“BMT öz nüfuzunu qorumaq istəyirsə...” - Deputat

29 Sentyabr 2020 18:10 (UTC+04:00)

“BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini gündəmə çıxarması təqdirəlayiq haldır. Ümid edirəm ki, BMT Təhlükəsizlik Şurası 27 il öncə qəbul etdiyi qətnamələrini dəstəkləyəcək.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Məlahət İbrahimqızı bu gün BMT-nin Təhlükəsizlik Şurasının Qarabağda vəziyyətin gərginləşməsinə dair keçirəcəyi xüsusi iclasına münasibət bildirərkən deyib.

O bildirib ki, erməni təcavüzkarlığının 30 ilə yaxındır davam etməsi, əslində onların beynəlxalq hüquqa qarşı hörmətsizliyidir:

“Beynəlxalq hüquq təbii ki, beynəlxalq təşkilatlar tərəfindən hazırlanır. Bu gün Ermənistanın təcavüzkar siyasəti və hərbi təxribatları məhz BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə qarşı çıxmaqdır. Ermənistan bu qətnamələrə məhəl qoymur. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının xüsusi iclasında - Qarabağ bölgəsində vəziyyətin gərginləşməsi ilə bağlı keçirilən müzakirələrdə həmin qətnamələr gündəmə çıxarılacaq və işğala məruz qalanla, işğalçıya fərqli qiymət veriləcək. Tərəflərə eyni münasibət göstərmək, bu şəkildə danışıqlara çağırış etmək işğalçıya dəstək verməkdir. Əgər BMT nüfuzunu qorumaq, beynəlxalq və eləcə də Azərbaycan ictimaiyyətində zərrə qədər də inamını itirməmək istəyirsə, Təhlükəsizlik Şurası öz iclasında bu prinsiplərə mütləq əməl etməlidir. Azərbaycan xalqının yeganə tələbi BMT-nin qəbul etdiyi 4 qətnamənin həyata keçirilməsidir".

Deputat qeyd edib ki, Ali Baş Komandan İlham Əliyev daim sülh danışıqlarına sadiq qalıb:

“Prezident hər dəfə Azərbaycan ictimaiyyətini səbirli, təmkinli olmağa çağırıb ki, danışıqlar yolu ilə münaqişənin həllinə ümid var. Ancaq düşmən tərəfi həmişə danışıqlardan yayınmağa çalışıb, təxribatlar törədib və sonda vəziyyətin bu həddə çatmasına səbəb olub. Hazırda Prezident İlham Əliyevin əmri ilə təcavüzkar Ermənistanın son illərdə həddini aşan hərbi təxribatlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatları həyata keçirilir".

Məlahət İbrahimqızı vurğulayıb ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini, xüsusilə də mülki vətəndaşlarımızı hədəfə alıb:

“Heç bir xarici mətbuat yaza bilməz ki, Azərbaycan Ordusu bu əks-hücumlar nəticəsində Ermənistanın bir nəfər də olsun mülki əhalisini atəşə tutub. Bu, mümkün deyil. Çünki Ali Baş Komandanımız da, xalqımız da sülh prinsiplərinə çox sadiqdir. Beynəlxalq təşkilatların qəbul etdiyi müharibə qanunlarında həkimlarə, təcili tibbi yardım avtomobillərinə, jurnalistlərə və mülki insanlara atəş açmağın cinayət sayıldığı əksini tapıb. Ermənistan bu gün çoxsaylı müharibə cinayəti törədir. Bir ailənin 5 üzvü düşmən tərəfindən qətlə yetirildi. Biz əks-hücum əməliyyatından geri dönməyəcəyik. Allah Azərbaycan Ordusunu müzəffər ordular cərgəsində etsin”.