İşgəncə düşərgəsində olmuş türk həkim: “Zorla donuz əti yedirirdilər”

5 Dekabr 2020 19:06 (UTC+04:00)

Hər ötən gün Şərqi Türkistanda uyğur türklərinə edilən zülmlə bağlı yeni faktıar ortaya çıxır.

Teleqraf.com xəbər verir ki, iki il düşərgələrdə saxlanılan həkim Sayraqul Sautbay kitabında müsəlmanlara qarşı işgəncələri bir-bir təsvir edib.

Sautbay xüsusilə müqəddəs günlərin uyğur türklərini donuz əti yeməyə məcbur etmək üçün seçildiyini və uşaqların Çinin müxtəlif bölgələrindəki bağçalarda “pulsuz qida yardımı” adı altında donuz əti yeməyə məcbur olduqlarını yazıb:

“Hər cümə donuz əti yeməyə məcbur idik. Xüsusilə müsəlmanlar üçün müqəddəs olan günləri seçirdilər. Buna etiraz edəndə sərt cəza verilirdi. Özümü fərqli bir insan kimi hiss edirdim. Ətrafım qaranlıq idi. Qəbul etmək həqiqətən çətin idi”.

Sautbay Çin hökumətinin yalnız işgəncə düşərgələrində deyil, həm də məktəblərdə “pulsuz yemək” adı altında şagirdləri donuz əti yeməyə məcbur etdiyinə diqqət çəkib. O, bağçalarda da uşaqların donuz əti ilə bəsləndiyini iddia edib və Çinin fərqli taktikalarla müsəlmanların donuz əti yeməsinə çalışdığını söyləyib.

Biznesmen Zümrüd Davud isə türklərə verilən zülmü aşağıdakı sözlərlə izah edir:

“Bir konsentrasiya düşərgəsindəsinizsə, yemək yeyib-yeməməyinizə qərar vermirsiniz. Yaşamaq üçün bizə təklif olunan ətləri yeməli idik”.

Çin hökuməti, həmçinin 2018-ci ildə “İslamın dünyəvi həyata inteqrasiyası” və “ekstremizmin təbliğini dayandırmaq” adlı altında Urumçidə “anti-halal kampaniyası” başlatmışdı.

Cənubi Qaşqarda Konaxahar bölgəsində hər il 40.000 donuz yetişdiriləcəyi yeni bir fermanın qurulduğu bildirilib. Məlumata görə, hökumət Sincanda donuzçuluq təsərrüfatını inkişaf etdirmək üçün aktiv səylər göstərir. Baş icraçı Şöhrət Zakir müsəlman bölgəsinin “donuz yetişdirmə mərkəzi”nə çevriləcəyini deyib.

Uyğur müsəlmanları uzun illərdir Çində işgəncələrə məruz qalırlar. Həbs düşərgələrində saxlanılan milyonlarla Uyğur türkündən xəbər alınmır. Çin hökuməti “ekstremizm” bəhanəsi ilə müsəlman uyğurlara qarşı sərt assimilyasiya siyasətləri həyata keçirir.