Koronavirusa qarşı mübarizə ümumxalq işidir - Spiker

24 Noyabr 2020 16:12 (UTC+04:00)

Koronavirusa qarşı mübarizə ümumxalq işidir. Biz hamımız bu mübarizədə fəal iştirak etməliyik.

Teleqraf.com xəbər verir ki, bunu parlamentin sədri Sahibə Qafarova deyib. Onun sözlərinə görə, son dövrdə yeni növ koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində vəziyyət gərginləşib. Virusun yayılması sürətlə yüksəlib, yoluxan insanların sayı artıb.

Spiker bildirib ki, Milli Məclisin bir sıra deputatları da koronavirusa yoluxub: "Mən bütün xəstələrimizə şəfa diləyirəm".

Sahibə Qafarova deputatlara xitabən deyib ki, "Sizdən xahiş və tələb edirəm ki, xəstəlikdən qorunmaq üçün verilən bütün tövsiyə və göstərişləri yerinə yetirin, o cümlədən sanitariya-gigiyena qaydalarına ciddi əməl edin. Çünki qarşıda bizi çox önəmli işlər gözləyir".

Parlamentin Sədri Milli Məclisin fəaliyyətini işıqlandıran media təmsilçilərindən də xahiş edib ki, xəstəliyin yayılmasının qarşısını almağa, infeksiyadan qorunmağa kömək edən qaydalara ciddi riayət etsinlər.