Ermənistanın xarici muzdluları bölgəyə gətirməkdə iki əsas məqsədi var – Polkovnik

29 Sentyabr 2020 20:00 (UTC+04:00)

Bu gün Azərbaycan Ordusu işğal olunmuş ərazilərini azad etmək üçün genişmiqyaslı uğurlu hərbi əməliyyat aparır. Ancaq qarşı tərəfdə – işğalçı Ermənistan ordusunda Azərbaycana qarşı vuruşan hərbçilərin əksəriyyəti xarici ölkələrdən, əsasən də Suriyadan gətirilmiş yaraqlılardır. Bu, bir daha göstərir ki, erməni gənclər işğalçı orduda xidmət etməkdən imtina edirlər.

Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib.

O qeyd edib ki, erməni anaları öz övladlarını cəbhəyə – Azərbaycanla müharibəyə göndərmək istəmirlər:

“Buna baxmayaraq Ermənistanın hərbi-siyasi rəhbərliyi cəhdlər göstərir. Xarici dövlətlərin, muzdlu hərbçilərin hesabına öz ordusunu komplektləşdirməyə çalışır. Ötən əsrin 90-cı illərində də Ermənistan tərəfdən xarici ölkə vətəndaşları döyüşlərdə iştirak edirdi. Öldürülənlər arasında çoxlu sayda xarici muzdluların meyitləri aşkarlanırdı. Meyitlərin üzərindən xarici ölkələrin pasportları çıxırdı. Bu gün belə hallara rast gəlmək olur”.

Cəlil Xəlilov bildirib ki, Ermənistan başqa ölkələrdən, xüsusilə də Suriya və Livandan çoxlu sayda mülki etnik ermənini işğal olunmuş bölgələrə apararaq orada yerləşdirir:

“İşğal olunmuş ərazilərin qanunsuz məskunlaşdırılması da hərbi cinayət hesab olunur. Bu, bütün beynəlxalq konvensiyalara, xüsusilə də 1949-cu ildə qəbul olunmuş Cenevrə konvensiyasına ziddir. Ermənistan bununla bütün dünyaya meydan oxumaq istəyir. Dünyanın aparıcı ölkələrinin gözü qarşısında Azərbaycan vətəndaşlarını, sərhədboyu zonalarda yaşayan dinc insanları – uşaqları, qocaları və qadınları atəşə tutur. Bu, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır. Ona görə də xarici dövlətlər, beynəlxalq təşkilatlar Ermənistanı qınamalıdırlar”.

Ehtiyatda olan polkovnik qeyd edib ki, Ermənistanın xarici muzdluları saxlamaq üçün bu gün kifayət qədər maliyyə imkanı da yoxdur:

“Düzdür, xaricdə yaşayan daşnakların hesabına bu gün onları gətirib ordumuza, əhalimizə qarşı istifadə edirlər. Amma onlar da anlamalıdırlar ki, gec-tez Azərbaycan hərbçilərinin hədəfinə tuş gələcəklər. İrəvan bunu gizlətməyə çalışır, öz xalqını da aldadır ki, görürsünüz, Ermənistan o qədər də itki verməyib. Amma bəzən onların yiyələrini, yer-yurdlarını da gizlədirlər. Onların ölümü barədə də heç xarici dövlətlərə məlumatlar vermirlər. Beləliklə, xarici muzdlular gətirməklə Ermənistan iki əsas məqsədə nail olmuş olur. Birincisi, erməni anaların etirazlarının qarşısını alır, erməni gənclərin döyüşə getməməsini bu cür ört-basdır edir. İkincisi isə onlar həlak olanda baş verə biləcək etirazları önləmiş olur”.

Qeyd edək ki, Böyük Britaniyanın “The Guardian” qəzetində də Azərbaycana guya Suriyadan hərbçilərin gətirilməsi barədə məqalə dərc olunub. Bununla bağlı da fikirlərini bölüşən Cəmil Xəlilov deyib:

“Bu gün Azərbaycan həqiqətlərini dünyanın aparıcı ölkələrinə bizim mətbuat işçiləri, Xarici İşlər Nazirliyinin əməkdaşları, səfirliklərimiz çatdırırlar. Amma erməni mənşəli, yaxud erməni lobbisindən asılı olan jurnalistlər bunları kənara qoyur, ermənilərin yaydığı yalan, təxribat xarakterli məlumatlar yayırlar. Bununla da onlar ən azı öz peşə prinsiplərinə xəyanət edirlər”.