“Fərat qalxanı”ndan 4 il keçir - Türkiyə tarixində bir ilk

23 Avqust 2020 20:15 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu tərəfindən Suriya ərazisində həyata keçirilən “Fərat qalxanı” antiterror əməliyyatının başlamasından 4 il ötür. Bu əməliyyatlar yerli əhalinin, eləcə də Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyatların aparıldığı ərazidə ilk 7 ay ərzində üç mindən çox İŞİD terrorçusu zərərsizləşdirilib, 2055 kvadratkilometr ərazi terrorçulardan təmizlənib.

Suriya ərazisində aparılan “Fərat qalxanı” Türkiyənin öz sərhədlərindən kənarda terror təşkilatlarına qarşı həyata keçirdiyi ilk əməliyyatdır.

Əməliyyatlar başa çatdıqdan sonra yurd-yuvalarından didərgin düşmüş yerli əhalinin geriyə qaytarılması işlərinə başlanıb. Bölgədə səhiyyə, təhsil və sosial sahələrdə həyatın əvvəlki axarına dönməsi üçün Türkiyə tərəfindən böyük dəstək verilib.

Əməliyyatların aparıldığı Suriyanın Çobanbey, Azez və Bab bölgələrində hər biri 200, Mare və Cerablusda isə hər biri 75 olmaqla ümumilikdə 750 xəstə üçün nəzərdə tutulan beş xəstəxana binası inşa edilib və ya yenidən qurulub. Burada pandemiya ilə əlaqədar COVID-19 test mərkəzi yaradılıb.

Yenidənqurma işləri çərçivəsində Türkiyənin Milli Təhsil Nazirliyinin dəstəyi ilə bölgədə 684 məktəb binası şagirdlərin üzünə açılıb. Bu təhsil müəssisələrində bu il ümumilikdə 192 min 569 şagird təhsil alıb. Bundan əlavə, bölgədə bir neçə ali təhsil müəssisəsi də fəaliyyətini bərpa edib, tarixi abidələr, o cümlədən 400 məscid binası yenidən inşa olunub.

Hazırda bu ərazilərdə yaşayan əhalinin sayı iki milyondan çoxdur.