Zaqatalada 9 il əvvəl törədilən qətllə bağlı məhkəmə başlayır

20 Sentyabr 2020 12:45 (UTC+04:00)

Zaqatala rayonunda 9 il əvvəl qətl törətməkdə ittiham olunan Polad İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Rəşid Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 28-nə təyin olunub.

İttihama görə, Zaqatala rayon sakini, 1950-ci il təvəllüdlü Seyran Əyyubovanın 24 fevral 2011-ci il tarixdə yaşadığı evdə üzərində xəsarətlər olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə istintaq olunan cinayət işinin 9 il sonra açılması təmin edilib.

Peşəkar prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə mərhum Seyran Əyubovanın yaşadığı evdə günlük kirayədə yaşayan Polad İsmayılovun 24 fevral 2011-ci il tarixdə şəxsi münasibətlər zəmnində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Seyran Əyyubovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polad İsmayılov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.