Sərdar Cəlaloğlu niyə Nobel almadı?

16 Oktyabr 2014 16:37 (UTC+04:00)

Kəşf etdiyi yeni condisiologiya elmi ilə Nobel mükafatı qazanacağını iddia edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludan builki Nobel nəticələri və gələn il üçün şansları barədə soruşduq.

S.Cəlaloğlu Teleqraf.com-a bildirdi ki, elmi barədə Azərbaycan Milli Elmlər Akademiyası, İranın Azərbaycandakı səfirliyini və bir sıra türk alimlərini məlumatlandırsa da, cəhdləri boşa çıxıb.

Həmçinin AMEA prezidentindən xahiş edib ki, nəzəri mexanika, fəlsəfə, dilçilik sahəsindən olan mütəxəssislərin iştirakı ilə müzakirə təşkil etsinlər, orada nəzəriyyəsinin mahiyyətini izah edə bilsin:

“Çünki uzun illərdir dinlə elmin arasında çox böyük ziddiyyət var. Doğrudan da, Quranda yazıldığı kimi dünya Allahın “ol” deməyi ilə yaranıbsa, onda hansı halda materiyaya çevrilə bilər? Necə olur ki, materiyanın həqiqətini dərk edirik, dərk etdiyimiz həqiqət necə beynimizdə inikas olunur? Bu sualın cavabı elm və fəlsəfədə olmadığına görə elm dini, din də elmi qarşılıqlı inkar edir. Bu da bəşər tarixində çox böyük itkilərlə müşahidə olunur. Bu özü də daha böyük yeni elmi kəşflərə gətirib çıxaracaq. Həyatın əmələ gəlməsinə, insanın ayrı-ayrı fəaliyyət və qabiliyyətlərinin mahiyyətinə aydınlıq gətirmək baxımından fundamental yol açacaq. Çox təəssüf ki, AMEA prezidenti mənə dedi ki, bu məsələ ilə maraqlanan mütəxəssislərə məlumat verəcəyəm, bu günədək nə müzakirə təşkil olundu, nə də bir kəlmə deyildi. Bir neçə dəfə də əlaqə saxladım, dedilər özümüz xəbər edəcəyik, amma indiyədək bir xəbər belə yoxdur”.

“Bu elm qeyri-adi dərəcədə sensasiya yaradacaq”

ADP sədri İran və türk alimlərinin yeni elminə reaksiya verəcəyini düşünsə də, onlar da elmə etinasız yanaşıblar: “Gərək bu, müzakirə oluna ki, bilim düz deyirəmmi, irəli sürdüyüm nəzəriyyə nə dərəcədə ictimaiyyət tərəfindən qəbulediləndir. Müasir dünya elminin son nailiyyətləri əsasında bilirəm ki, öz nəzəriyyəmi əsaslandıra biləcəyəm. Ən vacibi isə bu elmdə bir çox suallara cavab var: həyat və insan necə əmələ gəlib, ölüm necə baş verib, doğrudanmı yalnız real gördüyümüz aləm var, yoxsa axirət də mövcuddur, varsa, bu dünyadan o dünyaya keçid necə baş verir? Elə fundamental sualların cavabını verirəm ki, qeyri-adi dərəcədə sensasiya yaradacaq”.

“Plagiatlıq edirlər”

S.Cəlaloğlu elmiylə bağlı Müəllif hüququ agentliyindən sertifikat da alıb: “Çox təəssüf ki, Azərbaycanda elmə münasibət şou-biznes və idmana olan münasibətdən çox aşağı səviyyədədir. Ardıcıl olaraq Azərbaycan alimlərinin plagiatlıq etdikləri, elmi oğru olduqları barədə çoxlu faktlar mövcuddur. Bir azərbaycanlı dünya elminə meydan oxuyacaq bir nəzəriyyə təklif edir, AMEA isə heç bir reaksiya vermir. Mənim müxalifətçiliyimin elmə aidiyyatı yoxdur axı. Nə qədər ki həqiqi elmi əsər yazan insanlar kənarda qalacaq, onda yalançı alimlər ortalıqda olacaq”.

“Ermənilər Əkrəm Əylisliyə yox, onun ideyasına Nobel istəyirlər”

O, bu il Nobel Komitəsinə Əkrəm Əylislinin namizədliyinin irəli sürülməsinə də münasibətini açıqlayıb: “Əkrəm Əylislinin kitabı siyasidir və erməniləri haqlı çıxaran kitab olduğuna görə Rusiyada da müəyyən dairələr onun adını namizəd kimi təqdim etmişdilər. Əslində Əkrəm Əylisliyə Nobel vermək istəmirlər. Onun əsərində azərbaycanlılar vəhşidir, erməniləri qırır, ona görə ermənilər azərbaycanlılarla bir yerdə yaşaya bilməz, onlar üstün mədəniyyətə, şüura malikdir. Ermənilər bu ideyaya Nobel mükafatı verilməsi üçün çalışır. Yoxsa Əkrəm Əylisli onların nəyinə lazımdır?”

Nərgiz