Siyasətdən uzağam, İp Manın filmləri ilə... - Xanım deputatla müsahibə

20 Sentyabr 2020 10:13 (UTC+04:00)

Milli Məclisin deputatı Jalə Əhmədova Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Jalə xanım, parlamentin yeni üzvləri kimi sizin də fəaliyyətiniz pandemiya dövrünə təsadüf etdi. Belə şəraitdə işləmək hansı çətinliklər yaratdı, özünüzü virusdan necə qoruyursunuz?

- Pandemiyadan qorunmağın yeganə yolu sosial izolyasiyadır. Bu şəraitdə özümüzü, ailə üzvlərimizi bacardığmız qədər təcrid etməklə virusdan qorunmağa çalışdıq. İzolyasiya da təbii ki, ancaq evdə qalmaq idi. Gigiyenik qaydaların hər birinə birmənalı ciddi əməl etmişik. Amma millət vəkili olduğuma görə tam izolyasiya mümkün deyildi. Milli Məclisin sessiyalarında iştirak etmək üçün işə çıxırdım. Amma yenə də karantin qaydalarına ciddi əməl edirdim.

- Parlamentdə sosial məsafənin gözlənilməsi fonunda yeni deputatların yerlə bağlı problemləri oldu. Siz belə bir halla qarşılaşdınızmı?

- Belə bir hal mənim başıma gəlmədi. Ara məsafəsini saxlamaqla bağlı şərtlər olmasaydı, deputat həmkarım Ülviyyə xanımla yan-yana əyləşəcəkdik. Harada oturmağımla bağlı heç bir problem olmadı. Əslində oturacağım yerlə bağlı iddialı insan deyiləm. Mənim üçün Milli Məclisin yuxarı və aşağı hissəsinin heç bir fərqi yoxdur. Məclisdə harada, kiminlə oturdum az fərq edən amildir. Orada hamısı hörmət bəslədiyim insanlardır.

- Deputat seçilənə qədər sizi cəmiyyət tanımırdı. Özünüzü necə təqdim edərdiz?

- Millət vəkili seçilənə qədər müəyyən dövlət strukturlarında iş təcrübəm olub. Bakı Apellyasiya Məhkəməsində, Energetika Nazirliyində, özəl banklarda çalışmışam. Sonuncu iş yerim Xüsusi Dövlət Mühafizə xidməti olub. Orada zabit hüquqşunas kimi çalışmışam. Eyni zamanda Vinq Çun döyüş sənəti federasiyasının həm təsisçisi, həm də birinci-vitse prezidentiyəm. Adi bir vətəndaş kimi işimdə olduğum üçün çox da tanınmamışam. Bu da normal bir şeydir. Amma federasiyadakı faəliyyətimdən sonra az-çox tanınmağa başlamışam. O da idman fəaliyyətimizə, nailiyyətlərimizə görə olub. Bu istiqamətdə yavaş-yavaş tanınmağa başlayırdıq. Ailəliyəm, həyat yoldaşım və iki əkiz oğlum var. Oğlumun biri hazırda hərbi xidmətdədir.

- İlk ali təhsilə Azərbaycan Beynəlxalq Univeristetinden başlamısınız. Bilirsiniz, adətən testdən kənarda qalanlar bu universiteti seçirdi. Sizin seçiminiz niyə ABU oldu?

- Universitetə daxil olana qədər ali təhsilin ciddiyətinə o qədər də önəm vermirdim. Mənim üçün ailə və övladlarımın tərbiyəsi əsas idi. Ona görə də, ABU-nu seçdim. Bilirsiniz, o vaxt ora qəbul olunmaq çox rahat idi.

- Bəs niyə ikinci dəfə Bakı Dövlət Universitetində yenidən hüquq təhsili alası oldunuz? Magistr təhsili də ala bilərdiniz.

- Biz oxuduğumuz dövrdə Bakı Dövlət Universitetində təhsil aldığımız qrup magistratura sayılırdı. Bunu siz də araşdırsanız məlum olacaq. O vaxt BDU-da belə bir qayda var idi. Diplomlarımızda da bakalavr deyil, magistratura dərəcəsi yazılıb. Biz o qrupu bitirdikdən sonra həmin ixtisas ləgv edilmişdi. Səhv etmirəmsə, indi yenidən həmin fakültə bərpa edilir.

- İctimai-siyasi proseslərdə yeni millət vəkilləri az görünür. Siz niyə aktiv deyilsiniz?

- Deputatlığımın başlanğıcı pandemiya dövrünə düşdüyü üçün istədiyim ideyaları gerçəkləşdirə bilmədim. Ümid edirəm ki, pandemiyadan sonra fəaliyyətimizi daha yaxşı formada qurmağı bacararıq.

- Seçicilərlə keçirdiyiniz görüşlərə az rast gəlinir. Sizə səs verən insanlarla təmasları necə qurursunuz?

- Feysbuk səhifəmi izləsəniz görəcəksiniz ki, mən orada gördüyüm işlər barədə heç bir məlumat vermirəm. Doğrudur, buna görə məni çox adam qınayır. Deyirlər ki, siz gördüyünüz işləri yazmırsınız, göstərmirsiniz. Sabah deyəcəklər ki, fəaliyyətsiz deputatdır, filandır. Ancaq inanın səmimiyyətimə ki, əslində elə deyil. Sadəcə olaraq mənim tərbiyəm, əqidəm, dünyaya baxışım başqa cürdür. Mən nəyisə göstərmək, Feysbukda paylaşmaq xatirinə etmirəm. Demirəm ki, baxın ay camaat, Jalə Əhmədova iş görür, camaat üçün nə isə edir. Bunu özümə bir növ sığışdırmıram. Başa düşürəm, Feysbuk səhifələri izlənilir və aktivliyi də bəzən onunla ölçürlər. Amma mən bir az başqa siyasətə üstünlük verirəm. Buna Salyan əhalisi, məni seçib bu yerə gətirib çıxaran insanlar qiymət versin.

- Fəaliyyətinizi hansı istiqamətdədir?

- Hər bir deputatın rayon üzrə köməkçiləri var. Köməkçim Salyandan olan ağsaqqal və nüfuzlu bir insandır. Mən də köməkçim vasitəsilə Salyandan olan müraciətlərə reaksiya verirəm. Eyni zamanda sosial şəbəkələr vasitəsilə, telefonla oradakı insanların əksəriyyəti ilə əlaqədəyəm. Bu vasitələrlə seçicilərim asanlıqla müraciət edə bilir.

- Azərbaycan elə bir regionda yerləşir ki, burada hər zaman daha fəal və çevik siyasi kurs yürütmək tələb olunur. Geosiyasi durumu necə şərh edərdiniz?

- Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam. Dövlətin siyasəti ilə məşğul olacaq Prezident var. Onun siyasi xətti var və biz də onu dəstəkləyirik. Sırf işim məni seçən əhali ilə işləməkdir. İşim camaatımın dərdi, problemi, hansısa bir məsələyə dəstək olmaqdan ibarətdir. Özümü bu istiqamətə yönəltmişəm, çalışıram işimi, fəaliyyətimi əhali ilə qurum.

- Millət vəkili aktiv siyasətçi olmalı deyilmi?

- Bəli, elə də olmalıdır. Mən hələ özümü, o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm. Çünki bu yolda təzəyəm. Biz hələ indi-indi addımlamağa başlayırıq. Ümid edirəm, yəqin ki, bu 5 il ərzində mən də siyasi mövqeyimi tam peşəkar səviyyədə ortaya qoya biləcəyəm.

- Vinq Çun döyüş sənəti ilə məşğul olmusunuz. Cəmiyyətdə elə də populyar döyüş növü deyil. Necə oldu ki, bu idman növünü seçdiniz?

- Bu idman növü ilə uzun müddət məşğul olmuşam. İdmanla məşğul olmaq həvəsi yarananda araşdırdım ki, Azərbaycanda hansı idman döyüş növü var. Qadın olduğum üçün təbii mənə elə bir döyüş növü lazım idi ki, minimal xəsarətlər alım. Axtarıb araşdırandan sonra məhz bu idman növünü özümə daha məqbul bildim.

- Bəs qadın olaraq bu cür döyüş növü ilə məşğul olmağınıza nə səbəb oldu?

- İp Manın filmlərinə baxıb oradan özümdə belə bir həvəs yarandığını gördüm. Çünki bu döyüş növü çox xoşuma gəlirdi. Eyni zamanda atam həvəskar idmançı olsa da, republika dərəcəli yarışlarda hər zaman birinci yeri tutub. Gözümüzü açandan görmüşük ki, atamız idmanla məşğuldur. Düşünürəm ki, mənə də həvəs məhz qandan gəlir. Uzun müddət araşdırma apardıqdan sonra ölkəmizdə Vinq Çun idmanı ilə bağlı federasiyanın olmadığını öyrəndim. Amma Asif Sayadov adında bu idman növü üzrə usta adamla tanış oldum. Beləliklə də bu idman növü ilə məşğul olmağa başladım. Uzun müddət həmin müəllimdən dərs almışam. Amma yenə də maraqlanırdım ki, niyə bu idman növünün ölkəmizdə federasiyası yoxdur? O da bu işlə heç vaxt maraqlanmadığını bildirdi. Bu idman növü ilə daha geniş məşğul olandan və araşdırdıqdan sonra Ədliyyə Nazirliyə müraciət edərək Vinq Çun Federasiyasını yaratmağa nail olduq. Onu da qeyd edim ki, bu idman növü qadınlar üçün mükəmməl bir idman növüdür. Çünki bu idmanda aqresiyya və güc tətbiq edilmir.

- Deputat həmkarlarınızı da bu idman növünə cəlb etmək istərdinizmi?

- Sözün düzü, hələ ki bu barədə heç kəs müraciət etməyib. İndi də elə bir şəraitdir ki, kimsə idmanla məşğul olmağa həvəsli olsun. İdman klubları da hazırda qapalıdır. Marağında olanları cəlb etməyi düşünürəm. Qadınlarımıza da öz bildiklərimdən öyrətməyə çalışacam.

- Yəqin ailə qurana qədər bu idman növü ilə məşğul olmusunuz?

- Xeyr, əksinə... Bu idman növü ilə 4 ildir məşğulam. Amma 24 ildir ailəliyəm.

- Sizin sosial şəbəkələrdə şəxsiyyət vəsiqəsi ilə qeydiyyatla bağlı açıqlamanızı qınayanlarla yanaşı dəstək verənlər də oldu. Mövqeyinizi necə əsaslandırırsınız?

- Bunu elə yozurlar ki, guya biz iqtidara yaltaqlıq edirik. Elə fikirlər də səslənir ki, bu fikir müxalifətə qarşı irəli sürülüb. Allah şahiddir ki, əsl reallıq elə deyil. Nə iqtidarı, nə müxalifəti təmsil edirəm. Tam müstəqiləm, özümü hər bir kəsin millət vəkili hesab edirəm. Salyanda da hər kəs təsdiqləyir ki, seçicilərim arasında müxalifət təmsilçiləri də var və onlarla da görüş keçirirəm. Hətta onlayn bağlantı formatında da onların problemlərini dinləyirəm və hörmətlə yanaşıram. Hər kəsin özünə görə mövqeyi var. Sosial şəbəkələrlə bağlı tənqid etdiyim məqam yalnız ondan ibarətdir ki, bu cür olmaz, bura Azərbaycandır, Amerika deyil. İfrat dərəcədə, qadın, ana bacı, uşaq bilmirlər, hər kəsə açıq şəkildə söyüş söyürlər. Tənqidə görə heç kəs heç nə demir. İqtidar varsa, müxalifət də olmalıdır. Amma müxalifət də sağlam müxalifət olmalıdır. Yəni bu, normal bir haldır. Kiminsə haqqını, hüququnu tələb etməsinə etirazımız yoxdur. Amma təhqir, söyüş olmaz. Üzdə olan adamların yazılarına şərh yazırlar. Bu yazıları da ailə üzvləri, yaxınları, övladları oxuyur və bu da əlavə bir psixoloji durum yaradır. Problem də ondan ibarətdir ki, buna cavab vermək olmur. Bilinmir ki, söyən, təhqir edən insan kimdir. Bu günə qədər ünvanıma təhqiramiz ifadə olmayıb. Amma yalan informasiyalar yayılıb. Bir jurnalist 4 il öncə federasiyaya görə Stiven Siqellə çəkilmiş şəkilimi yaymışdı. Yazmışdılar ki, Jalə Əhmədova pandemiyanı bəhanə edir, lakin gedib Stiven Siqellə görüşür. Burada da məntiqsizlik özünü göstərdi. Çünki ölkə sərhədləri pandemiyaya görə bağlıdır. Amma mən ölkədən çıxıb gedib Siqellə şəkil çəkdirdiyimə görə ittiham edilirəm. Söz azadlığının olması mütləqdir. Lakin sözü deyəndə də onun cavabdehliyini daşımaq da şərtdir. Söz elə-belə deyilə bilməz. Biz Azərbaycan mentaliteti ilə böyümüş insanlarıq. Bizim böyüdüyümüz dövrdə bir söz üstündə nəsillər bir-biri ilə düşmən olub. Kişi ağzından çıxan sözə görə cavabdehlik daşıyır. Atam da hər zaman bizə təlqin edirdi ki, “aslanın erkəyi, dişisi olmaz”. Mən də indiki halda da sözə o cür yanaşıram. Ona görə də, bu gün feyk profildən kimisə söymək heç də düzgün deyil. Söyüş söymək acizlikdir. İqtidarın hansısa bir addımı, deputatın hansısa bir hərəkəti kiminsə xoşuna gəlməyə bilər. Demirik ki, bu gün problemlər yoxdur. Camaatla işləyən adamlarıq, biz hər şeyi görürük.

- Seçildiyiniz dairədə Yeni Azərbaycan Partiyasının namizədi də mandat uğrunda mübarizə aparırdı. Amma asanlıqla qalib gəldiniz. O dairənin seçiciləri ilə əvvəldən əlaqəniz vardı?

- Mən salyanlı deyiləm, əslən bakılıyam. Kökümüz də Bakının Nardaran kəndinə gedib çıxır. Anamın nənəsi salyanlı olub. Ona görə də orada ana tərəfimin qohumları çoxdur. Amma o dairədən qalib gəlməyimin səbəbi bu da deyil. Uzun müddət Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşı olmuşam. Bizim əməkdaşlarımızın da əksəriyyəti Salyan rayonuna bağlı olub. Onların orada ailələri, qohumları var. Bu adamlar mənim barəmdə öz ailələrinə daha düzgün məlumatlar vermişdi. Çünki onlar məni daha yaxşı tanıyırdılar. Təşviqat kampaniyasında da Salyan camaatı ilə çox yaxşı ünsiyyət qurmağı bacardıq. Məni tanımırsınız, amma bir müddət sonra siz də görərsiniz ki, çox səmimi insanam. Məhz bu səmimiyyətimə görə də Salyan əhalisi sevə-sevə mənə səs verib. Seçki günü qar yağmasına baxmayaraq insanlar məntəqələrə gələrək bizə dəstək oldu. İnanın ki, özlüyümdə fikirləşdim ki, bu qarda, çovğunda kim gəlib bizə səs verəcək. Açığı seçki günü Salyana qarın yağmasına bir az məyus olmuşdum. Amma gün ərzin insanlar axın-axın bizə dəstək üçün gəldi. Xoş olan məqamlardan da biri o oldu ki, qadınlar daha çox aktiv oldular. Mənim simamda öz sözlərini deyəcək bir ünvan tapmışdılar. Bilirsiniz, bizim mentalitetdə, özü də rayon yerində hansı qadın gedib kişi deputata dərdini deyəcək ki... Bu məqamlar var. Onlar məni ana, bacı kimi qəbul etdilər. Onlar mənə çox dəstək oldular. Biz müsəlman, azərbaycanlı olduğumuzu unutmamalıyıq. Bizim xalq olaraq əxlaqımız digər millətlərdən seçilib. Mübarizə də aparanda kişi kimi aparmaq lazımdır. Qadına böhtan atmaqla və digər çirkin işlərlə olmaz. Müxalifəti də iqtidarı da bizimdir. Biz öz içimizdə olan məsələləri bütün dünyaya car çəkməklə heç nə qazanmayacağıq. Bizim güclü dövlətimiz var və bu gün dövlətin başında duran cənab Prezidentə dəstək olmaq lazımdır.