar da həmin şəxslərin İsrail kəşfiyyatı – MOSSAD və Qərbin xüsusi xidmət orqanları ilə hansısa formada əməkdaşlıq etdiklərini və ya münasibətdə olduqlarını aşkarlasa, hesab edirəm ki, bu, Yaxın Şərq uğrunda gedən mübarizəni yeni mərhələyə keçirəcək. Onu da unutmaq lazım deyil ki, ABŞ-ın yeni dünya nizamı ilə bağlı geosiyasi planı var. ABŞ-ın yeni dünya nizamı ilə bağlı Yaxın Şərqdəki mövqelərinə əks cəbhədə dayanan və onun maraqlarını nəzərə almayan tərəf varsa, o da ilk növbədə İrandır. İranın da Livan hökuməti və Hizbullahla münasibətlərini nəzərə alsaq, son olayların bu ölkədəki mövcud siyasi elitanın çökdürülməsinə və ya onun dövlət üzərindəki nəzarət imkanlarının zəiflədilməsinə hesablanmış addım olduğunu deyə bilərik.

- Bəs din faktorunun Livanı hədəfə gətirməkdə rolu nə qədərdir?

- Livan özünün idarəetmə strukturuna görə, estetik bir dövlətdir. Məsələn, Livanın baş naziri, prezidenti və şeyxi müxtəlif məzhəb və ya dinlərdən olmalıdır – sünni, şiə və ya xristian. Livan ərəb dünyasının elə bir dövlətidir ki, burada islam məzhəblərinin dövlət idarəçiliyinə təsirləri qabarıq şəkildə özünü büruzə verir. Əminəm ki, şiə İranı bu amildən məharətlə istifadə edir.

İslam inqilabından sonra İranın teokratik rejiminin şiə inqilabının ideyalarını bölgənin digər ərəb dövlətlərinə yaymaq istəkləri özünü göstərməyə başladı. Bu istiqamətdə əsas hədəflərdən biri də Livan oldu. Əlbəttə bu ideyaları ixrac etmək üçün şiə İranının digər ərəb dövlətləri ilə bağlı da planları vardı.

Düşünürəm ki, bu kimi fəaliyyətlər ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən nəzarətə götürülüb. Dolayı yolla isə islam dünyasının şiə və sünni məzhəbləri arasında bölünməsi, ABŞ-ın maraqlarına cavab verir. Hətta bir sıra nüfuzlu siyasətçilər və ekspertlər İranda islam inqilabının qələbəsində və şah rejiminin devrilməsində ABŞ-ın xüsusi xidmət orqanlarının roluna diqqət çəkirdilər. Xomeyninin ABŞ-ın xüsusi xidmət orqanları ilə əlaqələrinə dair müəyyən fikirlər səsləndirilmişdi.

- Yəni regionda situasiyanın gərginlikdə qalmasında enerji amilləri dini faktorları üstələyir?

- Əlbəttə Yaxın Şərq Qərbin enerji təhlükəsizliyində çox önəmli bir ol oynayır. Dünyanın enerji resurslarının, yəni neft-qaz yataqlarının əhəmiyyətli hissəsi Yaxın Şərqdə yerləşir. Bu baxımdan, bölgədə ABŞ, Çin və digər böyük güclər arasındakı mübarizənin kəskinləşəcəyini istisna etmirəm. Bu baxımdan, Livanın Hörmüz boğazına yaxınlığı həmin güclərin diqqət mərkəzindədir. Hörmüz boğazının Qərbin enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət kəsb etdiyi bəllidir.

Hesab edirəm ki, ABŞ Livan uğrunda başlana biləcək mübarizəyə, ilk növbədə İsrailin mövqelərinin gücləndirilməsi, özünün buradakı maraqlarının qorunması, bölgədə yeni nizamın formalaşdırılması üçün münasib şəraitin yaradılması, ən əsası İranın Livandakı mövqelərinə və imkanlarına zərbələrin endirilməsi və Hizbullahın Livanın idarəetmə sistemindən uzaqlaşdırılması kontekstindən baxa bilər. ABŞ-ın bu yöndə geosiyasi planlarının olduğu istisna deyil. Şübhəsiz ki, şiə inqilabının ideyalarını ərəb dövlətlərinə yaymaq istəyən İran bu planlarda ön sırada olacaq. Çünki şiə İranının bu istəkləri ABŞ-ın maraqlarına ziddir. İsrail də bu məsələdə ABŞ-la eyni mövqedə durub, eyni səngərdə döyüşür.

- Yəqin ki, bölgədə maraqları olan güclər ABŞ-ın bu fəaliyyətlərinə səssiz qalmayacaqlar.

- Düşünürəm ki, ABŞ yeni geosiyasi planları istiqamətində hərəkətə keçsə, biz buna qarşı Türkiyə, Çin, Rusiya və İranın adekvat addımlarının şahidi olacağıq. ABŞ-ın Livanla yanaşı, eyni zamanda Suriyanı parçalamaq və Rusiyanın bu ölkədəki təsir imkanlarını heçə endirmək kimi planları da mövcuddur. Suriya Rusiyanın ərəb dünyasındakı sonuncu qalasıdır. Əslində Əsədin hakimiyyətdən uzaqlaşdırılması, Rusiyanın buradan çıxarılması deməkdir.

- ABŞ-ın məqsədi nədir?

- Bölgə dövləti olan Qətərin zəngin qaz yataqları var. ABŞ-ın Qətər qazının, habelə neftinin Suriya üzərindən keçirilərək Avropaya nəqli ilə bağlı planları vardı ki, bu, Rusiyanın qitənin enerji bazarından sıxışdırılıb çıxarılması üçün nəzərdə tutulmuş bir layihə idi. Çünki Rusiyanın Qərbə neft-qaz ixrac etməsi, milyardlarla maddi vəsait deməkdir. Bu vəsaitlər də Rusiyanın hərbi qüdrətinin artırılmasına cəlb olunur. Bu baxımdan, Rusiyanın iqtisadi olaraq çökdürülməsi anlaşılandır.

Onu da nəzərə almaq lazımdır ki, Çinin özü də enerji resurslarına olan tələbatının 65-70 faizini İranla imzalanmış müqavilələr əsasında ödəyir. Digər yandan, Çinin İranda böyük həcmdə investisiyaları var. Buna görə də, İranın Livan və bölgədəki digər dövlətlərindəki mövqelərinin zəiflədilməsi istiqamətində atılacaq addımların bölgə uğrunda mübarizənin şiddətlənəcəyindən xəbər verir.

- Türkiyənin bu prosesdəki mümkün roluna diqqət çəkdiniz, sizcə, Livan Suriya və Liviyadan sonra Ankaranın yeni geosiyasi oyun meydanı ola bilərmi?

- Türkiyə bölgədə baş verən proseslərə aktiv mövqe sərgiləyir. Bu, o deməkdir ki, Türkiyənin hərbi və iqtisadi gücü bölgədə gedən proseslərdə yer almağa imkan verir. Bəllidir ki, belə bir gücü olmasaydı, proseslərə bu sayaq münasibət sərgiləməzdi.

Məlumdur ki, Suriyanın parçalanmasına çalışan və Qərbdən maddi və dolayı yolla siyasi dəstək alan PKK-nın əsas hədəfi Türkiyə əraziləri idi. Digər yandan, Türkiyə Suriyadan gələn yüz minlərlə suriyalı qaçqınların yerləşdirilməsi və onlara dəstək üçün milyardlarla dollar pul xərclədi. Avropa İttifaqı isə bunun çox cüzi hissəsini qarşıladı. Hər halda Türkiyə özünün sərhədləri yaxınlığında baş verən hadisələrə bitərəf mövqe sərgilməyəcək.

Bu gün Suriya və Liviyada öz təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atan Türkiyənin artıq Cənubi Qafqazdakı mübarizəsinin də şahid oluruq. Bu mənada, qardaş Türkiyənin Azərbaycanı işğalçı Ermənistana havadarlıq edən dövlətlərlə təkbətək qalmağa qoymayacağı bəllidir. Hər halda Suriya, Liviya və Cənubi Qafqazda mübarizə aparan Türkiyə Livandakı prosesləri də diqqət mərkəzində saxlayacaq. Mövqeyi diplomatik kanallar vasitəsilə bölgədə öz maraqlarını təmin etmək istəyən dövlətlərə çatdırılacaq.