"Azərbaycan Rusiya peyvəndini alacaq? - Rəsmi açıqlama

15 Avqust 2020 11:48 (UTC+04:00)

Peyvəndlərin tətbiqi təkcə koronavirus deyil, digər xəstəliklərin də qarşısını almaq üçündür.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Peyvəndlərin əlçatanlığı üçün beynəlxalq təsisatlar da mövcuddur. Ölkəmiz özünün inkişaf səviyyəsinə uyğun olaraq bu prosesləri yaxından izləyir. Dünyada müxtəlif dövlətlər tərəfindən bununla əlaqədar köklü işlər aparılır. Rusiyada aparılan tədqiqatları yaxından izləyirik. Koronavirusla bağlı peyvənd bazara çıxarıldığı zaman bütün lazımi tədbirlər görüləcək. Bununla bağlı Operativ Qərargahda müzakirələr aparılır".

TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, hər bir peyvənd geniş istifadəyə başlamazdan əvvəl 3 əsas mərhələdən keçməlidir:

"Rusiyada tətbiq olunan peyvəndlərlə bağlı heç bir müraciət etməmişik. Bu istiqamətdə həm beynəlxalq təşkilatlarla, həm də məşhur istehsalçı şirkətlərlə əlaqələrə keçmişik. Rusiyadakı peyvəndin tətbiqini izləməliyik. Məlumatlar ümidvericidir, amma konkret söz demək üçün çox tezdir".