Vəziyyət pisləşdi, qaydalar sərtləşdirildi, cərimələr artdı - Korona kabusu

23 Sentyabr 2020 10:09 (UTC+04:00)

Avropa coğrafiyasında pandemiyanın ikinci dalğası başlayıb.

Teleqraf.com xəbər verir ki, son günlər açıqlanan statistika ötən dövrdəki sayı üstələyib. Bu səbəbdən ölkələr virusla mübarizədə tətbiq etdikləri qaydaları daha da sərtləşdirməli olublar.

İngiltərənin bir sıra bölgələrində iaşə obyektləri saat 22:00-dan sonra bağlanacaq. Yoluxma sayı artdığına görə 6 nəfərdən çox insanın bir araya toplaşması qadağan edilib. Sentyabrın 28-dən test nəticəsi pozitiv çıxan insanların evdə özlərini izolyasiya etmələri məcburiyyətə çevriləcək. Qaydaya əməl etməyənlər ilk növbədə 1000 funt sterlinqə qədər, qayda pozuntusu təkrarlanarsa 10 min funt sterlinqə qədər cərimə ediləcəklər.

Fransa hökuməti yoluxma artdığına görə testlərin sayını çoxaltmaq və yoluxanları təcrid etmək qərarına gəlib. Epidemiya ilə əlaqədar alınacaq tədbirlərin öhdəliyi bələdiyyələrə və icra qurumlarına verildiyi üçün fərqli şəhərlərdə fərqli tədbirlər tətbiq olunur. İctimai yerlərdə maskalardan istifadə məcburi, 6 və ya 10 nəfərdən çox insanın toplanması qadağandır.

İspaniyada pandemiyanın tüğyan etdiyi ərazilərdə nəzarət postları qurulub, iş, məktəb, sağlamlıq və ya yaşayış səbəbiylə məkanı tərk etmək üçün icazələr alırlar. Burada da 6 nəfərdən çox insanın toplaşması qadağandır.

Ticarət mərkəzləri də daxil olmaqla bütün mağaza və müəssisələr saat 22:00-dək fəaliyyət göstərir. Qaydaları pozanlar isə 600-6000 avro cərimələnir.

Almaniyada məktəblərdə virusa yoluxma halları artıb. Bavyerada 800 tələbənin və 771 müəllim karantinə alınıb. Pandemiya səbəbiylə dörd məktəb tamamilə, 106 məktəb qismən bağlanıb.