“Belarus Rusiya ilə sərhədləri bağlayır” – Şok iddia

26 Avqust 2020 19:37 (UTC+04:00)

Keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Rusiya ilə sərhəd rejiminin sərtləşdiriləcəyi və gömrük nəzarətinin gücləndiriləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini deyib.

“Rusiya ilə sərhədləri bağlamaq istədiyimizi deyənlər var, bu cəfəngiyatdır”, - Tixanovskaya qeyd edib.

O həmçinin bildirib ki, Rusiya tərəfi ilə söhbət üçün vaxt hələ gəlməyib:

“Vaxt hələ gəlməyib, amma hər kəslə dialoqa hazırıq. Rusiya hüquqlarımız uğrunda mübarizəmizi dəstəkləsəydi, əla olardı. Ancaq görüşdüyüm hər kəsdən suverenliyimizə hörmət etməsini xahiş edəcəyəm”.

O, prezident postunu alsa, Moskva ilə inteqrasiya müqavilələrini yenidən nəzərdən keçirmək niyyətində olmadığını açıqlayıb, çünki hesab edir ki, bu məsələni daha sonra seçiləcək prezident həll etməlidir: “Bu, mənim səlahiyyətimdə deyil. Buna yeni ədalətli seçkidə seçiləcək gələcək prezident qərar verəcək”.

Əlavə edək ki, rus mediasında Svetlana Tixanvoskayanın prezident postuna keçəcəyi təqdirdə, Belarus-Rusiya sərhədlərini bağlayacağı haqda məlumat yayılıb.