“Bir çox halda məmurlar özlərini apara bilmirlər” - Millət vəkili

25 Avqust 2020 18:27 (UTC+04:00)

Müxtəlif görüş və tədbirlərdəki çıxışlarında dəfələrlə “Mən xalqın xidmətçisiyəm” - deyə bəyan edən cənab Prezident İlham Əliyev hər zaman xalqımızın maraqlarını əsas götürür, qəbul etdiyi bütün qərarlarda ilk növbədə xalqı düşünür.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib.

O qeyd edib ki, cənab Prezident eyni zamanda bütün məmurları da xalqa layiqli şəkildə xidmət etməyə çağırır, fəaliyyətində bu prinsipdən kənara çıxanlara qarşı isə barışmaz olur:

“Bildiyimiz kimi dövlət başçısı xalqa qarşı eyni yanaşmanı hər bir dövlət məmurundan da gözləyir. Bununla bağlı çıxışlarında “Hər bir məmur xalqının xidmətçisi olmalıdır” deyən dövlət başçısının əsas tapşırığı budur ki, məmurların həm özləri, həm də yaxın qohumları davranışları ilə insanların hörmətini qazanmalı, təvazökar olmalıdırlar”.

Millət vəkili vurğulayıb ki, dövlət başçısının da bəyan etdiyi kimi, ancaq əfsuslar olsun bir çox hallarda məmurlar özlərini apara bilmirlər:

“Onlar hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Cənab Prezident bu cür məmurların cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozduqlarını da bildirib. Özünü xalqdan yuxarıda hiss edən, təkəbbürlə yanaşan bu cür insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir”.

Deputat kadr siyasətində də düzgün addımların atılmasının dövlət başçısının diqqətində olduğunu əlavə edib:

“Bəzi hallarda rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, vətənə sədaqətli insanlar önə çəkilməlidir”.