Qonşuya ağır zərbə: Lukaşenko vədini yerinə yetirdi

23 Sentyabr 2020 10:18 (UTC+04:00)

Belarus Gömrük Xidməti Polşa mallarının ölkəyə buraxılmasını dayandırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Polşa mediası məlumat yayıb.

Məlumata görə, Polşadan Belarusa gətirilən qəhvə, şokolad və tualet kağızları geri qaytarılıb. Ancaq belə bir qərarın hansı akt əsasında verildiyi məlum deyil.

Məlumatda qeyd edilib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bu addımla Polşa və Litvayla sərhədlərin bağlanması ilə bağlı açıqlamasının sadəcə boş sözlər olmadığını göstərmək istəyir. O, sentyabrın 17-də müharibə təhlükəsi üzündən Polşa və Litva ilə sərhədlərin bağlanıldığını açıqlayıb.

Belarusda yeddinci həftədir altıncı dönəm üçün namizəd olan Lukaşenkonun səslərinin 80 faizini qazandığı prezident seçkilərinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar davam edir. Etirazçılar Lukaşenkonun istefasını və yeni seçkilərin keçirilməsini tələb edirlər. Lukaşenkonun özü baş verənlərin arxasında Qərbin dayandığını və Belarusu məhv etmək istədiyini deyir.