“Əliyevin yunan səfirlə dialoqu Praqadakı çıxışını xatırlatdı ” - Çavuşoğlunun müavini

16 Sentyabr 2020 16:45 (UTC+04:00)

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkilatçılığı ilə “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” adlı vebinar keçirilir.

Teleqraf.com xəbər verir ki, onlayn keçirilən vebinarda çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, Türkiyə və Azərbaycan hazırda bir sıra çağırışlarla üz-üzədir.

Onun sözlərinə görə, bu baxımdan belə bir vebinar təşkil etməyi vacib sayırlar: “Bundan əlavə dünən Bakının Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad olunmasının 102-ci ildönümü tamam oldu. Bu da simvolik bir tarixdir”.

Türkiyə Xarici İşlər Nazirliyi SAM-ın direktoru Ufuk Ulutaş bildirib ki, Şərqi Aralıq dənizindən Qafqazadək bu regionda sabitliyin təminatçısı kimi Türkiyə və Azərbaycan çıxış edir: “İki ölkənin əlaqələrinin çatdığı vəziyyət məmnunluq doğurur”.

Türkiyə Xarici İşlər Nazirinin müavini Yavuz Səlim Qıran da bildirib ki, vebinarın keçirilməsi üçün bu günün seçilməsi təsadüfi deyil:

“Dünən Nuri Paşanın başçılığı ilə Bakının işğaldan azad olunmasının 102-ci ildönümü tamam oldu. Azərbaycanlı qardaşlarımız da Çanaqqalada əcdadlarımızla çiyin-çiyinə döyüşüblər. Bu gün Azərbaycan Qafqazda enerji və nəqliyyat mərkəzinə çevrilib. Bu şan və şərəf müştərəkdir. Bu gün Türkiyə və Azərbaycan arasındakı münasibətlər strateji münasibətlərdən də yüksəkdir. Hazırda Türkiyənin Azərbaycana yatırdığı investisiyaların həcmi 11 milyard dollardır. Azərbaycan isə Türkiyəyə 20 milyard dollar yatırıb. Türkiyə neft sahəsi xaric Azərbaycana ən böyük investisiya yatıran ölkədir. Azərbaycan isə Türkiyənin enerji sektorunda ən böyük investordur. Azərbaycanın investisiyaları sürətlə artır. Əməkdaşlığımız TANAP-ın istifadəyə verilməsi ilə daha da gücləndi. Bu, əlaqələrimizə böyük töhfə verəcək. Nəqliyyat sahəsində də əlaqələrimiz sürətlə artır”.

Türkiyə Xarici İşlər nazirinin müavini Azərbaycan Prezidenti İlham Əliyevin Yunanıstan səfirini qəbul edərkən Türkiyəyə verdiyi dəstək üçün təşəkkür edib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin tərəddüdsüz dəstəyi 2014-cü ildəki Praqadakı çıxışını xatırladır:
“Azərbaycana verdiyi səmimi dəstəyə görə təşəkkür edirik”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Praqada Şərq Tərəfdaşlığı Sammitində Ermənistan prezidenti Serj Sərkisyana sərt cavab vermişdi: "Bilirsiniz ki, Türkiyə burada təmsil olunmur, istifadə edirsiniz. Amma mən buradayam, sizə cavab verirəm!"