"Qərarı gözləyirik, günə bir-iki məktəbli forması sifarişi verilir" - Bakı Tikiş Evi

26 Avqust 2020 17:35 (UTC+04:00)

Yeni tədris ilində ənənəvi dərslərin başlanması, məktəblərin açılması ilə bağlı qərar hələ ki, yoxdur. Bu isə valideynlərin məktəbə hazırlıq tədbirləri görməsində maneələrə səbəb olur. Xüsusilə övladı birinci sinifə gedəcək valideynlər tədrislə bağlı qərarı səbrsizliklə gözləyir. Bəs maraqlıdır, Bakı Tikiş Evində (BTE) məktəbə hazırlıq işləri görülürmü?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlama verən Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib ki, hələ ki, hansısa qərar olmadığı üçün yalnız tapılması çətin olan ölçülərdə olan formalar tikilir.

“Bu formaları əvvəlcədən hazırlayırıq ki, məktəblər açılacağı halda yeni formalar tikmək üçün vaxt qazanaq. Parça da gətirmişik. Bəzi məktəblər artıq övladı birinci sinifdə təhsil alacaq valideynləri forma almağa göndərirlər. Biz də paralel olaraq həmin formaları tikirik. Hər gün bir-iki nəfər gəlib sifariş edir”, - detə Etibar Əzimov qeyd edib.

Etibar Əzimov vurğulayıb ki, formaların tikilməsi haqqında heç vaxt dövlət qurumları tərəfindən tərəfindən tapşırıq olmayıb: "Lakin hazırda vəziyyət fərqlidir. Forma tikmək üçün kifayət qədər imkanımız var. Lakin yenə də formaların tikilməsi ilə bağlı qərarın nə zaman verilməsi də iş rejiminə təsir edəcək. Müəyyən miqdarda formamız var, qalanını da ehtiyac olarsa, tikəcəyik. Hamımız dərs ilinin açılması barədə qərarı gözləyirik. Hələlik hansı qərarın qəbul olunacağı bilinmir".