Bu müddət avtomatik uzadıla bilər: Rus sülhməramlıları... - Paşinyan

25 Noyabr 2020 13:15 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan rus sülhməramlılarının Qarabağda qalmasının 5 illik müddətlə məhdudlaşmayacağını düşünür.

Teleqraf.com xəbər verir ki, bu barədə Paşinyan Rusiya mediasına müsahibəsində deyib.

O bildirib ki, 5 illik müddət ərzində bölgədə təhlükəsizlik və sabitlik zəmanətləri yaradılmalıdır: “Amma Qarabağ münaqişəsi uzandığından rus sülhməramlılarının qalma müddətinin 5 illə məhdudlaşacağını düşünmürəm”.

Baş nazir qeyd edib ki, sülhməramlı qüvvələrin Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsi əldə edilən siyasi razılaşmadır və bu, Azərbaycan, Rusiya, Ermənistan liderlərinin birgə bəyanatında vurğulanıb.

Paşinyana görə, beş illik müddət prosesin başlanğıcıdır: “Bu müddət avtomatik uzadıla bilər. Hesab edirəm ki, bu anda əsas məsələ Dağlıq Qarabağda və bölgədə sabitliyi, Qarabağda yaşayanların təhlükəsizliyini təmin etməkdir. Ümid edirəm ki, Rusiya sülhməramlıları uğurlu fəaliyyət göstərəcək və bu missiyanı həqiqətən həyata keçirə biləcəklər”.