“İran səfiri köhnə dostlarımdandır” – Rəsulzadənin məktubu

21 Sentyabr 2020 23:19 (UTC+04:00)

1922-ci il avqustun 23-də Finlandiyada olan Məhəmmədəmin Rəsulzadə Kazan türklərinin liderlərindən Sədri Məqsudi Arsala məktub yollayır. Məktubda yazır:

“Möhtərəm Sədri əfəndi Məqsudi həzrətlərinə.

Keçən gün görüşməklən Cəmaləddinov əfəndidən zat-i alilərinin mənim üçün istizan (icazə istəmək – D.Ə) hasil etmək üzrə Fin xariciyyəsi nəzdində təşəbbüsdə bulunduğunuzu məmnuniyyətlə öyrəndim. Eyni gündə A.Battal əfəndinin yazısından avqustun 24-də Berlinə doğru azim olduğunuzu xəbər aldım. Demək ki, Helsinqforsda görüşüb də bizzat təşəkkür və ehtiramatımı təqdim etmək, bəlkə də, müyəssər olmaz, onun üçün işbu sətirlər vasitəsilə ərz-i ehtiram edirəm.

A.Battal əfəndidən aldığım adres üzərinə Berlində Ayaz əfəndi İshaqi vasitəsiylə orada bulunan Əliyar Əmircanov namında bir Azərbaycan tələbəsinə məktub yazdım. Bizim orada başqa mühüm adamımız yoxdur. Digər tələbələrimiz varsa da, isimlərini bilmirəm. Fəqət ara-sıra oraya gələnlərimiz olur. Əgər zat-i alilərinə müsadif olurlarsa, lütfən mənim burada bulunduğumu kəndilərinə söylər və adresimi verirsəniz, pək minnətdar olurum. Vəli Əhməd əfəndi vasitəsiylə yazılırsa kafidir. Orada mənim bildiyim iranlı dostlarım vardır. İran səfiri Hüseynqulu xan Nəvvab – bilmirəm kəndilərini bilirmisiniz – mənim köhnə dostlarımdandır. Yalnız İran səfarətinin adresini bilmədiyimdən sizin vasitənizlə kəndilərinə bir məktub yazıram, lütfən kəndilərinə yetirirsəniz məni son dərəcə məmnun edərsiniz.

Baki müsafərətinizin suhulətlə hüsulunu məqsədlərinizdə müvəffəqiyyətlərə nail olmanızı arzu edərəm, əfəndim.

Kəmal-i ehtiramla
Məhəmmədəmin Rəsulzadə
23 avqust 1922
Kelemeki karantini”
Sədri Məqsudi – Kazan türklərinin lideri

Məktubun ünvanlandığı Sədri Məqsudi 5 avqust 1879-cu ildə Kazan şəhərinin Taşsu kəndində kəndin imamı Nizaməddin Məqsudi və Məftunə xanımın ailəsində doğulub. 1888-ci ildə atasının başçılıq etdiyi məktəbi bitirdikdən sonra Gölboyu mədrəsəsində oxumaq üçün Kazan şəhərinə yola düşüb və orada müəllimlik edən qardaşı Hadi Məqsudinin dəstəyi ilə Osmanlı türkcəsini öyrənib. 1895-ci ildə İsmayıl bəy Qaspıralının Hadi Məqsudini çalışmaq üçün Baxçasaraya dəvət etməsinə görə, Sədri də qardaşı ilə birlikdə yola düşüb. 1895-1896-cı illərdə Zincirli mədrəsəsində dərs deyib, rus dilini mənimsəyib, daha sonra Kazana dönərək Rus Müəllim Məktəbinə daxil olub. 1901-ci ildə buranı bitirdikdən sonra Qaspıralının məsləhəti ilə Parisə gedib, iki il ərzində fransız və latın dillərini öyrəndikdən sonra Sarbonna universitetinin hüquq fakultəsinə daxil olub. Məzun olduqdan sonra 1906-cı ildə Rusiyaya geri dönüb, 1907-1912-ci illərdə II və III Dumada vəkil seçilib. Bu dönəm çərçivəsində 1910-cu ildə Volqaboyu, Türküstan, Ural və Qafqaza səfər edən müsəlman millət vəkilləri ilə birlikdə olub, Türk dünyasını yaxından tanıyıb.

Çar Rusiyasında 1917-ci il fevral inqilabından sonra yaranmış yeni şərait onun yeni bir siyasi mübarizənin ortasına sürükləyib. Həmin ilin martın 7-də Arsal Kazan Müsəlmanları Komitəsinə üzv olub, iyulun 27-də isə II Ümumrusiya Müsəlmanları Qurultayının III iclasında onun hesabatı əsasında Ufa şəhərində Milli Məclis yaradılıb. Oktyabr çevrilişindən sonra həmin Məclis 1918-ci ilin yanvarın 19-da Tatar-Başqırd Respublikasının yaradıldığını elan edib və Arsal Respublikanın Milli İdarəsinin sədri seçilib.

Bu bağımsızlıq bolşeviklərin hücumu nəticəsində itirilib, 1918-ci il martın 15-də müsəlman ordusu məğlub edilib. Bolşeviklər hakimiyyətə gəldikdən sonra Finlandiyaya mühacirət edən Arsal 1919-cu ildə Parisdə keçirilən Bans konfransında İdil-Ural bölgəsinin azadlığı üçün mübarizə aparsa da, nəticə əldə edə bilməyib. Bir müddət Berlində yaşadıqdan sonra 1923-cü ildə Parisə köçüb və məzunu olduğu Sarbonnada Türk tarixindən dərs deməyə başlayıb. Burada ikən siyasi fəaliyyətinə ara verərək, elmi çalışmalarla məşğul olub, “Le Temps” və “Journal Asiatique” dərgilərində məqalələrini dərc etdirib. 1924-cü ildə Atatürkü görmək üçün özünün təşəbbüsü ilə Türk Ocaqlarına müraciət edib, Ocağın başqanı Həmdullah Sübhinin dəvəti ilə 1924-cü ilin noyabrında ilk dəfə olaraq Türkiyəyə gəlib. Türkiyədə yaşamağa başladıqdan sonra Arsal 1925-ci ildən etibarən Ankara Universitetində və İstanbul Universitetində Hüquq fakultəsində dərs deyib, “Hüququn ümumi əsasları” (1937), “Hüquq tarixi dərsləri” (1938), “Ümumi hüquq tarixi” (1941), “Hüquq fəlsəfəsi tarixi” (1946), “Türk tarixi və hüquq” (1947) kimi əsərlərini çap edib. Arsal 1931-1935-ci illərdə Şebinkarahisar, 1935-1939-cu illərdə Giresundan Cümhuriyyət Xalq Partiyasından, 1950-1954-cü illərdə isə Ankaradan Demokrat Partiyasından millət vəkili olub. 1957-ci il fevralın 20-də İstanbulda vəfat edib.

Arsalın Finlandiya həyatı, oradakı dostları həmin ərəfədə Kelemekidə karantində yaşayan Rəsulzadə üçün çox önəmli idi. Məktubdan da aydın olur ki, Məqsudi Finlandiya xarici işlər nazirliyi ilə bu mövzuda müzakirə aparıb.

Tələbə Əliyar Əmircanov

Rəsulzadənin məktubda adını çəkdiyi tələbə Əliyar Əmircanov Azərbaycan Cümhuriyyəti hökumətinin xaricə ali təhsil almaq üçün vəsait ayırdığı yüz tələbədən biridir. 17 may 1897-ci ildə Şəkidə doğulub, məşhur Əmircanovlar soyundandır.
Əliyar bəy 1906-1907-ci ildən Bakı real məktəbinə girərək 1915-ci ildə oranı bitirib. Moskva Ali Texniki Məktəbinə daxil olsa da, 1917-ci il inqilabı nəticəsində təhsilini tamamlaya bilməyib, Bakıya qayıdıb. 1919-cu ildə Bakıda təcrübəçi tələbə kimi öncə 2 ay dəmiryol emalatxanasında, sonra isə avtomobil təmiri emalatxanasında işləyib.

Moskva Ali Texniki Məktəbi mexanika bölümünün üçüncü kurs tələbəsi kimi 2 avqust 1919-cu ildə Bakıda AC xalq maarif nazirinə ərizə yazıb ki, onu da xaricə göndərilən tələbələr siyahısına yazsınlar. Onun ərizəsi qəbul olunsa, təhsili üçün vəsait ayrılsa da, o, Rusiyada təhsilini davam etdirə bilməyib.

1920-ci ildə Azərbaycan hökumətinin Xariciyyə Nəzarətində işə düzəlib və ümumi şöbədə kargüzar kimi çalışıb. Azərbaycan sovetləşdikdən sonra Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığının Şərq şöbəsində kargüzar olub və orada eyni vəzifədə 1921-ci ilədək işləyib. 1922-ci ilin fevral ayında RSFSR XXİK-dan ali təhsilini davam etdirmək məqsədilə xaricə getmək haqqında rəsmi icazə alıb. Həmin ildə və ayda Berlinə gedib, Berlin Ali Texniki Məktəbinə girib və oranı 1927-ci ilin iyun ayında bitirib. 1927-ci ilin dekabr ayınadək “Yunkers”in zavodunda sürətli daxiliyanma mühərrikləri üzrə təcrübəçi-mühəndis kimi işləyib. Həmin ilin dekabr ayında Bakıya qayıdıb, burada işə girib. 1932-ci ilin noyabr ayında Elmi-Tədqiqat Dizel İnstitutunun dəvəti ilə Leninqrad şəhərinə köçərək həmin institutda avtomobil dizellərinin layihələndirilməsi mühəndisi kimi çalışıb.

Digər xaricdə təhsil alan tələbələr kimi Əmircanova qarşı da ittihamlar irəli sürülüb. 6 fevral 1935-ci ildə Leninqrad Vilayət XDİK İdarəsi Gizli Siyasi Bölümü 2-ci bölməsinin müvəkkili Fyodorov, Əliyar Hacı oğlu Əmircanovun tutulması və ona qarşı ittiham irəli sürülməsi haqqında qərar verib. Onun əks-inqilabçı “Qafqaz-Türk Xalq Partiyası”nın üzvü olması iddia edilib. Bu qərara əsasən o, bir gün sonra Leninqrad şəhərində həbs edilib. Lakin bu ittihamların sübut olunmaması, Əmircanovun sağlamlıq vəziyyəti 21 mayda təsdiqlənən qərarla azadlığa çıxması ilə nəticələnib. Lakin 1937-ci ildə o bir daha həbs edilib, yenə də azad olunub. Həbsdən çıxandan sonra yenə Leninqradda işləməyə başlayıb və Zaporojyeyə ezamiyyətə gedib. Orada xəstələnərək vəfat edib.

Təəssüf ki, Rəsulzadənin Əmircanova Finlandiyadan göndərdiyi məktub günümüzə çatmayıb. Həmin məktub yazıldığı zaman Əmircanov Berlinə yeni getmişdi. Görünür, Rəsulzadəyə bu barədə başqa tələbələr məlumat veriblər.
Rəsulzadənin Sədri Məqsudiyə yazdığı digər məktubun tarixi 18 may 1923-cü ildir. Bu zaman Rəsulzadə artıq İstanbulda idi.

Məktubda İstanbulda çap olunan “Azərbaycan Cümhuriyyəti” adlı kitabından bəhs edir...

Qaynaq:
1. Cansever Tanyeri. “Mehmed Emin Resulzade'nin Sadri Maksudi Arsal'a Hitaben Yazdığı İki Mektup”. “Kardaş Edebiyatlar” dərgisi, sayı 30, 1995.
2. Ədalət Tahirzadə, Oğuztoğrul Tahirli. “Azərbaycan Cümhuriyyəti tələbələri. Tarixi arayış, bəlgələr, yaşamlar”. Bakı, 2016.