Azərbaycanda ər arvadını amansızlıqla qətlə yetirdi

25 Noyabr 2020 11:10 (UTC+04:00)

Tovuz rayonunda arvadını qətlə yetirməkdə ittiham olunan Malik Məmmədalıyevin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası dekabrın 7-nə təyin olunub.

İttihama görə, bu ilin avqustun 8-də saat 15 radələrində, Tovuz rayon sakini Rəqsanə Məmmədovanın bıçaqlanması nəticəsində aldığı xəsartlərdən xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin əri Malik Məmmədalıyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Malik Məmmədalıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən Malik Məmmədalıyevin barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.