Ad günü olan Mehriban Zəki: "Nə xoşbəxtəm ki, qismətimə düşdü..." - Müsahibə

18 Dekabr 2020 19:45 (UTC+04:00)

Xalq artisti Mehriban Zəki ad günü ərəfəsində Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Mehriban xanım, torpaqlarımız işğaldan azad edildi. Bu gün sizin ad gününüzdür. Belə bir ərəfədə təəssüratlarınız necədir?

- Pandemiya ilində dünyada elə bir insan olmadı ki, onun planlarına, işinə sədd qoymasın, maneə törətməsin. Elə bir insan olmadı ki, ad günü karantinə, pandemiya dövrünə düşməsin. İlin sonuna doğru pandemiya hamını əhatə elədi, bu da insanlarda qanqaraçılıq yaratdı. Hər kəs planlarında dəyişiklik eləməli oldu.

Bu dönəmdə dünyada ən böyük zərbə mədəniyyət sahəsinə dəydi. Sosial media vasitəsi ilə müşahidə edirəm ki, Rusiyada və bir çox Avropa ölkələrində müəyyən qaydalar çərçivəsində tədbirlər keçirməyə, mədəniyyət sahələrini canlandırmağa çalışdılar. Amma yenə də əvvəlki canlılıq yoxdur. Çünki bu sənət ünsiyyəti, açıqlığı, səmimiyyəti sevən sahədir. Bizim sənətdə sədd olmamalıdır. indiki vəziyyətdə rahatlıqla sənətlə məşğul olmaq mümkün deyil.

Düzdür, pandemiyanın ilk günlərdə bu virusa inanmayanlar, onun bir oyun olduğunu düşünənlər də oldu. Amma fakt olaraq virus və onun törətdiyi hadisə var. Yoluxanların sayı getdikcə çoxaldı, indi yoluxma bir nöqtədə dayanıb, ümid edək ki, bundan sonra azalmaya doğru gedəcək. Bunlar bizim həyatımıza, ruhumuza təsir etdi. Çünki mədəniyyət, incəsənət ruhdan qidalanan bir sahədir.

Ruh sağlam olmasa, incəsənətlə məşğul olmaq mümkün deyil. Gərək tam düşüncəni oraya yönəldə biləsən. Dediyim kimi, fikrimcə, bu ərəfədə ən böyük zərbəni mədəniyyət sahəsi aldı.

Gözlənilməz bir halda ilin sonuna dörd ay qalmış hadisələrin gedişatı dəyişdi, bizim üçün çox gözəl bir məqam yarandı. 30 il işğalda olan torpaqlarımızı azad edildi. Bizim buna hər zaman ümidimiz var idi, amma hərdən inamsızlıq yaranırdı ki, bu, nə zaman olacaq? 30 il az müddət deyil və bu illər ərzində yeni bir nəsil böyüdü.

Vətən müharibəsinin başlanması, bizim canımız, qanımız olan, ruhumuzla yoğrulmuş torpaqlarımızın geri alınması, hər gün qələbə, zəfər xəbərlərini eşitməyimiz, sevincdən ağlamağımız, özümüzə yer tapmamağımız... Düşünürdük ki, bu, doğrudanmı baş verir?

Ali Baş Komandanımızın təfəkkürünə sadəcə heyran qaldıq. Cənab prezidentimiz dəqiqliklə hərbi sahədə də, siyasi arenada öz sözünü dedi və nöqtəni qoydu. Buna sevinməmək mümkün deyil. Bu qələbə, bu Zəfərlə çiyinlərimiz açıldı, başımız dikəldi, qürurumuz bərpa olundu.

Ümumiyyətlə, mən ad günlərini qeyd etməyə üstünlük vermirəm, bunu sevmirəm. Amma mənim üçün bu ad günüm çox dəyərlidi. Ad günümdə ən böyük hədiyyə Zəfərin özü oldu. Mən çiyinlərimi açmışam, ləyaqət və şərəf hissi ilə deyirəm ki, qürurluyam! Fəxr edirəm ki, bu ölkənin vətəndaşıyam. Nə gözəl bir zamanda yaşayıram! Mənim qismətimə nə gözəl bir dövr düşdü... Çox şükür ki, bu qələbəni görə bildim.

Qəlb yanğısı ilə deyirəm ki, bu qələbəni görməyən insanlar oldu. Mənim mərhum ustadım Vaqif İbrahimoğlunun qələbəmizə necə sevinməsini görmək istəyərdim. Onun bu Zəfərə necə ləyaqətlə və sevinclə baxdığını görmək istəyərdim. Bundan sonra pandemiya bitsin, karantin dövrü sona yetsin, biz sənət admaları artıq öz torpağımızda mədəniyyət ocaqlarını dirçəldək. Çünki mədəniyyət sahəsi fəaliyyət göstərmədən olmur.

Mədəniyyət, incəsənət insanın ruhunu qidalandıran bir sahədir. Siz fikir verirsinizsə, cəbhədə olan gözəl balalarımız boş zamanlarında mahnı oxumaqla, bir-biri ilə zarafatlaşmaqla məşğul olurlar. Bu da incəsənətin bir növüdür. Bu sahə ruhun təzahürüdür. Necə saf və gözəl uşaqlardı... Bizə, özlərindən yaşca böyük insanlara dərs keçirlər ki, bu cür ruh yüksəkliyi ilə yaşamaq lazımdır. Bu cür ruh yüksəkliyi ilə ölümü qarşılamaq olar. Ona görə qürurluyam, sevincliyəm ki, bu Zəfər hissini yaşamaq mənə də qismət oldu.

- Növbəti ad gününüzü işğaldan azad edilmiş hansı rayonumuzda, şəhərimizdə qeyd etmək istəyərsiniz? İlk olaraq azad edilmiş torpaqlarımızın hansı yerinə getməyi düşünürsünüz?

- Açıq deyim, Qarabağın heç bir şəhərində olmamışam. O torpaqlarımızda bizim böyük dəyərlərimiz var, bu haqda artıq qürurla danışırıq. Cəbhə bölgəsindən torpaqlarımızla bağlı gələn xəbərlər məni çox sevindirdi. Ən böyük qəhrəmanlarımız bizim əsgərlərimizdir. Ali Baş Komandanımızın çıxışlarını sevgi ilə izləyirdim.

Təbii ki, işğaldan azad edilən hər qarış torpaqlarımızı görmək istəyirəm, amma ilk növbədə Xankəndinə getmək istəyərəm.