ATƏT-in Daimi Şurası Qarabağda baş verənlərlə bağlı təcili toplanır: qərar veriləcək/Şərh

29 Sentyabr 2020 18:00 (UTC+04:00)

ATƏT indiyə qədər onun üzərinə qoyulan missiyanı yerinə yetirə bilməyib. ATƏT-in Faktaraşdırıcı missiyası, habelə həmsədrləri, elə bölgədəki nümayəndəsi Kaspirşik prosesləri ölü nöqtədən tərpədə bilməyib. Regiona gəlib-gediblər, bəzən bu turizm xarakterli olub. Həmsədrlərin hətta Xankəndində kef məclisi kadrları da yayılıb. İşğalçı Ermənistana təzyiqlər göstərməyə cəhd etməyiblər. 28 ilə yaxın sülhyaratma fəaliyyətində heç bir irəliləyişə nail ola bilməyib. Nəticədə sülh danışıqları dalana dirənib və Azərbaycan məcbur olub ki, beynəlxalq hüquqa söykənərək problemini güc yolu ilə həll etsin.

Bu fikirləri Teleqraf.coma politoloq Qabil Hüseynli bir neçə saatdan sonra başlayacaq ATƏT-in Daimi Şurasının Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin vəziyyətlə bağlı bu gün xüsusi iclası haqqında danışarkən deyib.

Politoloq qeyd edib ki, ATƏT-in Daimi Şurası bir növ ATƏT-in icraedici qurumu kimi fəaliyyət göstərir: “Elə Minsk Qrupunun yaradılmasında da bu qurumun rolu olub. Üstəlik Minsk Qrupu Daimi Şura qarşısında hesabat verir. İndi ATƏT Daimi Şurasının iclasında nə ola bilər ki? Azərbaycan heç kimin torpağına daxil olmayıb, işğalçı siyasəti gəyata keçirmir. Bu gün Azərbaycan ordusu onun işğal edilən 20 faiz torpağının cəmi bir neçə faizində döyüşlər aparır. Və bunu BMT nizamnaməsi və beynəlxalq hüququn icazə verdiyi formada həyata keçirir”.

Qabil Hüseynli hesab edir ki, ATƏT Daimi Şurasının iclasında qərar çıxa və ya tərəflərə çağırış ola bilər: “Ancaq mən daha çox çağırış və ya bəyanat olacağını ehtimal edirəm. Əgər qərarlardan söhbət gedəcəksə və kimisə təcavüzdə ittiham etməyə qol qoyacaqlarsa, bu çox gülünc olacaq. 30 ilə yaxındır ki, təcavüzkar ordu 20 faiz torpaq işğal edib, 1milyondan çox insanı məcburi köçkünə çevirib. Və bunun qarşılığında ATƏT Daimi Şurası səsini də çıxarmayıb. İşğalçıya qarşı sanksiya və məcburuedici addımlar atmayıb. Onlardan soruşmaq lazımdır ki, Ermənistan əsgərinin Azərbaycan ərazilərində nə işi var? İşğal edilən ərazidən danışırsınız, amma işğalçının adını çəkmirsimiz”.

Mütəxəssis xatırladıb ki, indiyə qədər onlarla çağırış edilib: “Dünyada BMT qərarlarından güclü qərar yoxdur. BMT qərarları ən üstün hüquqa malikdir. Mən çağırış xarakterli qərarlar gözləyirəm. Hesab edirəm ki, Azərbayca soyuqanlı hərəkət edərək addımlarını davam etdirəcək. İndiyə qədər 30 çağırış, bəyanat olub. Bu da olacaq 31-ci. Bunun məsələyə aidiyyəti yoxdur. Azərbaycan soyuqanlı hərəkət edəcək və belə də olmalıdır. İşğalçı son ana qədər təcavüzkar çağırışlar edib. Ermənistan müdafiə naziri Tonayan, Baş nazir Paşinyan belə çağırışlar edib. Tovuza hücumun məqsədi təkcə bu rayonu işğal etmək deyildi, eyni zamanda beynəlxalq layihələri nəzarətə almaq, Azərbaycanı Avropa qaz bazarından sıxışdırıb çıxarmaq idi. Bunlar quldur hərəkətlər idi. Buyurub bu məsələlərə qiymət versinlər”.

Qeyd edək ki, bu gün ATƏT-in Daimi Şurasının Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki gərgin vəziyyətlə bağlı bu gün xüsusi iclası keçiriləcək. İclasda Dağlıq Qarabağ münaqişəsi kontekstində son vəziyyət müzakirə olunacaq. İclasda ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edəcək və o, Daimi Şuranı son vəziyyətlə bağlı məlumatlandıracaq. Xüsusi iclas Bakı vaxtı ilə saat 19:00-da keçiriləcək.