Türkün birliyinə aparan 9-cu bəndi: “Dostluq” müqaviləsi... - Şərh

22 Yanvar 2021 23:14 (UTC+04:00)

Azərbaycanla Türkmənistan arasında “Dostluq” yatağının birgə işlənilməsinin əhəmiyyətini bir neçə prizmadan nəzərdən keçirmək olar. Bu təkcə iki dövlət arasında baş vermiş əhəmiyyətli iqtisadi hadisə deyil. Azərbaycanla Türkmənistan arasında müəyyən zaman mübahisəli məsələlər olub. Bu münasibətlərə uzun illər öz təsirini göstərib. Artıq iki ölkə arasında münasibətlərin yeni mərhələsi başlayıb. Bu münasibətlər hər iki ölkənin maraqlarına cavab verir. 2018-ci ildə Xəzərin hüquqi statusunun müəyyən olunmasından sonra iqtisadi əməkdaşlığın genişlənəcəyi gözlənilirdi. Bundan sonra Xəzər hövzəsi ökələrinin münasibətlərində yeni mərhələ başlayıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Onun fikrincə, türk dünyası arasında mənəvi bağların prinsipi nəzərə alınmalıdır: “Türk dünyası ilə iqtisadi əlaqələr siyasi münasibətlərin əsas hərəkətverici elementi olsa da, mənəvi bağlar xalqlar arasında istiqamətverici qüvvə olub. İlk növbədə türk dünyası ölkələri arasında münasibətlərə bu prizmadan yanaşılmalıdır. Azərbaycanın təşəbbüskarlığı ilə yeni əməkdaşlıq platforması haqqında danışılmağa başlayıb. 10 noyabr bəyanatında cənab Prezidentin iradəsi ilə yer almış 9-cu bənd türk dünyası arasında bağların güclənməsinə xidmət edir. Cənab Prezident strateji baxış sərgiləməklə türk dünyasının gələcək inkişafı üçün çox unikal əsaslar müəyyənləşdirib. Bu cür unikal inteqrasiyanın etibarlı əsaslarını cənab Prezident İlham Əliyevə qədər heç kim qoymamışdı”.

Deputat qeyd edib ki, Türkmənistanın Azərbaycanla əməkdaşlığa çox böyük ehtiyacı var: “Türkmənistan Azərbaycan üzərindən enerji daşıyıcıları vasitəsi ilə Avropa bazarlarına çıxacaq. “Dostluq” yatağının birgə işlənilməsi tərəflərin geoiqtisadi maraqlarına tam uyğundur. Avropanın enerji təhlükəsizliyində Azərbaycanla bərabər Türkmənistanın da yer alması münasibətlərə təsir edəcək. Paralel olaraq Azərbaycanın beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artacaq. Beynəlxalq münasibətlərdə Azərbaycan olduqca təsirli yerə malikdir. Cənab Prezidentin müdrik baxışları, strateji addımları ölkəmizin rolunu, təsirini davamlı olaraq artırıb. Avropanın enerji təhlükəsizliyinin təminatında yeni iştirakçıların cəlb olunması Azərbaycanla bağlıdır. Bu da ölkəmizin pozitiv imicinə təsir edəcək. Bununla yanaşı Azərbaycanın tranzit ölkə kimi əhəmiyyəti artacaq”.

Elşad Mirbəşiroğluna görə, “Dostluq” yatağı ilə bağlı razılaşma türk dünyasında yeni geoiqtisadi, siyasi konfiqurasiyanı şərtləndirəcək: “Bu prosesində mərkəzində Azərbaycan dövləti və onun Rəhbəri dayanır”.