Metroda olay: Təşviş yarandı, sərnişin maşinistlə əlaqə yaratdı - Açıqlama

18 Sentyabr 2020 16:31 (UTC+04:00)

Günorta saatlarında Bakı Metopoliteninin Dərnəgül stansiyasından Həzi Aslanova gedən istiqamətdə qatarda sərnişinlərin üzərinə toz yağıb. Baş verən hadisə sərnişinlərdə təşvişə səbəb olub.

Məsələ ilə bağlı Teleqraf.com-a açıqlama verən Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sərnişinlər salonda tozabənzər nəsə hiss ediblər və "Koroğlu" stansiyasında bir sərnişin maşinistlə əlaqə düyməsindən istifadə edərək xəbər verib:

“Maşinist qatarı saxlayıb, baxıblar ki, elə bir şey yoxdur. Qatarda mikroiqlim nəzarəti sistemi adi qaydada öz iş rejimində çalışıb. Bu, avtomatik qoşulan mikroiqlim nəzarət sistemidir. Orada rütubətdən oksigenin miqdarı, havanın hərarətinə qədər hər bir işə özü nəzarət edir. Aydınlaşdıqdan sonra sərnişinlər də adi qaydada öz yollarına davam ediblər.

Hazırda hər hansı problem yoxdur, hər şey qaydasındadır. Mövsümlə əlaqədar ola bilər ki, ayağımızın altında tozla gəzirik, bəlkə ona görə sərnişinlər nəsə hiss ediblər. Təhlükəli heç nə olmayıb”.