Ermənistanı özünə “bacı” elan etmiş Fransanın bu addımı... - Komitə sədrindən sərt sözlər

28 Noyabr 2020 09:28 (UTC+04:00)

28 illik fəaliyyəti dövründə Qarabağ məsələsinin sülh yolu ilə həllini tormozlayan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri Ermənistanı özünə bacı elan edib. Davamlı olaraq özünü itirilmiş qeyrət sahibi kimi hiss edən Fransa parlamenti tarix və zaman qarşısında daha bir biabırçı akta imza atıb. Azərbaycanın Qarabağ regionunda özünü "respublika" elan etmiş qondarma qurumu tanımaq barədə Fransa senatının tövsiyə xarakteri daşıyan qətnaməsinin hüquqi qüvvəsi yoxdur. Bu, Fransanın beynəlxalq miqyasda üzərinə götürdüyü öhdəliklərlə və daşıdığı mandatın tələbləri ilə bir araya sığmayan qeyri-ciddi imicə malik olduğunu sübut etmək üçün yetərli təsir gücünə malikdir.

Bunu Teleqraf.com-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.

Onun sözlərinə görə, bu sənəd senatın əsas tərkibinin bütün diplomatik etiket və normalara qarşı saymazyana münasibətini, o cümlədən beynəlxalq hüququn norma və prinsiplərini ciddi şəkildə pozmaqdan çəkinmədiyini sübut edir: “Qərar senatın mövcud beynəlxalq proseslərə öz tarixinin qaranlıq səhifələrindən qaynaqlanan baxışlarla münasibətidir. Başıbəla çoxluğun öz ölkəsinin hökumətini də münaqişələrin həllinin deyil, dondurulmasının, indiki halda isə əksinə daha da qızışdırılmasının tərəfdarı olmağa sürükləməkdir. Ermənistanın timsalında təcavüzü, vandalizmi və barbarlığı dəstəkləməyə sövq etməyə çalışır. Fransa 30 ildən sonra Azərbaycanın öz imkanlarına istinad edərək əldə etdiyi, Ermənistanın imzası və razılığı yaranacaq sülhə, təhlükəsizliyə imkan verən məntiqi sonluqla barışmaq istəmədiyini ortaya qoyur”.

Bahar Muradovanın fikrincə, Fransa Cənubi Qafqazda dayanıqlı və davamlı sülhün əldə edilməsinə töhfə vermək deyil, faşizm ideyalarını dəstəkləməyə təşviq etməyə çalışır: “Sanki Fransa Ermənistanın bu illər ərzində törətdiyi insanlıq əleyhinə cinayətlərə haqq qazandırmaq üçün öz üzərinə onun vəkili rolunda çıxış etmək kimi fərdi öhdəlik götürüb. Senatın divarları arasında kollektiv məsuliyyətə əsaslanan bir avantüraya hazır olduğunu ortaya qoyur. Bu qərar absurd beynəlxalq hüquqpozma aktı xarakteri daşıyan kağız parçasıdır. Özünü demokratik dünyanın bir hissəsi kimi təqdim edən Fransanın siyasi elitasında özünə yer eləmiş və "erməni məsələsinə bulaşmış siyasətbazların sayəsində ikitərəfli və çoxtərəfli əsasda etibarlı aktor və beynəlxalq hüququn vicdanlı subyekti olmadığını bir daha sübut edir. İnanmaq istərdim ki, Fransa rəsmiləri erməni sevgisi ilə dolu ürəklərinə daş basıb soyuqqanlı və doğru qərarlar qəbul edə biləcəklər”.