Bakıda bankomatları soymaq istəyən hakerlərlə bağlı yeni – Qərar

20 Sentyabr 2020 16:37 (UTC+04:00)

Azərbaycanda bank sektoruna qarşı kiber cinayətlər törətməkdə təqsirli bilinən Bolqarıstan Respublikasının vətəndaşları Stoyçev Marian Nikolov və Mladenov Vladislav Tsvetanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Stoyçev Marian Nikolov və Mladenov Vladislav Tsvetanovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər uzadılıb.

İttihama görə, hər iki təqsirləndirilən şəxsin tutulması üçün əməliyyat Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Müəyyən olunub ki, adları çəkilən şəxslər kibercinayətkarlıqda istifadə olunan xüsusi qurğular, eləcə də mikrosxemlər və digər ləvazimatlar vasitəsi ilə paytaxt ərazisində müxtəlif banklara məxsus bankomatlara müdaxilələr ediblər.

Cari ilin fevral və mart aylarında ölkəmizə gələn qrup üzvləri əvvəlcədən hazırladıqları plana əsasən bankomat aparatlarına müdaxilələr edərək külli miqdarda pul vəsaitlərini mənimsəməyə cəhd göstəriblər.

Onlar bankomat aparatlarının kart oxuyucu hissəsinə xüsusi qurğular yerləşdirərək bu yolla müştərilərə məxsus kartların PİN kodları barədə məlumatları əldə ediblər və kartların qeydiyyatını aparıblar.

Saxlanılan şəxslər ifadələrində bildiriblər ki, kart məlumatlarını tam və hərtərəfli öyrəndikdən sonra hesablardakı pulları transmilli mütəşəkkil cinayətkar dəstənin Avropa ölkələrindəki digər üzvləri ilə birgə xarici banklarda saxta sənədlər əsasında açdıqları hesablara köçürəcəkmişlər.

Lakin Baş İdarə əməkdaşlarının xüsusi peşəkarlıqla həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrup üzvlərinin bu cinayətinin qarşısı vaxtında alınıb.

Həmin şəxslərin paytaxt ərazisində kirayə yaşadığı mənzilə baxış zamanı çoxsaylı elektron məlumat daşıyıcıları, bank kartlarından məlumatları ələ keçirmək üçün qurğular, bankomatlara quraşdırılması nəzərdə tutulmuş xüsusi avadanlıqlar, noutbuklar, müdaxilə etdikləri bankomatların yerləşdiyi ərazilərin siyahısı və sxemləri, eləcə də sair maddi sübutlar aşkar olunaraq götürülüb.

Qrup üzvləri bankomatlara müdaxilələr etmək üçün əldə etdikləri xüsusi qurğuları ətrafdakı insanlarda şübhə oyatmamaq üçün daim özləri ilə gəzdirdikləri səsgücləndiricinin içində gizlədiblər.

Qeyd edək ki, Baş İdarədə Marian Stoyçev və Vladislav Mladenovun paytaxt ərazisindəki bütün hərəkət trayektoriyaları, müdaxilə etdikləri bankomatlar və əlaqədə olduqları şəxslərin əhatə dairəsi hərtərəfli araşdırılıb.

İstintaq orqanı tərəfindən onların barələrində Cinayət Məcəlləsinin 272.3, 177.2.3-1 və 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə edilməklə törədilən oğurluq, kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə ittiham elan edilib.

İstintaq davam edir.