“Paşinyanın xanımı müharibə vaxtı...” – Sabiq səfirdən şok iddia

11 Yanvar 2021 17:00 (UTC+04:00)

“Nikol Paşinyan 2.5 ildir məğlubiyyətimizi hazırlayırdı. Hər sahədə - hərbi, siyasi, diplomatik, informasiya - ardıcıl, diqqətlə və xüsusi kinlə uğursuzluğumuzu hazırladı”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan deyib.

“Diplomatik və məlumat komponentlərinə retrospektiv baxsanız, dəhşətli bir həqiqətlə qarşılaşarsınız. “Yeni Ermənistan” elan edən Nikol, əslində “yeni Azərbaycanın qurucusu" oldu”, - diplomat qeyd edib.

Minasyan Paşinyanın Xankəndindəki “Qarabağ Ermənistandır və nöqtə” bəyanatının Ermənistana baha başa gəldiyini söyləyib:

“Nikol bundan sonra yaranmış gərgin situasiyanı dəyişdirməli idi. Amma o, Minsk qrupunu qəsdən alçaldaraq nizamlanma prosesindəki rolunu azaldaraq yeni mövqelərdən danışıqlara başladığını elan etdi və vasitəçilərin üstündən keçərək birbaşa Azərbaycanla münasibətlər qurmağa başladı”.

Sabiq diplomat qeyd edib ki, Paşinyan bölgədəki müharibə ab-havasına baxmayaraq, Ermənistanı KTMT-dən uzaqlaşdırmağa çalışıb:

“Tarixi müttəfiqlərlə mübahisə edən, yenilərini tapmayan, ordunu zəiflədən və cəmiyyət arasında nifrət toxumu səpən Nikol Ermənistanı ötən 2.5 ildə məğlubiyyətə uğrayan bir ölkəyə çevirdi. Müharibə zamanı biabırçı yalanlar, Anna Akopyanın komandanlıq sevdası və prosesə müdaxiləsi, uğursuz səfərbərlik, bir sıra səhv hərbi qərarlar, Şuşanın itirilməsi, ölənlərin, yaralananların, itkin düşənlərin və əsirlərin gizlədilən sayı – bunların hamısı Paşinyanın atdığı addımların nəticəsidir.

Təslim olduğumuzdan 2 ay keçdi, lakin geri çəkilmək istəmir. Hər gün bir şey itiririk və bir şey qaytarırıq. O, yenə də Azərbaycanın “qəhrəmanı” olmağa hazırdır”.