Daha bir korona xəstəsinin məhkəməsi başlayır - Yeniləndi

27 Yanvar 2021 14:06 (UTC+04:00)

Hacıqabul rayonunda koronavirus xəstəsi olan daha bir şəxsin barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Əvəz İsmayılzadənin barəsində olan cinayət işi baxılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Həmid Əzizovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Hacıqabul rayon polis şöbəsinin (RPŞ) əməkdaşları ilə TƏBİB “Hacıqabul rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin həkim briqadası birgə COVID-19 virusuna yoluxan və evində müalicə alan şəxslərlə bağlı reyd keçirib.

Reyd zamanı koronavirus testinin nəticəsi pozitiv çıxan Həmidov küçəsi ev 76 ünvanında müalicə alan 1980-ci il təvəllüdlü Əviz İsmayılzadənin evində olmadığı aşkar edilib.

Koronavirus xəstəsi ilə əlaqə saxlanılıb və onun Astara rayonunda olduğu müəyyən edilib.

Karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı ünvanı tərk edən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb.

Onun barəsində Hacıqabul rayon polis şöbəsinin istintaq və təhqiqat bölməsində Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi başlanılıb.

***

13:53

Hacıqabul rayonunda barəsində cinayət işi başlanan Məleykə Qasımovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi araşdırılması üçün Hacıqabul rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Həmid Əzizovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, Hacıqabul rayon polis şöbəsinə testinin nəticəsi pozitiv çıxan COVID-19 virusuna yoluxmuş şəhər sakini Qasımova Məleykə Hasanbek qızı yaşadığı A.Abdullayev küçəsi, 81 ünvanını özbaşına tərk edərək aptek və şəhər bazarında olub.

Bu zaman adıçəkilən şəxs epidemiya, sanitar-gigiyena və ya karantin rejimi qaydalarını pozaraq COVID-19 virusunun digər şəxslərin yoluxmasına risklər yaradıb, sağlam şəxslərin həyatını real təhlükədə qoyub.

Toplanılan materiallar əsasında M.Qasımova barəsində cinayət məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi açılıb.