Erməni tərəfi ciddi cəzalandıqdan sonra bundan nəticə çıxaracaq - Şərh

15 Yanvar 2021 16:04 (UTC+04:00)

Moskva görüşündə qəbul edilmiş sənədin tələblərinə əməl etmək Ermənistana daha çox vacibdir. Burada Azərbaycandan, Rusiyadan da daha çox maraqlı tərəf Ermənistan olmalıdır. Çünki bu sənədin bütün müddəaları onlar üçün xilas yoludur. Bununla Ermənistan düşdüyü durumdan xilas ola bilər. Başqa çıxış yollları da yoxdur.

Bunu Teleqaraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Onun sözlərinə görə, məhv olmuş, darmadağın edilmiş orduya malik Ermənistan bu gün ciddi iqtisadi-siyasi böhranla üz-üzədir:

“Bu ölkənin rəhbərliyi təmsil etdiyi cəmiyyətdə tam nüfuzunu itirib. Ona görə də artıq Ermənistan dövlətinin bundan sonrakı mövcudluğu gündəmdədir. Erməni tərəfdə ağlı başında, olanlardan nəticə çıxarmağı bacaran insanlar varsa, xalqını, dövlətini xilas etmək haqında düşünməlidir. Onlar 10 noyabr və 11 yanvar sənədlərindəki çıxış yollarına sadiq olmalıdırlar. Tələb edilən yeganə prinsip deyilənlərə tabe olmalarıdır”.

Deputat proseslərdən ermənilərin faydalanmasının önəmli olduğunu bildirib:

“Azərbaycana və qardaş Türkiyəyə qarşı çirkin iddialardan əl çəkərək normal qonşuluq prinsipləri üzərində düşüncə qurulmalıdırlar. Bundan sonra düşdükləri durumdan xilas ola bilərlər. Əks təqdirdə isə onlar üçün olacaqları özləri də bilirlər. Erməni cəmiyyətində ayrı-ayrı qüvvələrin revanşla bağlı fikirləri var. Bu, onları daha da ağır vəziyyətə sala bilər. Növbəti dəfə belə bir təxribat olacaqsa, döyüş əməliyyatlarının Ermənistan ərazisində olacağı faktdır”.

Elman Məmmədov bu gün erməni cəmiyyətinin islah olunaraq düzgün yola gəlməsinin ən optimal variant olduğunu əlavə edib:

“Moskva görüşündən öncə cənab Prezident İlham Əliyev də erməni tərəfinə xarici işlər nazirinin Xankəndinə getməsi məsələsi ilə bağlı mesaj verdi. Bu günlərdə isə erməni hərbi prokuroru növbəti belə bir təxribatçı səfər edib. Azərbaycan buna kəskin etirazını bildirib. Görünən odur ki, erməni tərəfi ciddi cəzalanandan sonra bundan nəticə çıxaracaq”.