“Əliyevin Putinə zəngindən sonra Lavrov bu bəyanatı verdi...” - Müsahibə

22 Avqust 2020 10:20 (UTC+04:00)

Milli Məclisin deputatı, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Aydın müəllim, “Human Rights Watch” təşkilatı Azərbaycana qarşı növbəti bəyanat səsləndirib. Ölkəmizə qarşı hər zaman əks mövqe sərgiləyən bu təşkilatın belə bir ənənəvi yanaşmasını necə izah etmək olar?

- “Human Rights Watch” təşkilatı hər bir ölkəyə irad bildirəcək dünya prokuroru rolunda çıxış etməyə çalışır. Mövqeləri də hər zaman qeyri-obyektiv olur. Azərbaycanda ildən-ilə demokratikləşmə daha da dərinləşir, insan hüquqlarının qorunması istiqamətində mühüm işlər görülür. Ölkəmiz bütün dünyaya açıq bir ölkədir. Dünyada mövcud olan bütün mütərəqqi işlər ölkəmizdə də tətbiq edilir. Amma bütün bunların hamısını bu qərəzli təşkilat görmək istəmir. Onların hər zaman qərəzli mövqelərini izah edən hazır bir mətni var. Hər il və yaxud ayrı-ayrı vaxtlarda bu mətnin tərkibində tarixi dəyişməklə ölkəmizə qarşı anlaşılmaz bir yanaşma sərgiləyirlər. Bu, sadəcə olaraq həmin təşkilatı maliyyələşdirən dairələrin tapşırığından irəli gələn bir haldır. Belə təşkilatlara müsəlman kökənli, geosiyası vəziyyəti uğurlu olan inkişaf etmiş bir ölkə lazım deyil.

Bu təşkilatarı maliyyəşləşdirən dairələr çox arzulayırlar ki, Azərbaycan Suriya, Liviya kimi aqibət yaşasın. Ölkəmizin daxili məsələlərinin həllinə belə müdaxilə arzusunda olan təşkilatlar var. Onlar istəyirlər ki, neftdən gələn gəlirlər məkətəblərin, yolların çəkilməsinə, dəmir yolu xəttlərinin və digər zəruri sosial infrasturktur layihələrin icrasına yönəlməsin. Məqsədləri bu gəlirləri öz maraqlarına uyğun yönəltməkdən ibarətdir.

Burada qəribə bir təzad da mövcuddur ki, Azərbaycanda 1 milyon 200 min qaçqın və məcburi köçkün halına salınmış insanın hüquqları pozulur, amma “Human Rights Watch” təşkilatı susur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü pozur, Tovuzda provakasiyaya əl atır və nəticədə mülki şəxs öldürülür, ancaq yenə də həmin təşkilatdan səs çıxmır. Bir qrup provakatorun parlament binasına girərək dağıntılar törətməsi nəticəsində qanuni şəkildə cinayət tərkibi formalaşır. Bu halda məlum təşkilat həmin insanların hüquqlarını müdafiyəyə başlayır. Bütün bunlar həmin təşkilatın hüququn əleyhinə olduğunu açıq şəkildə göstərir. Belə yanaşmalar bütün ölkələrdə anarxistləri, provakatorları dövlət binalarına hücüm etməyə, anarxiya şəraitinin yaradılmasına sövq edir. Yəni bu təşkilatın niyyəti məhz bundan ibarətdir. Azərbaycan müstəqilliyi ona görə qazanıb ki, müstəqilliyimiz hər bir vətəndaşın maraqlarına xidmət etsin. Ölkəmiz beynəlxalq birliyin layiqli və nüfuzlu bir üzvü olsun, insanlarımız daha yaxşı yaşasınlar və ərazi bütövlüyümüz təmin edilsin. Bu məsələdə “Human Rights Watch” təşkilatı bizə nə qədər maneə olmağa çalışsa da niyyətinə çata bilməyəcək.

- İllərdir ki, müəyyən təşkilatlar Azərbaycana qarşı əks mövqedən, ikili standartlarla yanaşır. Bu yanaşmanın kökündə hansı amillər dayanır?

- Bu cür təşkilatlar inkişaf etmiş, müasir müsəlman bir Şərq ölkəsinin olmasında maraqlı deyillər. Onların layihəsi ilə dəyişiklik aparılan heç bir ölkə Avropa səviyyəsinə qalxa bilməyib. “Human Rights Watch” kimi təşkilatları hansı dairələr maliyyəşəşdirirsə, onların da tapşırıqlarını icra edirlər. Həmin dairələrə də müstəqil və güclü Azərbaycanın olması maraqlı deyil. Ona görə də bu cür təşkilatlar davamlı olaraq dövlətimizə qarşı ikili standartlarla çıxış edirlər. Ermənistanda jurnalist aclıq aksiyası keçirir və həbsxanada ölür, işğalçı ölkənin rəhbəri Azərbaycanın qanuni ərazilərini özününkü kimi qələmə verir, Tovuzda ermənilər təxribat törədir “Human Rights Watch” kimi təşkilatlar isə bütün bunları susqunluqla qarşılayır. Dünyada ikili standartaları açıq şəkildə həyata keçirənlərdən biri də məhz bu təşkilatdır.

- Digər beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in Minsk Qupunun susqunluğunu və mövqesizliyini də bu proseslərin davamı kimi qiymətləndirmək olar?

- ATƏT-in Minsk Qupupu bu günə qədər Ermənistana "beynəlxalq hüquqa hörmət et" çağırışını etməyib. İndiyə qədər 1 milyon 200 min Azərbaycan vətəndaşının öz dədə-baba torpağı olan Laçına, Kəlbəcərə, Şuşaya, Qubadlıya, Zəngilana, Ağdərəyə qayıda bilməməsinin səbəbini Ermənistandan soruşmayıb. Yəni bu ikili yanaşma və standartlar bu təşkilatda da mövcuddur. Azərbaycan bu gün müstəqillyini, özünün milli maraqlarına uyğun siyasətini məhz bu cür ikili standartlar mühitində həyata keçirməli olur.

- ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dəyişdirilməsi və üzv ölkələrin sayının artırılması ilə bağlı zaman-zaman fikirlər səsləndirilir. Münaqişənin həlli və prosesin irəliyə aparılması üçün bu hal effektiv ola bilərmi?

- Artıq 30 ilə yaxındır ki, Minsk Qrupu fəaliyyət göstərir. Amma hələ də bir müsbət sonluq yoxdur. Bu illər ərzində münaqişənin həlli ilə bağlı konkret və ciddi bir addım atılmayıb. Bu, onu göstərir ki, Minsk Qrupunun fəaliyyətinə yenidən baxmaq lazımdır. Bu təşkilatı ləğv edib yenidən bir struktur yaradılmalıdır, ya da həmsədrlər bu məsələ ilə bağlı qəti mövqeyini ortaya qoymalıdırlar. Eyni zamanda Minsk Qrupunun fəaliyyətsizliyi həmsədrlərin özünün nüfuzuna ciddi zərbə vurur. ABŞ, Rusiya və Fransa kimi üç nüfuzlu ölkə 30 ildə kiçik Ermənistanın qoşunlarının Azərbaycan torpaqlarından çıxarmağa məcbur edə bilmirlər. Belə olan halda isə onların apardığı siyasətin dürüstlüyünə şübhə yaranır. Bu o deməkdir ki, onlar beynəlxalq birlikdə təhlükəsizliyin təmin edilməsində öz rollarının yerinə yetirə bilmirlər. Ya Minsk Qrupu dəyişdirilməlidir, ya da, yeni həmsədrlər əlavə edilməlidir. Minsk Qrupuna güc tətbiqi ilə bağlı səlahiyyət verilməlidir. Qoy onlar Azərbaycanın bu məsələdə nədə təqsirkar olduğunu, Dağlıq Qarabağ problemində münaqişənin hansı cinahdan həll edilməsini açıqlasınlar. Eyni zamanda onlar Ermənistanı da günahlandırmaq istəmirlər.

- Rusiya xarici işlər naziri Sergey Lavrovun Tovuz döyüşləri və ATƏT-in fəaliyyəti ilə bağlı son açıqlamasını necə qiymətləndirirsiniz?

- Cənab Prezident İlham Əliyevin bu günlərdə Rusiya Prezidenti Valdimir Putinlə telefon danışığı baş tutdu. Bu telefon danışığında Rusiyanın Ermənistanı silahlandırması, Ermənistanın Azərbaycan sərhəddində təxribat törətməsi barədə iki dövlət rəhbəri arasında müzakirə aparıldı. Məhz bu telefon əlaqəsindən sonra Lavrov belə bir bəyanat verdi. Sözsüz ki, Rusiyanın həmsədr ölkə kimi bu məsələdə fəal olması arzulanandır. Rusiya özünün cənub sərhədlərində artıq 30 ildən çoxdur davam edən problemin həllinə bir səy göstərməlidir. Quru bəyanatlarla, insanlara boş vəd verməklə kifəyətlənmək olmaz. Artıq bu tarixin üzərindən neçə nəsil gəlib, keçib. Ona görə də, bu məsələdə Rusiyanın da ciddi fəaliyyət göstərməsi vacibdir. Rusiya həmsədr ölkə, həm də bu problemin həllində maraqlı olan dövlət kimi mövqeyini ortaya qoymalıdır. Ermənistan bu gün ikili yox, üçlü, dördlü bir oyun oynayır. Rusiyadan ucuz qaz, pulsuz silah almasına, sərhədlərinin təhlükəsizliyinin təminatına baxmayaraq, Ermənistan bu gün regionun təhlükəsizliyinin əleyhinədir. Ona görə də Rusiya bütün bunlardan nəticə çıxarmalıdır. Hər halda Rusiyanın bu məsələdə məsuliyyəti böyükdür.