Ölmədən cənnətə göndərilən peyğəmbər – Göyün yeddinci qatına səyahət

15 Yanvar 2021 09:07 (UTC+04:00)

Dini mənbələrə görə, İdris Adəmdən sonra yeddinci nəsildəndir. Şet peyğəmbərin nəvələrindən olan Yeretin oğlu İdris Quran və Tövratdan başqa digər dini kitablarda da bəhs edilən peyğəmbərlərdəndir. Bəzi mənbələrə görə, peyğəmbər deyil, müqəddəsdir. Qədim Babilistan və ya Misirdə anadan olduğu deyilir. Ona otuz səhifəlik bir kitab endirilib.

Müxtəlif hədislərə görə, ölümündən əvvəl Allahın qatına çıxan dörd, bəzilərinə görə doqquz insandan biridir. Yetmiş iki dildə danışaraq, hər qövmə öz dilində səslənib və onları dinə dəvət edib. Yazılı İslam mənbələrində İdris peyğəmbərin adı Ahnut-Uhnut və ya Unnuh, Qərb dillərində əslən ibrani olan Xanokdur.

Tövratda Xanok adlandırılır. Quranda adı iki yerdə -“Məryəm” və “Ənbiya” surələrində İdris kimi xatırlanır.

Xanokun qeybə çəkilməsi

Qədim Misir tanrısı Osirisin İdris olduğu iddia edilir. Tövratda da İdris Osirislə əlaqələndirilir. Müxtəlif inancların kitablarında və yazılı əfsanələrdə qədim Misir tanrısı Tot, Şumer və Babil tanrısı Enlik, eləcə də qədim yunan tanrısı Hermesin əslində İdris olduqları iddia olunur. Bu yazılı əfsanələrdə danışılan hadisələr və İdrisin yaşadığı olaylar çox oxşardır.

Tövratın V fəslində Xanok belə təsvir edilir: “Yeret 162 yaşında olarkən oğlu Xanok dünyaya gəldi. Xanok dünyaya gəldikdən sonra Yeret daha 800 il yaşadı. Başqa oğulları və qızları var idi. Yeret cəmi 962 il sonra öldü. Xanok 65 yaşında olanda oğlu Mafusal doğuldu. Mafusalın anadan olmasından sonra Xanok 300 il Allah yolunda getdi. Başqa oğul və qızları var idi.

Xanok 365 il yaşadı. Allah yolunda xidmət etdi, sonra yox oldu, çünki Allah onu özü ilə apardı”.

365 illik ömür

Bəzi mənbələr Qurandakı məlumatlara və digər qaynaqlara, xüsusən də apokrifik əsərlər və rəbbani ədəbiyyata əsaslanaraq, İdrisi səmaya yüksəldilmiş şəxsiyyətlərdən biri kimi qəbul edirlər. Digər tərəfdən bir çox mənbələrdə İdris Hermeslə bir sayılır.

İbn əl-Küfti İdris haqqında bu fikirləri nəql edir: “Bəziləri onun Misirdə anadan olduğunu və adının Hermesül-Həramisə olduğunu söyləyirlər. Adının yunan dilində Ermes, ərəb dilində Hermes adlandırıldığını söyləyənlər də var. İbranilər ona Xanuk deyirlər, bu ad ərəb dilində Uhnuh idi.

Allahın kitabında İdris adlandırır. Biruni Hermesin İdris də adlandırıldığını və bəzilərinin Buddanı Hermes olaraq qəbul etdiklərini bildirir”.

Müsəlman müəlliflər də Bibliyadakı rəvayətdə əbədi həyata qovuşanın İdris, yəhudilərin dini mətnlərində isə ölməmişdən cənnətə girənin Xanok olduğunu qəbul edirlər. Təbəri bu baxışı qəbul edən ilk müəllifdir. Fəxrəddin ər-Razi, İbnül-Əsr və digər müfəssirlər ibranilərin Xanuku ilə müsəlmanların İdrisinin eyni şəxs olduğunu, ümumilikdə 365 il yaşadığını söyləyirlər.

İbranilərə görə, o, yoxa çıxır, çünki Allah onu yanına aparıb, amma ölməyib.

Mələklərin başçısı

Haqqında Bibliya ilə yanaşı, Talmud və Midraşda, eləcə də apokrifik ədəbiyyatda məlumat olan bir peyğəmbər, yoxsa müqəddəs şəxs olması məsələsi yəhudi alimləri arasında mübahisəlidir.

Aqqadada (yəhudilərin Talmud və Midraşın hekayələr, əfsanələr, sitatlar, döyüş sənəti, folklor mövzularından ibarət fəsillərinə verdikləri ad) Xanok ölüm ağrısı olmadan cənnətə girən doqquz sadiq insandan biri kimi göstərilir.

Yəhudi mənbələrinə görə, Xanok gizli bir yerdə sadiq insan kimi yaşayarkən bir mələk onun yanına gəlir və bu tənha vəziyyətdən çıxmasını, eləcə də insanlara Allah yolunda getməyi öyrətməsini istəyir. Bundan sonra Xanok 243 il (peyğəmbərlik) müəllimlik edir və bu dövrdə dünyada sülh və əmin-amanlıq bərqərar olur, hətta bütün kral və şahzadələr ona tabe olurlar.

Bəşəriyyətə göstərdiyi xidmətlərin müqabilində Allah onu cənnətdəki mələklərin başçısı etməyi qərara alır və döyüş atlarının ildırım kimi alov saçan arabasıyla göylərə aparır. Allah Xanoka möhtəşəm bir libas və göz qamaşdıran bir tac verir. Bütün hikmət qapılarını açır və ona Metatron (cənnətdəki bütün sakinlərin şahzadəsi və başçısı) adı verir, bədənini şöləyə çevirir, fırtına, qasırğa və göy gurultusu ilə əhatə edir.

Xanok yəhudi mistikasında böyük əhəmiyyətə sahib bir şəxsdir. Bu inanca görə, bəzi mələklərə xüsusi status verilib və Metatron onların başçısıdır. Beləliklə, baş mələk və digərlərinin şahzadəsidir. Merkava ədəbiyyatına görə, Metatron Xanokun bəşərilikdən çıxarılan və mələkləşmiş formasıdır, göylərə aparıldıqdan sonra orada insanların əməllərini yazır. Kabbalistlərə görə də Metatron Xanokun özüdür, amma o, yer üzündədir.

Göylərə səyahət

“Zohar”a görə, Xanok Adəmin nəsillərinin hər birinin kitabları kimi bir kitaba sahibdir, onun kitabı hikmətin sirridir. Dünyanın sonuna yaxın Xan və Elya (İlya, İlyas) ilə birlikdə “yol açan” və “hazırlaşdıran” rolunu oynayacaq. Onlara görə, Xanok Metatron adını alıb və ona nurani sima verilib. Elya da ölməyib, göylərə çəkilib, amma yenə də insan simasındadır.

Bununla yanaşı, Xanok və Elyanın eyni insanlar olduğunu və fərqli adlarla ifadə edildiklərini iddia edənlər də var.

Xanokla əlaqəli mənbələrdən biri də “Xanok Kitabı”dır. Üç fərqli nüsxə olan əsərin Efiopiya dilində yazılmış versiyasında Xanok yaxşı insanlarla Tanrı arasında vasitəçidir. Səmavi səyahətə çıxır və bu səyahətdə bütün yaradılışın sirləri ilə tanış olur. Slavyan dillərində qələmə alınmış versiyasında isə Xanokun mələyin qanadında yeddi mələyi ziyarət etdiyi təsvir olunur. Səmanın yeddinci qatında Allahı taxt-tacında və möhürlənmiş kitablarını görür.

Allah mələk Vreveylə Xanoka göyün və yerin işini, eləcə də digər məsələləri izah etməsini və Xanokun bu danışılanları 360 kitabda yazmasını əmr edir.

Elmli peyğəmbər

İbn Abbas İdrisin dərzi olduğunu, hər iynə sancanda “Sübhanəllah” dediyini və axşamları yer üzündə əməlləri ondan üstün olana rast gəlinmədiyini rəvayət edir. Fəxrəddin ər-Raziyə görə, “Biz onu uca bir məkana yüksəltdik” ayəsi onun üçün endirilib. Həm peyğəmbərlik verilən, həm otuz səhifəlik kitab endirilən, həm qələmlə yaza bilən, paltar tikən, hesab və ulduz elmləri ilə ilk məşğul olan ilk insan da İdrisdir.

İdris bəzən İlya (İlyas) ilə eyni şəxs olaraq qəbul edilir. Abdullah Məsuddan nəql edilən rəvayətə görə, şübhəsiz ki, İlyas da göndərilən peyğəmbərlərdən biridir. İbn Məsud və İbn Abbas İlyas və İdrisin eyni şəxs olduqlarını bildirirlər. İdrisə ilahi məlumatları ehtiva edən otuz səhifə göndərilib. O, Adəm və Şetin səhifələrini ürəyinin üstündə gəzdirirdi. İdris elm, say, hesab, dərman, bitkilərin sirləri, müxtəlif sənətlər, yazı, tikiş və tərəzi istifadə etmək kimi peşə və sənətləri icad edib.

İdrisə göndərilən kitabda səmanın sirləri, ruhani hökmranlıq üsulları və varlıqların xüsusiyyətləri kimi mövzular haqqında məlumatlar vardı. İbn Əsrə görə, çox sayda tələbəsi olan İdris dünyada ilk dəfə dəmir kəşf etmiş və ondan alətlər düzəltmiş, əkinçiliyi inkişaf etdirmiş, dəridən və parçalardan paltar tikmişdi.

Üç Hermes

Ulduzlar və hesab elmi ilə məşğul olan ilk şəxs olduğundan yunanlar ona “Hakim Hermes” adını vermişdilər. İdrisin şəxsiyyəti ilə bağlı ən maraqlı məqamlardan biri də onun yarı əfsanəvi bir şəxsiyyət olan Hermeslə əlaqəsidir. İslami mənbələrdə üç Hermesdən bəhs olunur və hər birinin fərqli xüsusiyyətləri var. Bunlar Hermes, babilli Hermes və misirli Hermesdir.

Birinci Hermeslə bağlı rəvayətlər İdris haqqında söylənənlərə bənzəyir və bəziləri Uhnuh və İdrisi eyni şəxs sayır. Bu Hermes göyləri bilən və insanlara tibb haqqında öyrədən ilk insan idi. Həm də onun yazının ixtiraçısı olduğuna və insanlara geyinməyi öyrətdiyinə inanılır. Seyid Hüseyn Nəsirə görə, ilk dəfə Allaha ibadət etmək üçün evlər tikdi və Nuh selini xəbər verdi. Hədis və Quran təfsirçiləri İdrisin meracını (göyə çəkilmə) ilk merac kimi qəbul edirlər. İdris yer üzündə olan insanları dinə dəvət etsə də, çox cavab tapa bilmədiyi zaman Aşura günü özünə nümayəndələr təyin etdikdən sonra göyə qaldırıldı.

Daylami, Firdövs, İbn İshaq, İbn Hişam, Buxari, Umm Salam kimi bir çox hədisşünas bu məsələni belə izah edir: “Dünyadakı ömrünün sonlarına yaxın ölüm mələyi Əzrayıl İdrisin ziyarətinə gəldi. İdris Əzrayıla dedi: “Ruhumu bir anlığa götür”. Bundan sonra Allah Əzrayıla “Onun ruhunu al”, deyə əmr etdi. Əzrayıl İdrisin ruhunu aldı. Allah İdrisin ruhunu yenidən qaytardı. İdris Əzrayıla dedi: “Məni göylərə aparın. Cənnət və cəhənnəmi görüm”.

Cənnət və cəhənnəmdə

Allah Əzrayıla onu səmaya aparmasını, cənnət və cəhənnəmi göstərməsini əmr etdi. Cəhənnəm İdrisə göstərildi. Cənnətə aparıldı. Cənnətə girəndə ayrılmaq istəmədi. “Niyə çıxmırsan?”, deyə soruşulanda Allah dedi: “ Hər kəs ölümü dadacaq”. İdris “Mən ölümü daddım”, deyəndə yenə Allah buyurdu: “Hər kəs cəhənnəmə baş çəkəcək”. İdris “Mən ora baş çəkdim”, deyəndə yenə Allah buyurdu: “Onlar oranı (cənnəti) tərk etməyəcəklər”. “Mən buna görə cənnəti tərk etmək istəmirəm”, dedi.

Bundan sonra Allah Əzrayıla əmr etdi və İdrisin cənnətdə qalacağını bildirdi. İdris beləcə cənnətdə qaldı.

Buxarinin hədisində Məhəmməd peyğəmbərin Meraca gedərkən səmanın dördüncü qatında İdrisi gördüyünü bildirirlər. İdris diri olaraq göyə qaldırılanda onu çox sevənlər ayrılıq ağrısına dözə bilmədilər. Xatırlamaq üçün rəsmini çəkdilər. Daha sonra gələnlər bu rəsmin Allaha aid olduğunu zənn etdilər, heykəllərini düzəldib ibadət etdilər. Beləliklə bütpərəstlik yarandı.