Cənab Prezidentin bu suallarına konkret cavab olmalıdır - Komitə sədri

23 Noyabr 2020 21:59 (UTC+04:00)

Azərbaycana münasibətdə davamlı olaraq beynəlxalq təşkilatların qərəzli və çoxüzlü standarta əsaslanan mövqeyi hər zaman müşahidə edilib. Buna qarşı da hər zaman Azərbaycan tərəfinin haqlı etirazı olub. Hər kəsə bəlli olan məsələlər ətrafında belə mövqe sərgiləndikdə buna dözmək artıq çox çətin olur. O üzdən cənab Prezident İlham Əliyevin çox haqlı sualları qarşısında Onun özünün söylədiyi kimi yenə də susqunluq nümayiş etdiriləcəyini gözləyirdik.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Ailə, Qadın Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Komitə sədrinin fikrincə, bunun ən müxtəlif səbəbləri haqqında daim müzakirələr açılıb suallar ünvalanıb: “Cənab Prezident də bunu açıq şəkildə vurğuladı. Mənə görə, burada əsas amil kimi ilk növbədə, xristian təəsübkeşliyini göstərmək olar. Erməni məsələsini beynəlxalq aləmdə, ayrı-ayrı ölkələrin hərbi siyasi rəhbərliyində təmsil olunan adamların fəaliyyətində bir öhdəlik kimi qəbul olunması ilə də əlaqələndirmək olar.

Məsələn, məlum olur ki, açıq şəkildə erməniləri müdafiə edən Fransa prezidenti Emannuel Makronun ulu babalarından biri erməni olub. Burada qeyri-adi bir şey yoxdur. Hər kəsin bir etnik mənsubiyyəti ola bilər. Lakin beynəlxalq proseslər ayrı-ayrı dövlətlər etnik və dini mənsubiyyətə görə idarə olunmamalı, qanunlara, hüquqa və insanlıq dəyələrinə əsaslanmalıdır. Əgər kimsə, öz şəxsi və qrup maraqlarından hansı dairəyə, xidmət etməsindən asılı olaraq mövqeyini müəyyən edəcəksə, buna uyğun siyasət sərgiləyəcəksə əlbətdə ki, narazılıq doğuran məqamlar olacaq.

ATƏT-in üç həmsədrindən biri kimi öz mandatını aşan açıqlamalar vermək və çağırışlar etmək isə indiki vəziyyətdə ümumiyyətlə qəbul edilə bilməz”.

Bahar Muradovaya görə, belə olan halda beynəlxalq təşkilatlara olan inam azalır: “Belə təşkilatların mövcudluğunun, əsaslandığı dəyərlərin, qəbul etdiyi sənədlərin heç bir əhəmiyyəti olmur. Beynəlxalq ictimaiyyət, üzv dövlətlər də artıq bərəbərhüquqlu üzv kimi bundan yararlana bilmir. Belə açıq tərəf tutmaq və yaxud cinayətkar susqunluq nümayiş etdirmək qarşılıqlı faydalı əməkdaşlığa, təhlükəsizliyə xidmət edən mövqelərin, beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsinin qarşısında maneə kimi durur. Cənab Prezidentin haqlı olaraq Avropa Şurasına, Avropa Parlamentinə, ATƏT-ə ünvanladığı suallara konkret cavab olmalıdır. Bundan əvvəl Azərbaycan əraziləri erməni işğalında idi. Biz söylədiklərimizi konkret faktlarla sübut etmək imkanına malik deyildik. Amma buna baxmayaraq kimlərinsə özlərini ermənilərin bu ərazilərdə törətdikləri vəhşilik və vandallığının nəticələrindən məlumatsız kimi göstərməsinə heç cür haqq qazandırmaq olmaz. Çünki bu heç bir halda inandırıcı deyil. Əks halda bu şəxslər belə beynəlxalq təşkilatlarda yer almamalı, üzərlərinə vəzifə götürməməli, beynəlxalq təşkilatın mandatını daşımamalıdır. Əgər məlumatlı olub da obyektiv mövqe sərgiləmirsə, onda həmin şəxslərin mənəvi haqqı yoxdur ki, bu vəzifələri icra etsin.

Amma indi artıq hər şey göz qarşısındadır. Bütün dünya gördü ki, 100 il, 30 il, 44 gün bundan öncə nələr baş verib. İşğal altında olmayan, 100 km-lə cəbhədən uzaqda olan ərazilərdə baş verənlər hər kəsin gözü qarşısındadır. İnternet şəbəkələri bu məlumatlarla zəngindir. Avropa Şurası, yaxud Avropa Parlamenti dünyanın gündəmində olan böyük bir konfilikti həll edən müstəqil Azərbaycan Prezidentinin, Ali Baş Komandanın suallarına cavab vermirsə və yaxud verə bilmirsə artıq bu bir sıra qaranlıq məqamların mövcudluğundan cavab verir”.

Bahar Muradovaya görə, bu suallara cavab verməli olanların erməni məsələsi ilə bağlı öhdəlikləri var: “Onlar erməni lobbisindən maliyyə və digər proseslərə görə asılıdır. Bu eyni zamanda onların qərəzli olmasından, islamafob mövqeyə sahib olmalarından və daha çox xristian həmrəyliyindən irəli gəlir”.