Dağılmış şəhərlərimizin bərpası başlayır - Nazir

23 Noyabr 2020 12:55 (UTC+04:00)

Ölkəmizdə elan olunmuş hərbi vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının 2021-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələrinin hələlik Milli Məclisin müzakirəsinə təqdim edilməməsi anlaşılandır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Report-a açıqlamasında deyib.

Ş.Şərifov 2021-ci il üzrə hazırlanmış dövlət büdcəsi layihəsində müəyyən düzəlişlərin ediləcəyini bildirib:

“Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Ordumuzun əks-hücum əməliyyatı nəticəsində Ermənistanın məğlub edilməsi və onun təslimiyyət bəyanatını imzalamağa məcbur edilməsi nəticəsində ölkəmizin əzəli torpaqlarının 30 ildən bəri davam edən işğalına son qoyuldu.

İşğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma işlərinin aparılması, sosial-iqtisadi, enerji, kommunal, nəqliyyat infrastrukturun yaradılması, öz doğma yurdlarına qayıdan vətəndaşlarımızın yaşayışı və işgüzar fəaliyyəti üçün şəraitin təşkil edilməsi ən ümdə prioritet kimi qəbul edilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “tezliklə bütün Qarabağda abadlıq, quruculuq, inkişaf başlayacaq”.

Maliyyə naziri bildirib ki, azad olunan rayonlarda ilk olaraq müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi vacib hesab olunur. Bu isə həmin ərazilərdə Azərbaycan Ordusunun, Sərhəd Qoşunlarının, daxili işlər, təhlükəsizlik orqanlarının fəaliyyətinin təmin edilməsini, minatəmizləmə tədbirlərinin təşkil olunmasını ön plana çıxarır. Qeyd olunan vəzifələrin həyata keçirilməsi ilə bağlı maliyyə təminatının yaradılması 2021-ci il üçün hazırlanmış dövlət büdcəsi layihəsində müvafiq düzəlişlərin edilməsini şərtləndirir.

“Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələrinin icrasına artıq başlanılıb. Prezidentin sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Əhmədbəyli–Alxanlı–Füzuli–Şuşa avtomobil yolunun tikilməsinə ayrılmış 50 mln manatın maliyyələşdirilməsinə start verilib”, - S.Şərifov qeyd edib.