Ermənistan müharibədə iki səbəbdən uduzdu - Alman alimdən şok sözlər

24 Yanvar 2021 00:17 (UTC+04:00)

Almaniyanın onlayn nəşrlərinin birində Potsdam Universitetinin İqtisadi nəzəriyyə kafedrasının professoru doktor Vilfrid Furmanın “Qafqazda sülh və əməkdaşlıq?” sərlövhəli məqaləsi yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, məqalənin müəllifinin fikrincə, sonuncu müharibə nəticəsində ATƏT-in Minsk qrupu öz əhəmiyyətini itirib və yeni format, yeni reallıq yaranıb, bu formatda Rusiyanın və Türkiyənin iştirakı labüddür.

Müharibədən sonra yaranmış vəziyyəti Cənubi Qafqazda “əbədi sülh”ə nail olmaq üçün tarixi şans adlandırmaq olar. Bu müharibə, faktiki olaraq, sərhədlərin beynəlxalq hüquqda “saat sıfırdakı”, yəni SSRİ-nin mövcudluğunun son illərindəki vəziyyətini bərpa edib. Çoxları bu müharibənin yekunlarını bir növ qəti nizamlama hesab edir, indi onu siyasi və institusional baxımdan hərtərəfli razılaşdırmaq lazımdır.

Professor Furman yazır ki, müharibənin qarşısını almayan və yəqin ki, bunu istəməyən Ermənistanın baş naziri Nikol Paşinyan özü-özünü çıxılmaz vəziyyətə salıb. Halbuki, əgər o, öz ölkəsi tərəfindən beynəlxalq hüququ pozmaqla işğal edilmiş Azərbaycan ərazilərinin qeyd-şərtsiz qaytarılmasını sentyabrın 27-də elan etsəydi, müharibənin qarşısı dərhal alına bilərdi. Sonradan, ilk atəşlərdən sonra da Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevin təklifini qəbul edərək, erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması qrafikini elan etsəydi, elə həmin anda atəş dayandırılardı. Amma Paşinyan bunu etmək əvəzinə beynəlxalq hüququ pozaraq və Azərbaycana müharibə elan edilmədən Azərbaycan şəhərlərini Ermənistan ərazisindən bombalamağa başladı, nəticədə insanlar həlak oldular və yaralandılar.

Müəllifin fikrincə, erməni tərəfi bunu qəsdən, Azərbaycanı bilavasitə Ermənistana atəş açmağa təhrik etmək və beləliklə, üçüncü qüvvələrin müharibəyə cəlb edilməsi üçün bəhanə tapmaq məqsədilə etmişdi. Görünür, Paşinyan özü də Ermənistan ordusunun üstünlüyü barədə öz həmvətənləri tərəfindən yaradılmış mifə uzun müddət inanır və bu millətçi illüziyalar aləmində yaşayırdı.

Ermənistan müharibədə, ilk növbədə, iki səbəbdən uduzdu: birincisi, reallıqla əlaqəni itirdiyinə görə, ikincisi, Azərbaycan Ordusunda mövcud olan ümumi motivasiya və Müzəffər Ali Baş Komandandan başlamış sıravi əsgərlərə qədər çox ciddi hərbi intizam səbəbindən. Azərbaycan 27 il, xüsusən Dağlıq Qarabağda onun xalqına qarşı törədilmiş soyqırımından sonra ümid edirdi ki, dünya birliyi beynəlxalq hüququn bərpa olunmasına kömək edəcək. Eyni zamanda, o, vaxtı hədər yerə itirmir, öz silahlı qüvvələrini yaradırdı.

Erməni siyasətçilər isə atəşkəs barədə qərarı çox gec qəbul etdilər, müəllifin fikrincə, vəziyyət erməni ordusunun tamam darmadağın edilməsi həddinə çatmışdı. O vaxt Ermənistan ordusunun maddi bazasının təqribən 80 faizi artıq məhv edilmişdi və bölmələrin çoxunun zəruri şəxsi heyəti yox idi. Erməni ordusunun Dağlıq Qarabağdakı və Ermənistandakı komandirləri kapitulyasiyadan xeyli əvvəl həyəcan təbili çalır, siyasi qərarlar qəbul olunmasını tələb edirdilər, amma erməni siyasətçilər (onların əksəriyyəti) özlərini çıxılmaz vəziyyətə salmaqda davam etdilər və fantaziyanı reallığa çevirə bilmədilər.

Furman maraqlı bir analogiya aparır: müharibə Ermənistanın işğal etdiyi, əhalisinin əksəriyyəti azərbaycanlılar olan şəhər və rayonların çoxundan (məsələn, Şuşadan) “yaxa qurtarmasına” kömək etdi. Bu yaşayış məntəqələri uzun illər boyu “Ermənistan” adlı dirijablı ağır bir yük kimi geri çəkirdi, nəhayət o, yerə çırpıldı.

Müəllif qeyd edir ki, Ermənistanda qisasa çağırışlar səslənir və bu şüarları səsləndirənlərin başçıları ruhanilərdir.

Aydın məsələdir ki, bütün dünya erməniləri Vətənə repatriasiya etməyəcəklər. Əvvələn, Ermənistanda və erməni diasporunun yaşadığı ölkələrdə iqtisadi potensial arasında fərq çox böyükdür. İkincisi, diasporun tarixi vətən barədə romantik təsəvvürləri respublikada mövcud olan reallıqdan çox güclü şəkildə fərqlənir. Qafqazda sülh prosesinin əsas problemi bundan ibarətdir. Ermənistanda yaşayan, məğlubiyyətin nə demək olduğunu görmüş insanlar bir cür, öz tarixi vətənlərini, onun möhtəşəmliyini tərifləməyə meyilli olan, dövlət büdcəsinin maliyyələşdirilməsi və investisiyalar üçün oraya pul göndərən, amma bu ölkənin nə dərəcədə korrupsiyaya qurşandığını bilməyən diaspor erməniləri isə tamam fərqli şəkildə düşünür və arzu edirlər. Professorun fikrincə, Cənubi Qafqazda sülh prosesi üçün ən böyük təhlükə məhz Ermənistanın ondan qələbələr tələb edən diaspordan asılı olmasıdır.

Ermənistan Respublikası beynəlxalq hüquqda müəyyən edilmiş sərhədləri tanımalı və Ermənistanın qədimliyi, böyüklüyü barədə siyasət uydurmamalıdır. Bəli, beynəlxalq hüquqda təyini-müqəddərat hüququ anlayışı mövcuddur, lakin dövlətin bu və ya digər regionunda etnik çoxluğun ayrılması hüququ yoxdur. Buna görə də qədim erməni məskənləri, erməni çarlıqları və ilaxır barədə biliklər tarixçilər üçün maraqlı və əhəmiyyətli ola bilər, lakin mövcud sərhədlərin dəyişdirilməsi, xüsusən silah gücünə dəyişdirilməsi cəhdləri üçün bu biliklər əsla yaramır. Ərazi bütövlüyü və təcavüzün qadağan edilməsi prinsipi də buna mane olur.

Ona görə də Ermənistanın indiki hökuməti, əlbəttə, əgər o, sülhə can atırsa, ekspansionist əhval-ruhiyyəli partiyaları və kilsəni inandırmalıdır ki, qisas almaq niyyətinin perspektivi yoxdur.

Professor sonda bu nəticəyə gəlir ki, Ermənistan cəmiyyətində siyasi konsensus olmasa, Qafqazda möhkəm sülhün bərqərar olması praktiki baxımdan qeyri-mümkündür.