"Hündürdaban ayaqqabı geyinə bilirsə, maska da taxar..." - Adil Qeybulla

23 Noyabr 2020 14:48 (UTC+04:00)

Noyabrın 21-dən COVID-19 infeksiyası ilə mübarizədə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimi sərtləşdirilib.

Mövzu ilə bağlı həkim professor Adil Qeybulla Teleqraf.com-un suallarını cavablandırıb.

Müsahibənin təqdim edirik.

- Doktor, yenin qaydalara əsasən artıq açıq havada da maska taxmaq məcburidir. Bu nə ilə əlaqədardır?

- Görünən odur ki, virusun kontagiozluğu yüksək olaraq qalmaqdadır. Gün ərzində avtobus dayanacaqları, açıq hava, müəyyən toplantılar və sair də daxil müxtəlif yerlərdə oluruq. Zəfər yürüşü də göstərdi ki, hər an belə situasiyalar yarana bilər. Azərbaycanda bu vəziyyəti nəzərə alaraq açıq havada maska taxmağın zəruriliyi qeyd olunur. Yoluxma insanların fiziki məsafə gözləməsi mümkün olmayan yerlərdə baş verə bilər. Adi bir xəstə insan sağlam şəxsdən nəsə soruşduğu zaman da onu yoluxdura bilər.

Əsas yoluxma mənbəyi ağız və burun aerozolundan çıxan su damlalarıdır. Həm də insanlarda açıq havada maska geyinmək vərdişini yaratmaq ona görə vacibdir ki, onlar qapalı mühitə daxil olarkən, heç olmasa orada maska geyinsinlər. Maska burun və ağızı tam örtmürsə, onu geyinməyin mənası qalmır. Cibdə bir maskanı günlərlə saxlamaq, yaxud maskanı tez-tez dartmaq yolverilməzdir.

Maska geyinməyə etiraz edənlər, müqavimət göstərənlər bilməlidirlər ki, bu bir həyat formasıdır, onu mədəniyyət nümunəsinə çevirməliyik. Hər payız respirator xəstəliklərdən qorunmaq üçün maskadan istifadə etməliyik. Necə ki, hündürdaban ayaqqabı geyinmək asan deyil, amma qadınlar geyinə bilirlər. Deməli, lazım gələndə maska da taxmalıyıq. İnsanlar bunu dərk etməlidirlər. İnfeksiya çox sürətlə yayılır, böyük arealı əhatə edir. Bu gün Azərbaycanın özündə böyük yayılma potensialı var.

- Vətən müharibəsində qələbəmizi qeyd etmək üçün yürüşlər təşkil edildi. Hazırkı yoluxma statistikası həmin yürüşlərin nəticəsi sayıla bilərmi?

- Yoluxma sayının 3 min olduğunu deyiriksə, bu rəqəmi 10-a vurun. Xeyli adam xəstəliyə yoluxsa da, qeydiyyatdan keçmir, test elətdmir, heç yerə rəsmi müraciət etmir. Özəl klinikalarda, başqa yerlərdə kompüter tomoqrafiya edir, şəxsi həkimləri ilə müalicə alırlar. Yaxud konkret respetlərlə müalicə olunurlar.

Rayon yerlərində ümumiyyətlə çoxsaylı xəstələr var ki, yataq rejimində qalıblar. Hazırkı rəqəmlər bütün bu reallıqları əks etdirmir. Qələbəmizdən sonra yürüyüşlərdə davranışlara riayət olunmadı. Bu da artıma gətirib çıxardı.

- Qafqaz regionu ilə müqayisədə ölkəmizdə vəziyyət nə yerdədir?

- Bütün situasiyalarda dünyada bu günkü vəziyyət analojidir. Bu baxımdan dünyada infeksiyanın ikinci dalğası baş versə də, bizdə ola bilər ki, proses daha yüngül keçsin.

- Yoluxma sayı artan statistika ilə davam edir. Hansı ölkənin praktikasına müraciət edə bilərik?

- Əslində yaxşı nümunələrdən biri Gürcüstan idi. Lakin hazırda orada da yüksək yoluxma müşahidə olunmaqdadır. Bu səbəblə yaxşı olar ki, Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələri ilə hərəkət edək.

- Tətbiq olunan sərt karantin rejimi rəqəmlərin azalmasına kömək edə bilərmi?

- Görülən tədbirlər ona yönəlib. Onsuz da yoluxmaların pik dövründən sonra enmə müşahidə olunacaq. Xeyli insanın xəstələnməsi kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq. Proses təxminən 2 ay müddətində çəkəcək. Karantin rejimi sərtləşdiyi üçün artıq xüsusi artım müşahidə olunmayacaq.